Azarkeşlər oyundan sonra yollarda qaldı

Bakı Nəqliyyat Agentliyi polisi, polis agentliyi günahlandırdı

Source:


Bakı Nəqliyyat Agentliyi polisi, polis agentliyi günahlandırdı

Sentyabrın 27-də “Qarabağ” – “Roma” qarşılaşmasını izləyən azarkeşlərin oyundan sonra daşınmasında problem yaranıb. Olimpiya Stadionundan çıxan tamaşaçılar zorla metronun “Koroğlu” stadionuna tərəf yönləndirilib və nəticədə yağış və izdiham adamların evlərinə rahat çatmasına mane olub. Avtobuslar metrostansiyalardan insanları daşıyarkən gecikiblər.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev isə deyir ki, buna səbəb polislərin yanlış olaraq insanları metroya istiqamətləndirməsi olub. Nəticədə azarkeşlər onlar üçün ayrılan avtobuslardan istifadə edə bilməyiblər.

Yaradılan polis qərargahının rəhbəri, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov “Qafqazinfo”-ya açıqlamasında bildirib ki, polis əməkdaşları insanları avtobuslar dayanan əraziyə yönləndirsə də, azarkeşlər özləri ora getmək istəməyib: “Bu, o demək deyil ki, polis insanları avtobusa minməyə qoymayıb. Onlar bizi necə ittiham edə bilərlər? Bakı Nəqliyyat Agentliyi belə deməklə böyük səhvə yol verir. Camaat avtobusa getmək istəmir, mən nə edə bilərdim? Yağış yağdığı üçün insanlar qısa yol axtarırdı, avtobuslara kimi olan məsafə isə uzaq idi. Avtobuslar oyun başlamadan öncə metrostansiyalardan insanları daşıyanda gecikiblər, camaat da buna görə qayıdanda avtobuslara minmədi”.

S.Bağırov bildirib ki, dünən azarkeşlərin idarə olunmasında təşkilatçılıq tək polisin üzərində idi: “Ola bilər kimsə əziyyət çəkdi, amma polis hamıdan çox əziyyət çəkdi. Polis qarşısına qoyulan tapşırığı tam yerinə yetirdi. Saat 11-də hamı dağılışıb getdi, yol polisi isə yol hərəkətinin təşkilini tənzimləmək üçün gecə saat  2 radələrinə kimi xidmət apardı”.

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”- “Roma” oyunu (1:2) Bakıda keçirilib.

Ana səhifəXəbərlərAzarkeşlər oyundan sonra yollarda qaldı