Azad Həsənov azad edildi

Azad Həsənov haqda 6 aylıq sınaq müddəti seçilib.

Source: meydan tv
Azadlığa buraxılan siyasi məhbusun evindən reportaj


Müsavat Partiyasının üzvü 1 il şərti cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsi avqustun 5-də Müsavat Partiyasının üzvü Azad Həsənov haqda hökm çıxarıb. Hakim İradə Həsənzadənin sədrlik etdiyi prosesdə Azad Həsənov 1 il müddətinə azadlıqdan məhrum edilib. Müsavatçı barəsində həmçinin Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti) tədbiq edilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Azad Həsənov haqda 6 aylıq sınaq müddəti seçilib.

Prokuror 1,6 ay həbs cəzası istəmişdi. Vəkil Osman Kazımov apelyasiya şikayəti verəcəklərini bildirib.

Məhkəmənin hökmündən əvvəl vəkil Osman Kazımov çıxış edib. O, prokurorun dediklərinə etirazını bildirib. Deyib ki, Azadın üzərində ümumiyyətlə, narkotik olmayıb, onu tutub polis idarəsinə gətirəndə maşından düşürərkən cibinə polislər qoyub. Etirafedici ifadəyə gəlincə, vəkil bildirib ki, Azad o ifadəyə işgəncə hədəsi altında imza atıb: “Əvvəl imzalamayıb. Ona deyiblər ki, “döyülmədən imzalamasan, onsuz da döyüləndən sonra imzalayacaqsan, özünə yazığın gəlsin”.

Vəkil polislərin ifadələrindəki ziddiyyətlərdən, istintaqdakı ifadələrin nöqtə-vergülünə qədər bir-birinin eynisi olmasından da danışıb.

“Bu gün prokuror vətəndən didərgin düşmüş, xərçəng xəstəsi olan atasıyla vidalaşmağa gəlmiş bir insana – ata sədaqətinə, vicdana cəza istədi. Dövlət ittihamçısı günahsız, şərə hədəf olmuş bir insana cəza istədu. Bununla həm də özünü vicdan əzabına düçar elədi. Azad Həsənov saxlandığı andan bu günə qədər onun azadlığına qəsd olan qanunsuzluqlara yol verilib. Cinayət işinin materialları bir-birini təkzib edən sənədlərdən, yalanlardan, saxtakarlıqlardan ibarətdir. Azadı saxlayıb Bakı Şəhər Baş Polis İdarəsinə gətirəndən sonra bir neçə saat gözləyiblər. Çünki onunla bağlı qəti qərar olmayıb. Axşam qərar veriləndən sonra rəsmiləşmə işi başlanıb”, – deyə O.Kazımov bildirib.

Vəkil çıxışının sonunda məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.

A.Həsənov özü də deyib ki, axşam saat 18.00 radələrində Bakı şəhər Baş Polis İdarəsinə gətirilsə də, gecə saat 23.00-a qədər onunla narkotik haqda heç nə danışılmayıb: “Ancaq soruşurdular ki, niyə gəlmisən? Kim deyib ki, gələsən?”

Müsavatçı fəal son sözündə siyasi baxışlarına görə sifarişlə şərləndiyini söyləyib.

“Bəraət mənim haqqımdır”, – deyə son sözündə bildirib.

İradə Həsənzadə, Azər Paşayev və Həsən Əhmədovdan ibarət hakimlər kollegiyası bəraət hökmü çıxarmayıb. Onlar A.Həsənovu narkotik saxlamaqda təqsirli bilsələr də, prokurorun təklif etdiyi kimi, ittihamı 234.4.3 maddəsindən 234.4.1 maddəsinə tövsif edib, 1 il şərti cəza veriblər. Bu 1 ilin də iki aydan bir qədər çox olan çəkilməmiş hissəsi sınaq müddəti təyin edilib.

Məhkəmədən sonra vəkil O.Kazımov bildirib ki, hökmdən apelyasiya şikayəti veriləcək.

67672369_2389867117967558_543443663661826048_n.jpg
Azad Həsənovun məhkəməsindən sonra müsavatçılar
Ana səhifəXəbərlərAzad Həsənov azad edildi