AZAL-ın qəzaya uğramış sərnişin təyyarəsinə görə sığortanın ödənildiyi deyilir

Foto: Anadolu agentliyi

“Ödəniş fevralda edilib”

AZAL-ın Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış sərnişin təyyarəsinə görə sığorta ödənilib.

Təyyarə Rusiyanın “Alfa Sığorta” şirkətində sığortalanıb.

Şirkətin aviasiya və kosmik sığorta üzrə baş direktor müavini İlya Kabaçnik bildirib ki, ödəniş fevralda edilib.

Onun sözlərinə görə, sərnişinlərə də dəyən zərərə görə hər nəfər üzrə 2 milyon rubl (təqribən 38 min manat) nəzərdə tutulub.

Sərnişinlərə dəyən zərərin hesablanması və aviaşirkətin məsuliyyət sığortası çərçivəsində zərərçəkənlərə və onların qanuni nümayəndələrinə ödənişlərin “Аlfa Sığorta” şirkəti tərəfindən yanvarda başladığı və hazırda davam etdiyi bildirilib.

Kabaçnik qeyd edib ki, AZAL-ın Bakı-Qroznı reysi ilə bağlı sərnişindaşıma prosesi Azərbaycan və Rusiyanın iştirakçısı olduğu 1999-cu il Monreal Konvensiyası ilə tənzimlənir. “Alfa Sığorta” ilə AZAL arasında bağlanan müqavilə Rusiyaya həyata keçirilən reyslərdə riskləri əhatə etdiyi üçün, ödənişlər həm də Rusiyanın 67-FZ saylı məcburi daşıyıcı məsuliyyəti haqqında qanununa əsasən nəzərdə tutulur.

AZAL aviaşirkətinə məxsus Embraer təyyarəsi 2024-cü il dekabrın 25-də qəzaya uğrayıb. Bakıdan Qroznıya uçan təyyarə iki uğursuz eniş cəhdindən sonra Aktauya yönəlib. Qazaxıstan hava limanına təxminən 5 km qalmış qəzaya uğrayıb.

Təyyarədə 67 nəfər olub (42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü Qırğızıstan vətəndaşı), onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc etdiyi ilkin araşdırma hesabatına görə, AZAL təyyarəsi yerə çırpılmadan öncə “xarici obyektlər” tərəfindən zədələnib, bunun nəticəsində hidravlik maye və ya təzyiq itkisi baş verib. Hesabatda, Qazaxıstan tərəfinin Embraer gövdəsində aşkar etdiyi yad cisimləri müəyyənləşdirdiyinə dair heç bir nəticənin olmadığı qeyd olunub.

Araşdırmalar davam edir. Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev daha əvvəl bildirmişdi ki, AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına dair yekun araşdırma hesabatı 2025-ci ilin dekabr ayında dərc oluna bilər.

AZAL aviaqəzadan iki gün sonra, dekabrın 26-da açıqlamışdı ki, təyyarə qəzasında xəsarət alanların hər birinə 20000 manat, vəfat edənlərinsə ailələrinə 40000 manat kompensasiya ödəyəcək.

Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.

Ana səhifəSosialAZAL-ın qəzaya uğramış sərnişin təyyarəsinə görə sığortanın ödənildiyi deyilir