AZAL təyyarəsinin qəzasından 1 il ötdü: istintaq və kompensasiya hələ də açıq qalır

Foto: Reuters

Bu gün Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) aid sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğramasından 1 il ötür. Qəzada 38 nəfər həlak olub, 29 nəfərin həyatı isə xilas edilib.

Qəza 2024-cü il dekabrın 25-də AZAL-a məxsus “Embraer-190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı reysi zamanı baş verib. Təyyarə səhər saatlarında Bakıdan havaya qalxıb və Qroznıda enməli idi. Lakin hava şəraitinin əlverişsiz olması səbəbindən təyyarə bir neçə dəfə Qroznı hava limanına enməyə cəhd etsə də, buna nail ola bilməyib. Daha sonra ekipaj alternativ eniş yeri kimi Qazaxıstanın Aktau şəhərinə istiqamətlənib. Bir müddət sonra təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb.

Hadisədən dərhal sonra həm Azərbaycan, həm də Rusiya rəsmiləri başsağlığı açıqlamaları yayıblar. Prezident İlham Əliyev dekabrın 26-nı Azərbaycanda matəm günü elan edib. Qəza günü MDB dövlət başçılarının toplantısında iştirak etmək üçün Rusiyaya getməli olan Əliyev səfərini yarımçıq saxlayaraq geri dönüb və bu barədə Rusiya Prezidenti Vladimir Putini telefonla məlumatlandırıb.

Azərbaycan rəsmiləri qəzaya görə Rusiyanın məsuliyyət daşıdığını bildiriblər. Prezident İlham Əliyev hadisədən bir neçə gün sonra AZTV-yə müsahibəsində təyyarənin Rusiya tərəfindən vurulduğunu deyib və Moskvanın baş verənləri ört-basdır etməyə çalışdığını bildirib. Dekabrın 27-də AZAL qəzanın fiziki və texniki xarici müdaxilə nəticəsində baş verdiyini açıqlayıb. Rəsmi Bakı Rusiyadan məsuliyyətin etiraf olunmasını, günahkarların cəzalandırılmasını və kompensasiya ödənilməsini tələb edib.

Kreml isə dekabrın 28-də yaydığı açıqlamada təyyarənin Qroznı hava limanına dəfələrlə enməyə cəhd etdiyini bildirib. Həmin vaxt Qroznı, Mozdok və Vladiqafqaz şəhərlərinin Ukraynaya məxsus döyüş dronlarının hücumuna məruz qaldığı, Rusiya hava hücumundan müdafiə sistemlərinin bu hücumların qarşısını aldığı qeyd olunub.

Rusiya tərəfi uçuş təhlükəsizliyi və hava gəmisinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işi açıb. Azərbaycanda isə hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması və səhlənkarlıq nəticəsində iki və daha çox şəxsin ölümünə səbəb olma maddələri ilə istintaqa başlanılıb.

Qəza Qazaxıstan ərazisində baş verdiyi üçün araşdırmanı da bu ölkə aparır. Qazaxıstanın Nəqliyyat Nazirliyi fevralın 4-də qəza ilə bağlı ilkin hesabat yayıb. Hesabatda təyyarənin yerə çırpılmadan əvvəl xarici obyektlərin təsirinə məruz qaldığı bildirilib. Həmin gün “Reuters” agentliyi Azərbaycan hökumətindəki anonim mənbəyə istinadən təyyarənin Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi ilə vurulduğunu yazıb.

Hadisədən sonra Azərbaycan–Rusiya münasibətlərində müəyyən gərginlik yaranıb. Kreml əvvəlcə baş verənlərə görə üzrxahlıq etsə də, Bakının irəli sürdüyü tələblər uzun müddət yerinə yetirilməyib. Nəhayət, oktyabrın 9-da Düşənbədə keçirilən görüş zamanı Rusiya prezidenti Vladimir Putin təyyarənin Rusiya ərazisində vurulduğunu etiraf edib, günahkarların cəzalandırılacağını və kompensasiya ödəniləcəyini vəd edib.

Buna baxmayaraq, hadisədən bir il keçsə də, istintaq yekunlaşmayıb və kompensasiya məsələsi tam həll olunmayıb.

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Lenta.ru-ya açıqlamasında Bakının ötən ilin dekabrında baş vermiş faciə ilə bağlı araşdırmanın başa çatdırılmasını gözlədiyini və kompensasiyaların tezliklə ödəniləcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, hazırda ikitərəfli münasibətlərdə əsas məsələ təyyarə qəzası ilə bağlı bütün sualların tez və ədalətli şəkildə həll olunmasıdır.

“Ümid edirik ki, bu faciədə təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi və maliyyə kompensasiyalarının ödənilməsi ilə bağlı bütün məsələlər ölkələrimizi birləşdirən strateji tərəfdaşlıq və müttəfiqlik ruhuna uyğun olaraq ən qısa zamanda həll olunacaq. Oktyabrın 9-da Düşənbədə səsləndirilən bəyanatlar və əldə olunan razılaşmalar bu istiqamətdə mühüm addımdır”, – deyə Mustafayev vurğulayıb.

Ana səhifəSiyasətAZAL təyyarəsinin qəzasından 1 il ötdü: istintaq və kompensasiya hələ də açıq qalır