Azadlıq Radiosunun əməkdaşları prokurorluğa çağırılıb (Yenilənir)

Hazırda jurnalist Çingiz Sultansoy Yasalam Rayon Prokurorluğundadır

Source:


Hazırda jurnalist Çingiz Sultansoy Yasamal Rayon Prokurorluğundadır


14:22-

İstintaqa çağırılan Azadlıq Radiosunun əməkdaşı Kamran Mahmudov prokurorluqdan çıxıb. O Meydan TV-yə deyib ki, müstəntiq QHT-lərlə bağlı açılmış cinayət işinə görə növbəti dəfə onu sorğu-sual edib və Azadlıq Radiosu ilə bağlı dindirib. K.Mahmudov iltizama qol çəkdiyinə görə dindirilmə ilə bağlı sualları cavablandıra bilməyəcəyini qeyd edib.

Jurnalist deyib ki, bu gün səhər saatlarında sahə müvəkkili onu məcburən dindirməyə aparıb. ” Sahə müvəkkili məni ayaqyalın, yataq paltarında dindirməyə apardı. Bu barədə müstəntiqə iradımı bildirdim. Onlar da təəccübləndi ki, məni bu vəziyyətdə gətiriblər”-jurnalist bildirib.

Kamran Mahmudov Azadlıq radiosunda veriliş müəllifidir.


________________________________________________________________________________________________


13:44

– Azadlıq Radiosu əməkdaşlarının prokurorluğa çağırılması ilə bağlı məlumat yayıb. Məlumatda deyilir :

Dekabrın 27 və 28-də  Azadlıq Radiosunun Bakı Bürosunun demək olar ki, bütün əməkaşlarının  mənzilinə polis gəlib. Əldə olunan məlumata görə polisə  nəyin bahasına olursa-olsun, Azadlıq Radiosunun jurnalistlərini prokurorluğa gətirmək əmri verilib. Baxmayaraq ki, Azadlıq Radiosunun bütün jurnalistləri dekabırın 29-da vəkillə birlikdə prokurorluğa gəlməyə razı olmuşdular.

Bu səhər Azadlıq Radiosunun əməkdaşı Kamran Mahmudovu zorla öz mənzilindən aparıblar, onu hətta ayaqqabılarını və üst geyimini geyinməyə qoymayıblar. Onun həyat yoldaşı Lətifə Mahmuova Azadlıq Radiosuna telefonla deyib ki, səhər saatlarında 2 polis zabiti gəlib, onlar qonşularla maraqlandıqlarını desələr də, zorla mənzilə giriblər, qorxuya düşüb, ağlayan uşaqlarının gözü qabağında Kamranı həbs ediblər. Kamran Mahmudov dindirilmək üçün Yasamal rayon prokurorluğuna aparılıb.

Bu səhər Azadlıq Radiosunun Bakı bürosunun xidmətçisi Mətanət Abdinova da polis məntəqsinə aparılıb, sonradan onu istintaqa aparıblar.

Azadlıq Radiosunun digər iki əməkdaşı Cingiz Sultansoy və Vüsalə Mehdiyeva da həmçinin yerli polis məntəqəsinə aparılıb, sonra onları prokurorluğa aparıblar.

Azadlıq radiosunun 10-a yaxın əməkdaşı hal-hazırda prokurorluqda dindirilir. Radionun vəkili Yalçın İmanov prokurorluq tərəfindən dərhal jurnalistlərin müdafiəsindən kənərlaşdırılıb.  Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində vəkilə bildiriblər ki, o işdən kənarlaşdırılır və şahid qismində ifadə verməlidir.  Radionun əməkdaşları faktiki olaraq vəkilsiz qalıblar.

Dekabırın 28-də, Azadliq Radiosunun Prezidenti və Baş Redaktoru Nenad Pejic  radionun jurnalistlərinə qarşı aparılan hücumları mənəvi terror kimiqiymətləndirib.

__________________________________________________________________________________________________________

Dekabrın 28-də səhər saatlarında Azadlıq Radiosunun əməkdaşlarının mənzilləri polis basqınına məruz qalıb. Bu barədə “Facebook” səhifəsində xəbər paylaşan jurnalist Əfqan Muxtarlı bildirib ki, polis səhər tezdən jurnalist, rus xidmətinin rəhbəri Çingiz Sultansoyu, İşdən Sonra verilişinin prodüssoru Kamran Mahmudovu, jurnalist Vüsalə Əlibəyli ve radionun xadiməsi Mətanət xanımın evinə basqın edərək onları idarəyə aparıb.

Bildirildiyinə görə, onlara polisə çağrılmaq haqqında heç bir sənəd göstərilməyib.

Hazırda jurnalist Çingiz Sultansoy Yasamal Rayon Prokurorluğundadır.

Bu gün istirahət günü olsa da, hüquq-mühafizə orqanlarının bu əməliyyatı qanunvericiliyin hansı maddəsinə əsasən həyata keçirildiyi açıqlanmayıb.

Ana səhifəXəbərlərAzadlıq Radiosunun əməkdaşları prokurorluğa çağırılıb (Yenilənir)