Azər Əsgərov: “Binadan 1 milyonluq əmlakımı aparıblar”

AXCP-nin yerləşdiyi binanın sahibi məhkəməyə müraciət edəcək

Source:


AXCP-nin yerləşdiyi binanın sahibi məhkəməyə müraciət edəcək

Martın 3-də AXCP-nin Nərimanov rayonunda yerləşən qərargahının zirzəmisində baş verən partlayışdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları baxış keçirib. Binanın qəzalı vəziyyətdə olduğuna dair akt hazırlanıb və qərargah sökülüb.

Aprelin 10-da “Media forum” saytına danışan mülk sahibi Azər Əsgərov deyib ki, bu günə qədər ona detallı araşdırma haqqında heç bir məlumat verilməyib: “Çünki araşdırma aparılmayıb. İki dəfə Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmişəm ki, mülkiyyətimi hansı səbəbdən sökmüsünüz, mənə cavab verin. Heç nə demirlər.

Məhkəmə qərarı olmadan nəinki mülkümə, içərisindəki əmlakıma da toxuna bilməzdilər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binaya baxış keçirib, zədəli olduğunu deyiblər. Nə yerli icra hakimiyyəti, nə Fövqəladə Hallar Nazirliyi sökülmə haqqında sənədi verir. Binanın zirzəmisində partlayış olsa da, mülkümə heç nə olmamışdı. Mediaya açıqlama verən müstəqil ekspertlər də binaya heç bir zərər toxunmadığını deyib. Sadəcə, Azərbaycan Xalq Cəbhəsi Partiyasını binadan çıxarmaq üçün qəsdən təcili söküntü işləri aparıblar”.

Azər Əsgərov deyib ki, o, əraziyə gələnə qədər artıq söküntüyə başlayıblarmış: “Mənim mülkiyyətimi sökməyə heç kəsin ixtiyarı yoxdur axı. Bu, şəxsi mülkiyyətdir. Konstitusiyada deyilir ki, mülkiyyət toxunulmazdır. Partlayış olub, mülkümə ziyan dəyibsə, gəlib baxmalı idim, təmir lazımdırsa, binanı öz pulumla təmir etməli idim. İndiyə qədər ölkədə nə qədər evlə bu cür ziyan dəyib, qaz partlayıb, yanğın olub, hansını söküblər?! Yanğın varsa, partlayış olubsa, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları söndürüb geri çəkilir. Dövlət mülk sahibinin yerini təmir etmir ki”.

Azər Əsgərov binanın içindən daşınan əmlakın da ona qaytarılmadığını deyib: “Binadan 1 milyonluq əmlakımı aparıblar. İndiyə qədər bir çöp belə mənə qaytarılmayıb. Mərhələ-mərhələ hər yerə şikayət edirəm: Nərimanov Rayon İcra Hakimiyyətinə, rayonun prokurorluğuna, Baş Prokurorluğa, Milli Təhlükəsizlik Nazirliyinə. Hələ heç bir qurumdan cavab verilməyib. Binanı partladacağıq, yandıracağıq, dağıdacağıq dedilər və etdilər. Məhkəməyə də müraciət edəcəyəm. Mən bunu özümə qarşı terror, quldurluq kimi qiymətləndirirəm. Əmlaka toxunmaq, onu partlatmaq terror, içərisini yarıb aparmaq quldurluqdur”.

Ana səhifəXəbərlərAzər Əsgərov: “Binadan 1 milyonluq əmlakımı aparıblar”