ReAL partiyasının məclis üzvü polisin qanuni tələbinə tabe olmamaqda ittiham olunur
ReAL partiyasının məclis üzvü Azər Qasımlı 30 sutkalıq həbs edilib.
Qərar Yasamal rayon məhkəməsi tərəfindən verilib.
A.Qasımlı polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilir. Bununla belə A.Qasımlının hansı şəraitdə polisin tələbinə əməl etməməsi məlum deyil.
***
“Səbəb Cümhuriyyət tədbiridir”
ReAL partiyası məclisin üzvü Azər Qasımlının polis tərəfindən dindirildiyini bəyan edib.
Partiyanınn “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşılan xəbərdə deyilir ki, Azər Qasımlı əvvəlcə Baş Prokurorluğa çağırılıb, sonradan Yasamal Rayon Polis İdarəsinə gətirilib.
“Hal-hazırda saat yarımdır polis idarəsindədir. Bunun dünənki Cümhurriyət tədbiri ilə əlaqədar olduğu şübhəsizdir”, – xəbərdə deyilir.
ReAL partiyası mayın 28-də Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyini qeyd etmək üçün Bakının İstiqlaliyyət küçəsində Cümhuriyyət banilərinə qoyulan abidəni kütləvi ziyarət etmək çağırışı edib. Çağırışa yüzlərlə insanın qoşulduğu bildirilib. Polis ilkin olaraq tədbirə mane olmaq istəsə də, sonradan ziyarətçiləri 2-3 nəfərlik qruplarla abidəyə yaxın buraxıb.