Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi texniki səbəbdən Sankt-Peterburq–Bakı marşrutu üzrə uçuşunu yarımçıq saxlayaraq geri dönüb.
Hadisə oktyabrın 20-də səhər saatlarında baş verib.

AZAL-dan verilən məlumata görə, J2-020 nömrəli reysi yerinə yetirən hava gəmisinin kapitanı uçuş zamanı şassidə yaranan texniki nasazlıq səbəbilə təhlükəsizlik məqsədilə Pulkovo hava limanına qayıtmaq qərarına gəlib.
Təhlükəsizlik prosedurlarına tam əməl olunaraq, ekipaj enişdən əvvəl yanacağın bir hissəsini sərf edib və zəruri tədbirləri həyata keçirib. Pulkovo hava limanında isə fövqəladə və xilasetmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo hava limanına enib. Eniş zamanı təyyarə uçuş-enmə zolağından cüzi kənara çıxsa da, hadisə zamanı xəsarət alan olmayıb. Göyərtədəki 155 sərnişin operativ şəkildə təxliyə edilib.
Sərnişinlərin Bakıya daşınması üçün AZAL tərəfindən əlavə təyyarə göndərilib.