Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvünün olduğu bildirilib
İstintaq prosesi başa çatana qədər AZAL-ın Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılır.
AZAL-dan bildirilib ki, digər istiqamətlərdə uçuşlar ştat rejimində cədvələ uyğun həyata keçirilir
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı keçirdiyi müşavirədə bildirib ki, hadisə ilə bağlı Baş nazir Əli Əsədovla danışıb, onun rəhbərliyi ilə komissiya yaradılıb.
“Eyni zamanda, Azərbaycan nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə ezam edilib. Əlavə göstəriş verilib ki, Azərbaycan həkimlərindən ibarət briqadalar da tezliklə Aktau şəhərinə ezam olunsun. Komissiyanın işi məsələni tam araşdırmaqdır, qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir”.
“Mənə verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş verib. Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və təbii olaraq Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq”, – Prezident deyib.
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Manqistau vilayətinin səhiyyə idarəsinin məlumatında deyilir ki, qəzadan bir neçə dəqiqə əvvəl AZAL-a məxsus təyyarənin göyərtəsində oksigen balonu partlayıb.
“Embraer-190” 2000-ci illərin əvvəllərində Braziliyanın eyniadlı təyyarə istehsalçısı tərəfindən hazırlanmış “Embraer” təyyarələri ailəsinə aiddir.
Təyyarə 3000-4000 km məsafədə 100-ə yaxın sərnişini daşımağa imkan verən xüsusiyyətlərə malikdir.
Prezident İlham Əliyev Azərbaycana döndükdən sonra təyyarə qəzası ilə bağlı təcili müşavirə keçirib.
Azərbaycan Baş Prokurorluğunun nümayəndəsi Kənan Zeynalovun AZAL-ın Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan təyyarəsi ilə bağlı brifinqdə dediyinə görə, hazırkı məlumata görə 32 nəfər sağdır, onların müalicəsi aparılır.
Qazaxıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, AZAL-ın Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan təyyarəsində sağ qalanların 14-ü Azərbaycan, 10-u Rusiya, 2-i Qırğızıstan vətəndaşıdır.
Sağ qalanlardan üçünün vətəndaşlığı müəyyən edilməyib.
Qazaxıstan FHN-in Operativ Qərargahının məlumatına görə, Aktauda qəzaya uğrayan təyyarədən sağ çıxan 29 nəfər xəstəxanaya çatdırılıb.
Azərbaycan Respublikasının Baş Prokurorluğunda Aktauda AZAL-a məxsus təyyarə qəzası ilə bağlı cinayət işi açılıb.
Baş prokurorluğun mətbuat xidmətindən verilən məlumatda qeyd edilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Cinayət işinin istintaqı ilə bağlı Baş Prokurorluqda yaradılmış istintaq qrupunun üzvləri Baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə Qazaxıstan Respublikasına ezam olunub. Habelə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iş üzrə müvafiq istintaq və digər zəruri prosessual hərəkətlərin icra olunması məqsədilə Qazaxıstan Respublikasının Baş Prokurorluğuna Beynəlxalq hüquqi yardım haqqında vəsatət göndərilib.
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradılıb.
Hava Yolları həmçinin Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısını açıqlayıb.
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan Azərbaycana geri qayıdıb.
Prezidentin Mətbuat Xidməti bununla bağlı məlumat yayıb.
“Sankt-Peterburqda keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib”, – məlumatda deyilir.
Təyyarədə olarkən Prezident tərəfindən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımı tapşırıqlar verib.
“Baş vermiş təyyarə qəzası ilə əlaqədar məsələlər dövlət başçısının nəzarəti altındadır”, – məlumatda bildirilir.
Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.
Onlar baş vermiş hadisəni araşdırmaq üçün Qazaxıstana göndəriliblər.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Dövlət Komissiyasının yaradıldığı bildirilir.
Bildirilir ki, komissiyaya Baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edəcək. Kanat Bozumbayevin hadisə yerinə yola düşdüyü də açıqlanıb.
Təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Aktauda qəzaya uğrayan təyyarədə 27 nəfər sağ qalıb.
Onların xəstəxanaya yerləşdirildiyi bildirilir. Xəsarət alanlardan 3 nəfərin uşaq olduğu deyilir.
Təyyarədə 16 Rusiya vətəndaşının olduğu bildirilir.
Məlumatı Qazaxıstanın Nəqliyyat Nazirliyi yayıb.
Bildirilib ki, ilkin məlumata görə, təyyarənin göyərtəsində 16 Rusiya, 37 Azərbaycan, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyi sağ qalanların sayının 25-ə çatdığını açıqlayıb.
Nazirlik onlardan 22 nəfərin xəstəxanaya çatdırıldığını bildirib.
AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.
Bu barədə AZAL məlumat yayıb.
Bildirilir ki, “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
AZAL-ın yaydığı məlumata görə, qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Sərnişinlər arasında uşaqlar olmayıb.
“Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir. Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir”, – qeyd olunub.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirib.
İlkin məlumatlara görə, təyyarə Aktau hava limanında uçuş-enmə zolağına yaxın sahəyə çırpılıb.
Qəzadan əvvəl təyyarə hava limanı üzərində dövrə vurub.