Əli Həsənov: ”Yürüdülən siyasətlə neft kapitalı insan kapitalına çevrildi”
“Azərbaycan hüquqi dövlətdir. Ölkədə insan hüquqları tam qorunur. Azərbaycanın sərvəti onun insanıdır. Yürüdülən siyasətlə neft kapitalı insan kapitalına çevrildi. Bunu hər kəs görür”.
Report.az-ın məlumatına görə, bunu Baş nazirin müavini Əli Həsənov deyib.
O qeyd edib ki, ən çox insan hüquqları Azərbaycan ərazisində pozulub:
“Amma bu, bizim tərəfimizdən pozulmayıb. Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunub. İnsanların hüquqları pozulub. Artıq Azərbaycan xalqının bir hissəsi 24 ildir məcburi köçkündür. Bu problem dövlətin diqqət mərkəzindədir. Bəzi dövlətlər, beynəlxalq təşkilatlar bu problemi dondurmağa çalışır. Biz buna yola verə bilmərik. Bir neçə beynəlxalq qurumlar Ermənistanı işğalçı dövlət kimi tanısa da, torpaqlar işğaldan azad edilmir. Nə üçün? Biz axı bütün beynəlxalq prinsiplərə əməl edirik. Biz heç vaxt deməmişik ki, bizdə korrupsiya faktları yoxdur. Bütün dövlətlərdə var. Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılır. Azərbaycanın bir sıra məsələlərdə öz modeli var”.
REAL sədrinin siyasi məsələlər üzrə müavini Azər Qasımlı Əli Həsənovun böyük dövlətlərin və beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemini dondurmaq istəyi barədə fikirlərində yanlışlıq görmədiyini söyləyir.
Azər Qasımlı Meydan TV-yə deyib ki, bu tendensiya həmsədr olan Amerikanın prosesdə qeyri-aktivliyindən irəli gəlir:
“Bu gün problemlə bağlı daha aktiv siyasəti Rusiya yürüdür, amma Kreml münaqişənin tezliklə həll olunmasına tələsmir və istəmir. Eyni zamanda, Suriya savaşı və Qərblə Rusiya arasındakı “soyuq müharibə” Qarabağ mövzusunu ikinci-üçüncü plana çəkib. Əslində, Qarabağ məsələsi həmişə ikinci planda olub, amma son dövrlər ABŞ başda olmaqla Qərblə Rusiya arasında dünyanın fərqli bölgələrindəki durumla bağlı aralarındakı problemlər Qarabağ məsələsini ikinci yox, üçüncü plana atıb. Buna görə danışıqlarda müəyyən süstlük yaranıb, Minsk Qrupunun həmsədrləri bölgəyə səfər etmir, cəbhə xəttində xüsusi monitorinqlər keçirmirlər”.
Azər Qasımlı hesab edir ki, Əli Həsənov konkret danışmalı, yəni hansı dövlətlərin münaqişənin dondurulmasında maraqlı olduğunu deməli idi:
“Əgər Baş nazirin müavini konkret danışmırsa, bunları deməyin məqsədi nədir, anlaşılmır. Kimə mesaj verir, Azərbaycan cəmiyyətinə, yoxsa xaricilərə? İkinciyə mesajdırsa, diplomatik kanallarla da edə bilərdi. Ancaq Azərbaycan ictimaiyyətinə yönəlibsə, hansı dövlətin münaqişənin dondurulmasında maraqlı olduğunu açıq desin”.
REAL sədrinin müavini Baş nazirin müavinin neft kapitalının insan kapitalına çevrilməsi, korrupsiyaya qarşı mübarizə aparılması barədə fikirlərini belə şərh edir:
“Cənab Həsənovun dedikləri absurddur. Son dövrlər deputatlar, nazirlər, hakimiyyəti dəstəkləyən müxtəlif partiyalar və YAP-çılar o qədər absurd fikirlər səsləndirirlər ki, izah etmək qeyri-mümkündür. Əgər neft insan kapitalına çevrilsəydi, bu gün bunu təhsilin səviyyəsində, texnologiyanın inkişafında və nəhayət, iqtisadiyyatın ümumi tərəqqisində görərdik. Yerli valyuta dəyərdən düşür, istehsalat yoxdur, iqtisadiyyatın tamamilə neftdən asılı durumu özünü açıq büruzə verir. Belə olanda insan kapitalından danışmaq gülüncdür”.