“Azadlıq”ın əməkdaşı: Elə bilirlər telefon nömrələrimi Əli Kərimliyə vermişəm

Jurnalistin sözlərinə görə, mülki geyimlilər Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları olub

Source: Архив


Təzəxan Mirələmlinin telefonunda internet xətti kəsilib

AXCP sədri Əli Kərimlinin evindən çıxarkən saxlanılan “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmli aprelin 17-də gecə saat 23 radələrində polis idarəsindən buraxılıb. Bu barədə Meydan TV-yə jurnalistin özü danışıb.

T.Mirələmli bildirib ki, aprelin 17-də axşam saat 18 radələrində saxlanılıb:

“Əli Kərimlidən son hadisələrlə bağlı (özünün və ailə üzvlərinin telefon və internet əlaqələrinin məhdudlaşdırılması) müsahibə almaq üçün onun yaşadığı evə getdim. Qısa görüşümüz zamanı bildirdi ki, bu gün artıq Meydan TV-yə bu barədə açıqlama verib. Oradan çıxanda 3 nəfər mülki geyimli şəxs məni maşına oturdub, ərazidən uzaqlaşdırdılar”.

Jurnalistin sözlərinə görə, mülki geyimlilər Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları olub:

“Maşında onların əllərindəki planşetdə mənim portal məlumatlarım olduğunu gördüm. Sonra hardansa xəbər gəldi və məni Xətai Rayon Polis İdarəsinə apardılar”.

T.Mirələmli deyir ki, orada onu idarənin İstintaq şöbəsinin rəisinə təhvil veriblər. Orada jurnalistə deyilib ki, barəsindəki cinayət işiylə əlaqədar tutub gətiriblər: “Guya zəng ediblər, amma mənimlə əlaqə yarada bilməyiblər. Halbuki, iki gün ərzində bu məsələ ilə əlaqədar mənə zəng gəlməyib. Beş saat orada saxlandım. Dedilər ki, guya izahatımda hansısa uyğunsuzluq olub. Bu barədə sual verdilər, mən də cavablandırdım”.

T.Mirələmli onu da əlavə edib ki, onun adına olan bütün mobil telefon nömrələrinin interneti kəsilib: “Elə bilirlər, nömrələri Əli Kərimliyə vermişəm…”

Baş verənlərə DİN-dən münasibət öyrənmək mümkün olmayıb.

Aprelin əvvəlində əsasən müxalifəti təhqir etməklə məşhurlaşan bloger Ata Abdullayevin şikayəti əsasında Təzəxan Mirələmliyə qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb.

Ana səhifəSiyasət“Azadlıq”ın əməkdaşı: Elə bilirlər telefon nömrələrimi Əli Kərimliyə vermişəm