Gürcüstan İctimaiyyətlə Əlaqələr İnstitutunda (GIPA) jurnalistika və media menecmenti üzrə magistr proqramı müvəqqəti olaraq dayandırılıb. Universitet rəhbərliyi yeni format üzərində işlədiklərini bildirir.
Bu xəbər yalnız gürcüləri deyil, azərbaycanlı və erməni tələbələri də maraqlandırır. Çünki artıq 20 ildən çoxdur fəaliyyət göstərən proqram, münaqişə yaşamış iki ölkənin jurnalistlərini bir araya gətirən, Qafqazda sülhün və demokratik dəyərlərin təşviqinə çalışan platformalardan biri kimi tanınır. Tələbələr və məzunlar proqramın əhəmiyyətini məhz bu cür dəyərləndirir.
Qısa tarixçə
GİPA Qafqaz Jurnalistika və Media İdarəetmə Məktəbinin jurnalistika və media menecmenti üzrə magistratura proqramı 2001-ci ildə yaradılıb, ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. Hər il Azərbaycan və Ermənistandan seçilən 5 nəfər jurnalist ölkə səfirliklərinin təqaüdü ilə 2 il ərzində jurnalistika üzrə magistr təhsili ala bilirlər.
Lakin bu il səfirlik hər zamankı kimi GİPA-ya tələbə qəbulu elan etmədi, çünki Proqramın 24-cü ilində Amerika Prezidenti Donald Trampın xarici maliyyəni müvəqqəti dayandırmaq qərarı ilə azərbaycanlı və erməni tələbələrin də təqaüdü bir müddətlik dayandırıldı. Amerikanın Azərbaycandakı səfirliyi 3 ay sonra təqaüdləri bərpa etsə də, ermənistanlı tələbələr üçün universitet öz şəxsi təşəbbüsüylə donor axtarışına çıxdı. Hazırda hər iki ölkənin tələbələri də təqaüdlə təmin olunurlar. Amma bu, tədris ilinin sonunadək davam edəcək.
““Xarici agent” damğası daşımaq istəmirik”
Universitet rəhbərliyi maliyyənin dayandırılmasından dərhal sonra proqramın davam etməsi üçün alternativlər axtarmağa başladıqlarını deyirlər. GIPA rəsmilərinin sözlərinə görə, hazırda proqramın gələcəyi ilə bağlı dəqiq qərar verilməyib, sadəcə bəzi alternativlər tapılıb və indi üçün müsbət cavablar əldə edilib.
“Maliyyə dəstəyi olmadan bu proqramı davam etdirmək çox çətindir, çünki GIPA və Gürcüstanın təqaüd üçün kifayət qədər maliyyəsi yoxdur. Biz iki alternativ yol tapdıq: Erasmus və Horizon proqramları. Hər iki proqram Gürcüstan qanunvericiliyinə əsasən, problemsizdir. İndiki siyasi və hüquqi vəziyyət göstərir ki, başqa maliyyə mənbələri gələcəkdə riskli ola bilər. Biz də GIPA olaraq “xarici agent” damğası daşımaq istəmirik, tələbələrimizin də belə bir risklə üzləşməsini istəmirik”, – GİPA-nın Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin dekanı Nino İvanaşvili bunları deyir.
O həmçinin əlavə edir ki, yeni proqramda mövcud müəllim heyəti və oxşar fənlər saxlanacaq. Fərq yalnız maliyyə mənbəsində olacaq, əsas dəstək isə Erasmus proqramından gözlənilir:
“Planımız belədir ki, ən azı iki Avropa, iki Gürcüstan və regiondan, məsələn, Ermənistandan iki universitetlə birgə işləyəcəyik. Bu universitetlər birlikdə bir konsorsium yaradacaq və ortaq bir proqram üzərində razılaşacağıq. Əgər siz GIPA-ya qəbul olunursunuzsa, təhsilin bir hissəsini misal olaraq deyirəm, Belçika, Yunanıstan və ya Portuqaliyada keçəcəksiniz. Nəticədə, bütün bu universitetlərin diplomunu ala biləcəksiniz. Təbii ki, bunun üçün əvvəlcə kurikulum üzərində ciddi iş görməliyik. Əgər hər şey yaxşı getsə, fevralda müraciət edəcəyik, iyunda cavab gələcək və bundan sonra proqramı hazırlamağa başlayacağıq. Yəni təxminən iki ilə bu proqram tam hazır olacaq”.
Dekanın yuxarıda “xarici agent” sözünü xüsusilə vurğulaması boş yerə deyil, belə ki, bu ilin mayından Gürcüstanda qüvvəyə minən “Xarici Agentlərin Qeydiyyatı Haqqında” Qanuna (FARA) əsasən xaricdən maliyyə alan QHT-lər, media, elmi və dini qurumlar belə “xarici agent” elan oluna bilər. Beynəlxalq təşkilatlar qanunu repressiv adlandıraraq ləğvini tələb edir, onun Gürcüstanın demokratik dəyərlərini zədələdiyini bildirirlər.
Çox uzağa getməyək, elə Azərbaycanın özündə də hökumətyanlı medialar GİPA-nın adını tez-tez “Qərbin beyinyuma mərkəzi” kimi hallandırır.
“İstəsəniz də, istəməsəniz də, naftalindir: daha qaçış yoxdur”
Məzunlar isə belə düşünmür, əksinə, GİPA-nı Amerikanın Qafqazdakı ən uğurlu layihələrindən biri hesab edirlər. Proqramın dayanacağı xəbəri yayılanda GİPA-nın keçmiş məzunları universitetlə bağlı xoş xatirələrini paylaşmışdı.
Onlardan biri, yazıçı Cavid Ramazanov öz Feysbuk hesabında yazırdı:
“Mən GIPA məzunuyam. Nə qədər gözəl müəllimdən dərs almışam orda. GIPA-nın hesabına Kiyevdə staj proqramı keçmişəm, ABŞ-də peşəkar mübadilə proqramında iştirak etmişəm. Vaşinqtonun bölgədə ən uğurlu layihələrindən biri idi, təəssüf, Tramp kökünə balta çaldı. Bu qara xəbər çıxan gün bizimkilər də himə bənd imiş kimi “Erasmus” proqramına müraciətləri dayandırdılar. Kasıbın yaxşı oxuyan uşağı “Erasmus”un hesabına Avropada təhsil ala bilirdi axı, gördülər dünya qarışıb, tez aradan qaldırdılar. İndidən belə yeni nəsil qaldı Azərbaycan Dövlət Naftalin Universitetinin ümidinə. “İstəsəniz də, istəməsəniz də, naftalindir, – deyirlər: daha qaçışınız yoxdur”.
Həmin postun rəy bölməsində daha bir GİPA məzunu, jurnalist Ülviyyə Şahinsə bunları bölüşüb:
“GIPA-nın verdiyi fürsət sayəsində Norveçdə (media sahəsində dünyada birinci sırada olan ölkə) Qlobal Jurnalistika fakültəsində də təhsil aldım. GIPA-da dərs deyən mükəmməl müəllimlərdən hələ yazmıram. Jurnalistikanın bütün incəliklərini GIPA-nın hesabına öyrəndim. Azərbaycanı idarə edən indiki hökumətə GIPA-da təhsil alan jurnalistlər sərf etmir və heç vaxt da etməyəcək”.
“Azadlıq, müstəqillik olmayan yerdə nə jurnalistika?!”
Proqramın məzunlarından olan, hazırda jurnalist kimi çalışan Aytən Fərhadova deyir, təqaüd proqramının tamamən dayandırılması Azərbaycan mediası üçün ciddi itki olardı.
“Azərbaycan universitetləri sadəcə hökumət sifarişilə yazacaq jurnalistlər yetişdirir. GİPA isə beynəlxalq jurnalistikanı, beynəlxalq təcrübəni öyrədir. Burda sən “jurnalist əslində kimdir?” “necə olmalıdır?” suallarının gerçək cavabını ala bilirsən”.
Aytən danışır ki, GİPA-nı akademik təhsilini tamamlamaq üçün seçib. Həm də o dönəm müstəqil mediada çalışan jurnalist kimi təhlükədə olduğundan Azərbaycanı tərk edib, Gürcüstana köçmüşdü:
“GİPA mənə yaxşı əlaqələr qazandırdı, tanışlıqlar verdi, ayaqda durmağı öyrətdi. Azərbaycandan məcbur çıxmışdım, Tbilisidə yaşayırdım. Aldığım təqaüdlə həm kirayə, həm də gündəlik xərclərimi qarşılaya bildim”.
Jurnalist bundan əvvəl Bakı Dövlət Universitetinin jurnalistika fakültəsindən məzun olub. O, iki universiteti müqayisə edərək deyir:
“BDU-da jurnalistika ilə bağlı konkret heç nə öyrənmədim. Üçüncü kursdan işləməyə başladım, “Ekspress” qəzetində işləyirdim, tez-tez “Azadlıq” qəzetinin redaksiyasına gedib redaktorlardan öyrənməyə çalışırdım. O vaxt xəbər yazmağı belə bilmirdim. Sonra Niderland Jurnalistika Məktəbi adlanan Bakı Jurnalistika Məktəbinə qatıldım. Bilmirəm, bəlkə, BDU-da vəziyyət indi dəyişib, amma azadlıq, müstəqillik olmayan yerdə nə jurnalistika?! Sənin mövzun və limitin öncədən bəllidir. Əgər sənə sola getməlisən deyirlərsə, sən heç cür sağa addım ata bilməzsən”.
“GİPA azərbaycanlı jurnalistlər üçün dünyaya açılan bir qapı idi”
Hazırda GİPA-da təhsil alan Cavid Əhmədov da proqramın üstünlüklərindən danışır. Deyir, GİPA sıfırdan başlayanlar üçün də, işində peşəkarlaşmaq istəyənlər üçün də doğru yerdir. Cavidin sözlərinə görə, GİPA tələbələrinə təqaüdlə yanaşı, Erasmus+ proqramı çərçivəsində Avropa ölkələrində təhsil almaq, ABŞ və Avropada keçirilən təlimlərdə iştirak etmək imkanı da yaradır. Tez-tez xaricdən tanınmış media mütəxəssisləri dərslərə qatılır, seminarlar keçirir.
“GİPA azərbaycanlı jurnalistlər üçün dünyaya açılan bir qapıdır. Universitet xaricdə kifayət qədər tanınır və media sahəsində karyera qurmaq üçün əsl tramplindir. Həm də xaricdə təhsil almaq hər azərbaycanlı gənc üçün əlçatan deyil. Təhsil haqqı və yaşayış xərcləri birlikdə böyük yükdür. Bu baxımdan GİPA-nın verdiyi təqaüd həm Azərbaycan, həm də Gürcüstan standartlarına görə yüksəkdir. Rəhbərlik açıq deyirdi ki, bu təqaüdün məqsədi yalnız dərslərimizə fokuslanmağımızdır”.
Azərbaycanda qərəzsiz jurnalistikaya yer qaldımı?
Amma bu gün bəlkə də, əsas məsələ GİPA-nın davam edib-etməməsi deyil, bu proqramın təbliğ etdiyi jurnalistika dəyərlərinin artıq Azərbaycanda işləyib-işləyə bilməməsidir.
Çünki 2023-cü ildən etibarən Azərbaycanda bir-birinin ardınca müstəqil mediaların qapılarına qıfıl vuruldu, 30-a yaxın jurnalist həbs olundu. Jurnalistlərin, siyasətçilərin, aktivistlərin həbsi o qədər çoxalmışdı ki, az qala hər gün azərbaycanlılar “daha bir həbs” xəbərilə günə başlayırdılar.
Jurnalistlərin həbsi o qədər təxmin olunan hadisə idi ki, bəziləri saxlanmazdan öncə “Azadlıqdan son məktublar”ını da yazmağa başlamışdılar. Ölkədə fəaliyyət göstərən BBC, Reuters, Amerikanın səsi və s. kimi beynəlxaq mediaların fəaliyyəti ya məhdudlaşdırıldı, ya tamam dayandırıldı. Həbs təhlükəsi hiss edən jurnalistlər ölkədən birdəfəlik çıxmağı gözə alıb, sürgün həyatını seçdilər. Yerdə qalanlar işsizliklə sınanmağa və ya jurnalistikanı tərk edib, tamam yeni sahələrə keçməyə başladılar. Bax beləcə, Azərbaycanda müstəqil media yavaş-yavaş yox, elə birdən-birə sıradan çıxarıldı.
Azərbaycan isə dünyada mətbuat azadlığı indeksində pillə-pillə geriləyirdi. Ölkənin adı hazırda qeyri-azad ölkələr sırasında Sudan, Əfqanıstan, Myanma ilə yanaşı çəkilir.
Belə olan halda qərəzsizliyi, obyektivliyi, jurnalist prisipiallığını seçən jurnalistlər Azərbaycanda necə davam edə bilərlər ki?
Aytən Fərhadovanın fikrincə, ən çətin sual da elə budur:
“2023-cü ildən Azərbaycanda müstəqil düşünən, sərbəst hərəkət edən azad jurnalistikanın qaydaları qalmayıb. Bu vəziyyət hələ davam edəcək. Mən düşünmürəm ki, mövcud siyasi sistemdə azad jurnalistikaya və GİPA-nı bitirən peşəkar jurnalistlərə ehtiyac olacaq.”
GİPA rəhbərliyi də hazırda Azərbaycan mediasında baş verən proseslərdən narahat olduqlarını bildirir, amma bir qədər də optimist yanaşırlar.
“Bəli, Azərbaycanlı məzunlarımız peşəkar jurnalistikanı öyrənirlər, amma ölkəyə qayıdanda işləməyə yer tapmırlar, çünki ölkədə azad media demək olar ki, yoxdur. Bəziləri ölkədən kənarda işləməyə məcbur qalırlar. Bu çox ağır reallıqdır. Amma vacib olan budur ki, bu insanlar artıq peşəkarlığı qanlarında daşıyırlar. Hətta bəziləri hökumətə yaxın media qurumlarında işləsələr belə, daha az qərəzli və daha keyfiyyətli iş görürlər. Bu da fərq yaradır”.
GİPA Multimedia Jurnalistikası və Media Menecmenti Magistr Proqramının rəhbəri Nino Maxviladze yekun statistikanı da nəzərə çatdırır. Bildirir ki, proqramdan təxminən 500 nəfər məzun olub. Onlardan 100-120 nəfəri azərbaycanlı, eyni sayda da erməni tələbələrdir. Maxviladzedin sözlərinə görə, Azərbaycanlı və erməni tələbələrdən bəziləri hələ də əməkdaşlığı davam etdirir, birgə layihələr həyata keçirir, hətta ortaq media platformaları qururlar.
“Biz həm də illər ərzində müxtəlif təlimlər, seminarlar, gənclər üçün müxtəlif proqramlar həyata keçirmişik. Gürcüstan, Azərbaycan, Ermənistanın müxtəlif bölgələrindən gələn gənclər bu təlimlərdə iştirak ediblər. Ən qürurlu və dəyərli yanı da odur ki, məhz GİPA-nın tələbələri, məzunları həmin gənclərin hazırlanmasına dəstək olub, bölgələrdə yaşayan gənclərin yoluna işıq tutublar”, – Nino Maxviladze deyir, sonda isə proqramın davam edəcəyinə və Qafqazda yenə sülh və demokratiya üçün çalışacaqlarına ümidli olduğunu söyləyir.