Qazaxıstanın nəqliyyat nazirinin müavini deyib ki, danışıqların stenoqramı istintaqda iştirak edən bütün tərəflərdə var
Azərbaycanın Qazaxıstanda qəzaya uğrayan sərnişin təyyarəsinin araşdırmaları 2025-ci ilin dekabrında başa çata bilər.
Bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev məlumat verib.
“ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) beynəlxalq təcrübəsinə əsasən, hava qəzalarının araşdırılması bir il çəkir. İstintaq üzrə yekun hesabat bu ilin dekabrına qədər tamamlanmalıdır. Cinayət işi üzrə istintaqın gedişinə gəlincə, bunu şərh edə bilmərəm. Cinayət araşdırması artıq prokurorluğun səlahiyyətindədir. Bu məsələ ilə birbaşa məşğul olan əməliyyat-istintaq qrupu var” – Talqat Lastayev bildirib.
O əlavə edib ki, təyyarənin pilotları arasında aparılan danışıqların stenoqramı istintaqda iştirak edən bütün tərəflərdə – Braziliya, Qazaxıstan, Azərbaycan, Rusiya və ICAO ekspertlərində mövcuddur.
AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Hadisədən üç gün sonra Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə zəng edərək “Rusiya hava məkanında baş vermiş faciəvi insident”ə görə üzrxahlıq edib.
Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına (AZTV) müsahibəsində təyyarənin Rusiya tərəfindən vurulduğunu deyərək bir sıra ittihamlar səsləndirib.
O bildirib ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir.
2025-ci il fevralın 4-də Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer-190” təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair istintaqın ilkin nəticələrini açıqlayıb.
Hesabatda deyilir ki, Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsi yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb.
Ardınca “Reuters” Azərbaycan hökumətindəki anonim mənbəsinə istinadən məlumat yayaraq, təyyarənin Rusiyanın “Pantsir-S” raketi ilə vurulduğunu bildirib.
Kreml isə Qazaxıstanın qəza ilə bağlı ilkin hesabatını şərh etməyib, istintaqın tamamlanmasını gözləməyə çağırıb.