Aslan İsmayılov: “AZAL qəbul etdiyi qərarla öz vətəndaşlarını alçaldır, onları faktiki olaraq ikinci sort insan elan edir”
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıda keçiriləcək I Avropa Oyunlarında akkreditasiyadan keçmiş xarici ölkə vətəndaşları üçün xüsusi aksiyanın başlamasını elan edir.
AZAL-ın Mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, xarici ölkə vətəndaşları I Avropa Oyunlarına akkreditasiya buraxılışını (beyc) təqdim etməklə bu ilin sonunadək AZAL şirkətinin bütün reyslərinə biletləri 50 faiz endirimlə əldə edə biləcəklər.
Qonaqlar akkreditasiya vərəqələrini saxlayaraq yenidən Azərbaycana səfər edə biləcəklər.
Tanınmış vəkil Aslan İsmayılov “Azərbaycan Hava Yolları” QSC-in elanını öz Facebook səhifəsində belə izah edib: “Azərbaycanda turizmin inkişafına ən böyük əngəl “AZAL”-in bilet sahəsində olan monopoliyası və korrupsiyadır. Azərbaycandan bütün istiqamətlərə uçuş biletinin qiyməti qonşu Gürcüstan, Türkiyə, Ukrayna hətta bir çox Avropa ölkələrindən də qat-qat bahadır. Məhz bu hal turistlərin Azərbaycana gəlməsinin qarşısını alır və dövlətin milyardlarla manat vəsaiti hesabına qurulmuş turist məkanları boş qalır.
Vəkil bilet qiymətində olan endirimləri çox yaxşı hal hesab edib: “Ancaq “AZAL” rəhbərliyi yenə həm Azərbaycan, həm də beynəlxalq qanunları pozur. Qanunlar insanların vətəndaşlığından, dinindən, dilindən, irqindən asılı olmayaraq bərabər hüquqlara malik olduğunu bəyan edir. Bu prinsip çox az hallarda dövlətlər tərəfindən pozulur, o da ancaq öz vətəndaşlarının xeyrinə. “AZAL” rəhbərliyi isə qəbul etdiyi qərarla öz vətəndaşlarını alçaldır, onları faktiki olaraq ikinci sort insan elan edir”.