”Heç bir ölkə özünün büdcə imkanlarını əsas gətirərək bu cür təbəqələrə xüsusi münasibət sərgiləmir”
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli oktyabrın 14-də keçirilən toplantıda həmkarları Aydın Mirzəzadə və Əflatun Amaşovun “şəhidlərə verilən birdəfəlik müavinətin miqdarı 10 dəfə artırılaraq 100 min manat olsun” təkliflərini qəbuledilməz hesab edib.
Deputat Hadı Rəcəbli bu barədə “modern.az”-a danışarkən bildirib ki, şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin artırılması barədə təkliflər ümumiləşdirilib müzakirə olunduqdan sonra baxıla bilər: “Müavinətin artırılması məsələsi dövlət büdcəsindən asılı olan məsələdir. Müavinətin müəyyən miqdarda artırılması hələ tam dəqiq deyil. Bunun arxasında maliyyə, pul da olmalıdır. 2017-ci il üçün təsdiq olunmuş dövlət büdcəsi son 5 ilin ən az büdcəsidir”.
Komitə sədri onu da vurğulayıb ki, şəhid ailələrinə deyilən qədər müavinət verilsə, o zaman Qarabağ əlilləri də müavinətlərinin artırılmasını istəyəcək. O cümlədən, başqa kateqoriyadan olanlar da, bu isə mümkün deyil”.
Deputatın fikirlərini Meydan TV-yə şərh edən iqtisadçı Azər Mehtiyev bildirib ki, burda söhbət müharibə iştirakçılarından gedir ki, insanlar onlara münasibətdən narahatlıq keçirməsinlər və doğrudan da, xüsusi bir statuslu insan olduqlarını bilsinlər: “Bu məsələ isə kompleks yanaşma və yaşayış səviyyəsinə uyğun addımlar atılmasını tələb edir. Heç bir ölkə özünün büdcə imkanlarını əsas gətirərək bu cür təbəqələrə xüsusi münasibət sərgiləmir. Qarabağ məsələsi ölkənin əsas problemi olduğundan, müharibədə iştirak edənlərə, şəhid olanlara və onların ailələlərinə çox ciddi münasibətə ehtiyac var. Bu siyasətin içində onların mənzillə, torpaqla təmin olunması, övladlarının təhsilinə yardım edilməsi var. Bunlar hamısı ciddi şəkildə işlənməlidir”.
Azər Mehtiyev hesab edir ki, problemin həllinə mütləq şəkildə model tapmaq imkanı var: “Azərbaycanın bu problemin həllinə potensial imkanları var və böyükdür. Əvvəla, sual qoyulmalıdır ki, niyə büdcə bugündədir. Ölkəyə milyardlarla neft dollarları gəldi, ancaq yenə də büdcə enerji resursları olmayan Gürcüstan büdcəsi səviyyəsinə düşüb. Ona görə də komitə sədri Rəcəblinin büdcənin imkanlarını səbəb gətirməsi doğru deyil”.