Azadlıq Radiosunun Bakı Bürosunun ofisi möhürləndi (VİDEO)


17.20.

Prokurorluq işçiləri Azadlıq Radiosunun Bakıdakı ofisində axtarış işlərini başa vurub ofisin qapısını möhürləyirlər. Müstəntiq Sənan Paşayev möhürlənmə qərarını, aktın sürətini radionun təmsilçilərinə verməkdən imtina edir. Vəkil Yalçın İmanov bildirir ki, müstəntiq mühafizə üçün polis əməkdaşlarını çağırıb. Yəqin ki, qapılar möhürləndikdən sonra polisə təhvil veriləcək.

Müstəntiq yalnız onu bildirib ki, ola bilsin növbəti istintaq hərəkətləri üçün ofisə baş çəkəcəklər.


15.50.

Prokurorluq orqanlarının əməkdaşları Azadlıq Radiosunun Bakı Bürosunda seyfi sındıraraq oradan radionun sənədlərini, möhür və blanklarını götürüblər. Bundan başqa ofisdən radioya məxsus yaddaş kartları, server kompyuteri, 2 notebook, fotoaparatlar və videokameralar müsadirə edilib.

Azadliq Radiosu xəbərdarlıq edir ki, radionun adından yayılan hər hansı sənəd və məktubun saxta olmaq ehtimalı var.


13.57. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, “Azadlıq” radiosunun Bakı bürosunda aparılan axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır.


Vəkil Yalçın İmanovun təkidindən sonra axtarışda iki radio əməkdaşının da iştirakı qoşulub

Dekabrın 26-da təxminən saat 10.30 radələrində Baş prokurorluğun əməkdaşları AzadlıqRadiosunun Bakı bürosunda axtarışa başlayıblar.

Axtarış haqda məhkəmə qərarı təqdim olunub. Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilmir.

Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri iştirak edir. Vəkil Yalçın İmanovun təkidindən sonra axtarışda iki radio əməkdaşının da iştirakı qoşulub.

“Azadlıq” radiosunun Bakı ofisində aparılan axtarış-götürmə əməliyyatının Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlı olduğu bildirilir.

azadliq.org

Ana səhifəVideoAzadlıq Radiosunun Bakı Bürosunun ofisi möhürləndi (VİDEO)