Azadlıq qəzeti və Meydan Tv-yə qarşı məhkəmə başladı (VİDEO)

12 fevralda Yasamal rayon Məhkəməsində 12 saylı seçki məntəqəsinin üzvlərinin “Azadlıq” qəzeti, “Meydan TV” və televiziyanın əməkdaşı Cavid Abdullayevə qarşı qaldırdıqları iddiaya baxılıb.  İddiaçılar məhkəməyə gəlməyiblər. Hazırlıq iclasında jurnalistin nümayəndəsi Xalid Bağırov Meydan TV-nin cavabdehlər sırasından çıxarılmasını istəyib. O deyib ki, televiziya qapadılıb və onun hüquqi nümayəndəsi yoxdur. Hər iki nümayəndə iddia tələbini qəbul etməyiblər. Xalid Bağırov isə iddia ilə bağlı məhkəmə baxışına etiraz edib. Hakim Zəfər Quliyev məhkəmə baxışını davam etdirməyə qərar verib və televiziya ilə bağlı məsələni araşdıracaqlarını deyib.

“Azadlıq” qəzetinin nümayəndəsi Namizəd Səfərov bildirib ki, Mərkəzi Seçki Komissiyası iddiaçı olan məntəqə üzvlərini buraxıb və onların nəticələrini ləğv edib. Onun fikrincə, komissiya üzvləri cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

12 saylı seçki məntəqəsinin 6 nəfər komissiya üzvü hər iki kütləvi informasiya vasitəsini onların şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirməkdə ittiham edir. Komissiya üzvləri 5 min manat təzminat və təkzib tələb edirlər.

23 dekabrda 12 saylı seçki məntəqəsində Meydan TV-nin əməkdaşı Cavid Abdullayev çəkiliş aparıb. Çəkiliş zamanı o, seçki qutusuna topa bülleten atan qadını görüntüləyib və məntəqə üzvü Əfruz Hacıyevadan baş verənlərə aydınlıq gətirməsini istəyib. Amma komissiya üzvləri jurnalistə hücum edərək onu məntəqədən qovublar.

Ana səhifəVideoAzadlıq qəzeti və Meydan Tv-yə qarşı məhkəmə başladı (VİDEO)