“Bu gün biz hökumətin belə bir strateji proqramı olub olmadığını deyə bilmərik”
2016-cı il üçün dövlət büdcəsi layihəsində gəlirlər 2013-cü ildə olduğundan 5 mlrd. manat az proqnozlaşdırılır ki, bu da büdcə xərclərinin ciddi şəkildə azalmasına səbəb olacaq. Bu barədə “Turan İA”-a “İqtisadi təşəbbüslərə yardım” QHT-nin rəhbəri Azər Mehdiyev bildirib.
Əsas ixtisarlar sənaye sahəsinə kapital qoyuluşuna toxunacaq, amma sosial sahədəki öhdəliklər qalacaq, hökumət belə vəd edir. Amma təəssüf ki, dövlət büdcəsi layihəsi nəinki ictimai müzakirəyə çıxarılmır, ekspertlərin belə iştirakı olmadan baxılır. Bu, ictimai maraqları kifayət qədər əks etdirməyə imkan vermir. Nəticədə, hökumət büdcəni öz istəklərinə uyğun hazırlayır, deyə Mehdiyev qeyd edib.
Azərbaycanın dövlət büdcəsi 2013-cü ildə pik nöqtəsinə çatıb, həmin vaxt büdcənin həcmi 19,5 mlrd. manat təşkil edib. Bundan sonra dövlət büdcəsi azalmağa başlayıb. Ekspert güman edir ki, 2015-ci il üçün müəyyən edilmiş proqnozlar belə böyük defisitlə yerinə yetiriləcək.
Mehdiyev məmurların 2016-cı ildə Azərbaycanda iqtisadi inkişafın davam edəcəyi haqqında nikbinliyini paylaşmır. İndiyə qədər iqtisadi fəallıq, dövlət investisiyaları neft satışından gəlirlər hesabına təmin edilirdi. Lakin indi iqtisadi inkişaf mənbəyi – neft amili azalır.
Belə ki, kapital qoyuluşuna cəmi 2,5 milyard ayrılacaq, bir halda ki, ötən il 7 mlrd. manat ayrılıb, deyə Mehdiyev qeyd edib.
Hökumət qlobal maliyyə-iqtisadi böhrana adekvat reaksiya verirmi?
Bu suala cavabda Mehdiyev bildirib ki, neft qiymətlərinin düşməsi hələ qlobal maliyyə böhranı başlaması demək deyil.
Doğrudur, neftin qiyməti maliyyə bazarlarına təsir edir. Belə ki, qiymətlərin artdığı dövrdə iqtisadiyyatın bəzi sahələrində “sabun köpüyü” formalaşmışdı. İndi bütün bunlar kəskin şəkildə azalır.
Eyni zamanda, neft qiymətlərinin düşməsi Avropa və ABŞ-da iqtisadi inkişafa şərait yaradır. Baxmayaraq ki, Azərbaycan üçün bu, əlbəttə ki, böhrandır.
Ötən ilin ortalarında neft qiymətləri düşməyə başladıqda hökumət adekvat mövqe tutmayıb. O, qiymətlərin düşməsinin uzunmüddətli olmayacağına, neftin yenidən bahalaşacağına ümid edirdi. Bundan başqa, hökumət neftin qiymətlərinin aşağı olduğu halda prioritetlərini müəyyən etməyib.
Azərbaycanda hər zaman Azərbaycan-2020 inkişaf konsepsiyasına istinad edirlər. Lakin bu, ümumi bəyannamədir, orada strategiya və problemlərin həlli yolları yoxdur. “Bu gün biz hökumətin belə bir strateji proqramı olub olmadığını deyə bilmərik”,- deyə ekspert bildirib.
Yeni devalvasiya ehtimalı haqqında suala cavabda Mehdiyev AMB və Maliyyə Nazirliyinin bu məsələyə yanaşmasının fərqli olduğuna diqqət çəkib.
Mərkəzi Bank manatın bir neçə il ərzində sabit qalacağını bəyan edirsə, Maliyyə Nazirliyi devalvasiyanın faydasından və bu addımı atmaq ehtimalından danışır.
Fevralda devalvasiya yalnız valyuta resurslarının sürətlə azalmasının qarşısını almaq məqsədi daşımırdı, dövlət büdcəsinin doldurulması zərurətindən irəli gəlirdi. Buna görə devalvasiya ölkədə iqtisadi vəziyyətlə: büdcə gəlirlərinin azalması, dövlət xərclərinin müəyyən səviyyədə saxlanması zərurəti ilə şərtlənə bilər.
ABŞ-ın ilin sonuna qədər uçot dərəcələrinə yenidən baxılması haqqında bəyanatını da nəzərə almaq lazımdır. Bu, baş verərsə, bunun ardınca Avropada da belə bir proses olacaq. Uçot dərəcələrin artırılması Azərbaycanda iqtisadi vəziyyətə də təzyiq göstərəcək.
Xarici və daxili amillər manatın hazırki məzənnəsinin saxlanmasının çətinliklərlə müşaiyət olunacağını düşünmək üçün əsas verir, ekspert belə hesab edir.
“Bu mənada manatın məzənnəsində dəyişikliklər qaçılmazdır. Lakin bunun hansı formada baş verəcəyi hökumətdən asılı olacaq. Bunu uzun müddət ərzində tədricən yumşaq devalvasiya şəklində etmək və ya yenidən kəskin devalvasiya həyata keçirməklə etmək olar”, deyə Mehdiyev qeyd edib.