“Pəhriz və dərmanın olmaması Leyla Yunusun vəziyyətini ağırlaşdıra bilər, hətta komaya düşə bilər”
Şəkərli diabetin kəskin formasından əziyyət çəkən hüquq müdafiəçisi Leyla Yunusun uzun müddət həbsdə saxlanması və pəhriz yeməkləri, dərmanla təmin edilməməsi ağır nəticələrə səbəb ola bilər.
Həkim Azad İsazadə “Turan İA”-ın müxbiri ilə söhbətində təcridxanada hüquq müdafiəçisi üçün yemək qəbulundan imtina ilə bağlı bildirib.
Penitensiar xidmət bunu onunla izah edir ki, yalnız yaxın qohumlar yemək və dərman gətirə bilər. L.Yunusa dərmanı həyat yoldaşı Arif Yunus aparırdı. Arif Yunus isə avqustun 5-də həbs olunub.
“Şəkər xəstələri təmiz havada və daim hərəkətdə olmalıdırlar. Təcridxanada bunlar yoxdur. Pəhriz və dərmanın olmaması L.Yunusun vəziyyətini ağırlaşdıra bilər, hətta komaya düşə bilər. Əgər xəstə dərman qəbul edirsə, lakin xüsusi qidanı yemirsə bu, qanda şəkərin kəskin artmasına ya da azalmasına səbəb ola bilər ki, hər ikisi eyni dərəcədə təhlükəlidir” – Azad İsazadə belə deyib.
Onun sözlərinə görə, L.Yunusla bağlı ən optimal vəziyyət onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi olardı, çünki o, heç bir ictimai təhlükə doğurmur. Əgər bu, mümkün deyilsə, onun yaxın dostlarının yemək və dərman gətirməsi üçün şərait yaradılmalıdır.
Həkim avqustun 8-də Baş Prokurora müvafiq xahişlə müraciət etdiyini bildirib: “Arif Yunusun vəziyyətinə gəlincə, o da həyəcan doğurur. Son həftələr iki dəfə hipertonik böhran keçirib, sol əlində iflicin yüngül formasının əlaməti var. A.Yunus küçədə həbs olunub, çox güman ki, üzərində dərmanı olmayıb”.
A.İsazadənin sözlərinə görə, hipertoniya xəstələri qan təzyiqinə daim nəzarət etməli, müntəzəm dərman qəbul etməlidirlər.