''Azadlıq deyil, məhz qadın azadlığı qıcıq yaradır''

Gülnarə Mehdiyeva

Gülnarə Mehdiyeva

Feminist aktivist Gülnarə Mehdiyeva: ''Bərabərlik bizə xeyirli olduğu üçün yox, haqqımız çatdığı üçün lazımdır''

Hər il noyabrın 25-dən başlayaraq Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə günlüyü qeyd olunur. 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə kimi davam edən kampaniyanın qlobal məqsədi bütün dünyadakı dövlət və qeyri-dövlət qurumlarını, əhalinin və ayrı-ayrı fərdləri bütün mümkün vasitələrlə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarına son qoyulması üçün tədbirlər görməyə çağırmaqdır. 

Son aylarda Azərbaycanda bir neçə qadına şiddət halının ictimailəşdirilməsi cəmiyyətdə qadın azadlığı, bərabərlik kimi mövzuların müzakirəsinə yol açdı. Qadın azadılığı niyə vacibdir, burda cəmiyyəti qıcıqlandıran nədir, bərabərlik niyə vacibdir, qadın haqları məsələsində inkişaf mümkündümü, o, necə baş tuta bilər – son ayların aktual müzakirələrindən doğan suallardır. Meydan TV-nin suallarını isə feminist aktivist Gülnarə Mehdiyeva cavablandırır.

- Gülnarə, ondan başlayaq ki, qadın haqlarının bizdə indiki vəziyyətini Sovet dövrü ilə müqayisə etsək, nə görürük?

- Söhbət əməkçi qadınlardan gedirsə, Sovet dövründə qadınların işləməsinə, sosial həyata cəlb olunmasına təşviq böyük idi. Qadın məşğulluğu prioritet məsələlərdən biri idi. Lakin məqsəd təbii ki, qadınların şəxsi inkişafı deyil, iqtisadi mənafelər, məhsuldarlığın artırılması və s. olub. Qadına əməkçi obrazı ilə yanaşı evdarlıq və bütün məişət qayğıları da yüklənirdi. Yəni qadına ikiqat yük şamil olunurdu. Bugünkü cəmiyyətdə qadınların işləməsi üçün motivasiya ruhu yoxdur. Həmçinin, qadının ailədə itaətkar rolunu dəstəkləyən ideyalardan biri də dindir və Sovet dövründə dini institutlar boğulurdu. Sovet dövrü hakimiyyətində necə ki, bütün əsas qüvvələr kişilərin əlində cəmləşmişdi, hazırki dövrdə də bu hal fərqlənmir. Məişət zorakılığına gəlincə isə, bildiyim qədərilə, Sovet dövründə bu hal barədə daima susmağa üstünlük verilib. Məişət zorakılığı ilə bağlı ciddi statistika və araşdırmalar da Sovet dövründə olmayıb. Bu tip mövzular son dövrlərdə aktuallaşıb.

- Bu gün qadın haqları ölkə gündəmində bəlkə də ən son problem olaraq müzakirə edilir. Bərabərlik və azaqlıq sözləri insanları qıcıqlandırır. “Azadlıq” sözü az qala “əxlaqsızlıq” sözünün sinonimi hesab edilir. Bəs sizin fikrinizcə, bərabərlik anlayışını təkcə qadına deyil, hər kəsə sərf edən, xeyirli bir anlayış kimi təqdim etmək mümkündürmü?

- Ümumilikdə bərabərlik və azadlıq sözləri deyil, məhz qadınların bərabərliyi, qadın azadlığı ifadələri insanlarda qıcıq oyadır. Patriarxal dominantlıqdan bəhrələnən kişilər isə bu dominantlığı əldən buraxmamaq üçün əllərindən gələni edəcəklər. Təəssüf ki, o cür fikirləşən qadınlar da az deyil. Bu da daxili mizoginiyadan irəli gəlir. Qadın düşünür ki, onun və başqa qadınların azadlığı kişilərin xoşuna gələn hal deyil. Azad qadın əxlaqsız damğasını ala bilər. Özünün onlardan, yəni “əxlaqsızlardan” olmadığını göstərmək üçün əlindən gələni etməlidir. Cəmiyyətin bəyəndiyi qadınlardan olmaq üçün azadlığı qınamaq şərt olur.
Bərabərliyin xeyirli anlayış olmasına gəlincə, əslində mən bərabərliyi kiməsə xeyir verməsi baxımından nəzərdən keçirmirəm. Mənim bərabərliyim məhz insan olduğum üçün mütləqdir. Digərlərinə xeyir verə biləcək bir şey olduğu üçün yox. Lakin xeyirli tərəfləri axtarmaq şərtdirsə, bunları qeyd edə bilərəm: bu yaxınlarda dünya inkişafı haqqında Dünya Bankının məruzəsini oxudum. Orda deyilir ki, qadınlar və kişilər arasında təhsilin əlçatanlığı, yüksək əməkhaqqı, müəyyən peşələrə yiyələnmə məsələlərində bərabərlik əldə olunarsa, bu, ölkənin iqtisadi, sosial inkişafına ciddi töhfə verər. Qadınların peşə seçimlərinə ailə müdaxiləsi, onların iş imkanlarının məhdudlaşdırılması nəticəsində onların istedadları və bacarıqları qeyri-rasional istifadə olunur. Bu da ölkədə iqtisadi geriliyə yol açır. Təhsilsiz qadınların övladlarına qayğı imkanları aşağı düşür. Zorakılığın olduğu ailələrdə böyüyən övlad əgər qızdırsa, gələcəkdə öz partnyoru tərəfindən zorakılığa məruz qalma ehtimalı artır, oğlandırsa, özünün zorakıya çevrilmə riski yaranır. Bu məsələlər haqda çox danışmaq olar. Lakin hesab edirəm ki, biz fayda verdiyimiz üçün yox, haqqımız çatdığı üçün bərabər olmalıyıq.

- Məlumdur ki, qadınların evdə, ailədə diskriminasiyaya, bəzən şiddətə, təhqirlərə dözməsinin səbəbi maddi müstəqilliyin olmamasıdır. Qadın düşünür ki, mən ayrılsam, işləyib özümü saxlamalı olsam, səhərlər qarda-şaxtada işə getməliyəm, işdə yad adamlara tabe olmalıyam. Bütün bunlardansa, evdə oturum, bir adama tabe olum, maddi təminatımı da bu yolla həll edim. Hələ bunun üstünə cəmiyyətdə hörmətli hesab edilən “evli qadın” statusu da var. Yəni maddi müstəqil olmaq sərf eləmir qadına ilk baxışdan. Sizcə, bu vəziyyətdən çıxış yolu nədədir? İşləyən qadın, müstəqil qadın obrazını cazibədar etmək üçün hansı addımlar atılmalıdır?

- Əksər Azərbaycan ailələrində əmək bölgüsü yoxdur. Qadınlar bilir ki, evlənib işləsələr belə, yenə səhər işə getməzdən əvvəl və axşam işdən sonra ev işlərinin yükü yenə onun üzərində olacaq. Odur ki, iki yük götürmək əvəzinə, birini seçməli olurlar. İşləyən qadın obrazını cazibədar etmək üçün ölkədəki iqtisadi vəziyyət dəyişməlidir. Əməkhaqqı artmalı, qadınların vəzifədə yüksəlməsi üçün süni əngəllər aradan qalxmalıdır. Uğurlu iş qadını modelləri çox olmalıdır. Mən hesab etmirəm ki, qadın ayrıldıqdan sonra stabil və yaxşı gəlirli işinin olacağına əmin olsa, yenə də şiddətə, təhqirlərə dözməyi seçə bilər. Bir problem də odur ki, ayrılmaq istəyən qadınların çoxunun gedəcək yeri yoxdur. Ya ailə qəbul etmir, ya da ailə qəbul etsə belə, fiziki cəhətdən onların yanına sığınmaq çətin olur. Demək ki, qadın kirayə evdə yaşamalıdır. Lakin hazırda həm kirayəni, həm də gündəlik ehtiyacları qarşılayacaq əməkhaqqı ilə iş tapmaq çox çətindir. İş tapmaq bacarığı olan qadınların isə zorakı kişi ilə davamlı yaşayışdan sonra özgüvənləri xeyli dərəcədə aşağı düşür. Onlarda öz gücünə inamsızlıq yaranır. Odur ki, mövcud şəraiti dəyişməyə çətinlik çəkirlər.

- Uzun zamandır sizin qadın qruplarında aktiv olduğunuzu görürük, əsasən stereotiplərə qarşı çıxır, qadınların öz hüquqlarını rahat qoruması üçün faydalı ola biləcək məsləhətlər verirsiniz. Siz o qruplardakı fikrilərinizin, məsləhətlərinizin effektini görə bilirisinizmi?

- Bəzən daxili etiraz hissi olan insanlar bir nəfərin etiraza başlamasını
gözləyir. Bu, təkcə qadınlar qrupu üçün deyil, bütün cəmiyyət üçün, oflayn hadisələr üçün də keçərlidir. Əgər bir qrupda müəyyən stereotip fikir yazılırsa, başqaları da o fikri dəstəkləyirsə, artıq “kütlənin fikri” formalaşır. O yazıları oxuyanlar da hamının məhz bu fikirdə olduğunu düşünüb ona uyğun hərəkət etməyə çalışır. Lakin bir əks fikir özü ilə başqa əks fikirləri də cəlb edir. Mövqeləri ən azından iki cəbhəyə ayırır, nümayiş etdirir ki, həmin stereotiplər mütləq həqiqət deyil. Onun əksini dəstəkləyən başqa insanlar da var. Bu da fikrimcə, oxuculara təsir edir.
Hüquqi məsləhətlərə gəlincə, ümid edirəm ki, onların bir faydası olur. Sosial şəbəkələrdə nəticəni izləmək bir qədər çətindir.

- Sosial şəbəkələr internet informasiyanı, ünsiyyəti daha rahat, əlçatan etdi. Bunun qadınların inkişafında, öz hüquqlarını qorumaqda onlara bir yardımı olurmu?

- Ölkəmizdə sosial şəbəkələr populyar olsa da, yalnız axır bir neçə ildə onların məhz hüquqi maariflənmə üçün istifadə olunduğunu görə bilirik. İnformasiya əlçatandır. Lakin hansı dillərdə? Əksər elmi məlumatlar ingilis və rus dilindədir. Yalnız son dövrlərdə gənc təşəbbüs qruplarının internetdən məhz inkişaf və hüquq müdafiəsi üçün vasitə kimi istifadə etdiklərini görə bilirik. Fikrimcə, bu cür tədbirlərin nəticələri dərhal deyil, bir neçə il sonra nəzərə çarpacaq. Bir şey dəqiqdir ki, sosial şəbəkələrdə konkret problemləri ictimailəşdirmə qadınların öz hüquqlarını qorumasında, müttəfiqlər tapmaqda yaxşı alətə çevrilir.

- Yeni, lap yeni nəsil, o nəsil ki, az qala gözünü açandan internet, sosial şəbəkə, mobil telefon görüb, dünyada baş verən prosesləri izləyir, onlarla yaşlı nəsil arasında məhz öz hüquqlarını bilmək, qorumaq, tələb etmək məsələsində bir fərq müşahidə edirsizmi?

- Bizim yaşlı nəslin əksər nümayəndələri sanki “azacıq aşım, ağrımaz başım”, “məndən keçdi, qardaşıma dəydi, elə bildim saman çuvalına dəydi”, “ağrımayan başımıza dəsmal bağlamayaq” məsəllərinin canlı təcəssümləridir. Onların əksəriyyəti informasiyanı internetdən deyil, televizordan əldə edir. Harda ki, xəbərlərin böyük hissəsi ələnir və izləyici əksər hadisələrdən bixəbər qalır. Sosial şəbəkələr isə bizi hətta istəmədiyimiz şeylər haqqında da məlumatlandırır, bizi müəyyən təbliğatın, tədbirlərin ağuşuna atır. Bir də baxırıq ki, bir qadının, bir LGBT fərdinin və ya başqa zərərçəkənin hüquqlarından danışırıq, bir yaralı heyvana yardım edirik, əlilliyi olanlar üçün bir kampaniyanın içindəyik, bir ekoloji aksiyaya qoşulmuşuq və s. Bizi az da olsa biganəlik mövqeyindən çıxarır.

- Son olaraq, sualım, sizcə, ölkədə qadın haqlarının pis vəziyyətdə olması, demokratik institutların zəifləməsi ilə bağlamaq olarmı?

- Əgər söhbət qadın məsələlərindən gedirsə, ölkədə demokratik institutlar zəifləsə də, biz digitalizasiya dövründə daima informasiya qəbul edirik. Avropa və ABŞ gündəmi bizim də gündəmimizə təsir edir. Məsələn, "gender" son vaxtlar hətta dəbə düşmüş bir termindir. Necə ki, Avroviziyada queer fərdin qalibiyyəti, ABŞ-da eynicinsli nikahların qanuni elan edilməsi ölkəmizdə də LGBT mövzusunu aktuallaşdırır, tabu olmaqdan çıxarır. Düzdür, reaksiyalar neqativdir, lakin mövzu özü danışılan hala gəlir. Qeyri-formal təhsil təşkilatları, ayrı-ayrı gənc təşəbbüs qrupları gender, feminizm, LGBTQ məsələlərini öz layihələrində diqqətdən kənarda qoymur. Gənc araşdırmaçılar gender bərabərliyi mövzularını daha çox üstünlük verir. Sosial şəbəkələr müxtəlif kampaniyalar başlatmağa, ideyalar yaymağa münbit şərait yaradır. Bu tərəfdən yanaşdıqda, inkişaf qarşısıalınmaz görünür.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/x4khrk

Ən çox baxılan