Azad İsazadə: İntihar şəxslərin ”belə yaşaya bilmərəm” etirazıdır

“İstənilən şəxs depressiya zamanı intihara əl ata bilir”

Foto: Azad İsazadənin şəxsi arxivindən
Azad İsazadə
Azad İsazadə


“İstənilən şəxs depressiya zamanı intihara əl ata bilir”

Son bir neçə ayda mediada intihar xəbərlərinin sayı artıb. Təkcə 2017-ci ilin ilk 2 həftəsində 19 intihar hadisəsi qeydə alınmışdı. Əvvəlki illərdə də intihar xəbərlərini tez-tez oxuyurduq.

Son iki ayda isə daha çox psixoloq, müəllim, yazıçı, idmançı və s. sosial şəbəkələrdən tanıdığımız, rastlaşdığımız insanların intiharları ilə yadda qaldı.

Ekspertlər bunu iqtisadi durumun ağırlığı, sosial problemlərin çoxluğu ilə əlaqəndirirlər. İntiharların artmasında medianı günahlandıranlar da var.

Aysel İsgəndərli
Aysel İsgəndərli

Psixoloq Aysel İsgəndərli deyir ki, düzdür, son zamanlar intihar edən şəxslər arasında müəllim, psixoloq, yazar, hətta müəssisə müdirləri də var. Ancaq intihar tutulan vəzifəyə, peşəyə, görülən işə baxmır. İndividual xarakter daşıyır:

“İstənilən peşənin sahibi yaşadığı ağır depressiya, inamsızlıq və ya psixi sarsıntı dönəmində intihara əl ata bilir”.

Aysel İsgəndərli deyir ki, son baş verən intiharlar ciddi tədbirlərə ehtiyac olduğunu göstərir. Psixoloqun, müəllimin, yazarın intiharı cəmiyyətdə buna meylliliyi artıra bilər:

“Odur ki, dövlət işi nəzarətə almalı, ciddi tədbirlər görməlidir. Media da bu kimi olayları işıqlandıranda maksimum diqqətli və həssas olmalıdır”.

“İntiharların və qətllərin artması cəmiyyətdəki təcavüzkarlıq hisslərinin özünü göstərməsidir”, – psixoloq Azad İsazadə son vaxtlar mediada əksini tapan qətl və intiharlarla bağlı xəbərləri “Turan”-a şərh edərkən belə deyib. O, bunu fakt olaraq diqqətə almağın lazım olduğunu deyib:

“İntiharlar aqressiyanı şəxsin özünə döndərməsi halıdır. Əslində bu, insanların “mən belə yaşaya bilmərəm” etirazıdır. Eləcə də son vaxtlar baş verən qətllər bunu göstərir”.

Azad İsazadə belə halları tam aradan qaldırmağın mümkün olmadığını deyir:

“Amma psixoloji təsirlərlə onun sayını azaltmaq və ya minimuma endirmək olar. Bunun üçün bu intiharları araşdıran mərkəzin qurulması vacibdir. Belə bir mərkəz olarsa, həm dürüst statsitika əldə edilər, bu halların səbəbləri araşdırılar, həm də bunu minimuma endirmək yolları tapılar. Üstəlik, müəssisələrdə psixoloji yardım mexanizmini işə salmaq lazımdır. Firkimcə, bu təxirəsalınmaz məsələdir”.

İqtisadçı Natiq Cəfərliyə görə, intiharların artmasında sosial və iqtisadi problemlərin təsiri böyükdür. O, hökumətin bu yöndə ciddi addımlar atmadığını deyir:

“Hökumət vətəndaş cəmiyyəti ilə birgə intiharların qarşısını almaq üçün təcili tədbirlər görməlidir”.

Daxili İşlər Nazirliyi 2016-cı ilin intiharlarla bağlı statistikasını açıqlayıb. Hesabata görə, Cinayət Məcəlləsinin “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə 500 cinayət işi başlanıb. Zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub.

Ana səhifəXəbərlərAzad İsazadə: İntihar şəxslərin ”belə yaşaya bilmərəm” etirazıdır