Azad Həsənov aclığı dayandırmayacağını deyib

İsa Qəmbərlə Arif Hacılı müsavatçıya aclığı dayandırmağı tövsiyə edib

Source:


İsa Qəmbərlə Arif Hacılı müsavatçıya aclığı dayandırmağı tövsiyə edib

2014-cü ildən siyasi mühacir statusuyla yaşadığı Litvadan ağır xəstə olan atasını görmək üçün ötən il oktyabrın 10-da Bakıya gələn və dərhal da həbs olunan müsavatçı fəal Azad Həsənov səkkizinci gündür ki, Bakı İstintaq Təcridxanasında aclığı davam etdirir. İyulun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində A.Həsənovun işinə baxılarkən özü də bunu təsdiqləyib.

A.Hüseynovun məhkəməsini izləmək üçün gələnlər – Milli Şuranın sədri Cəmil Həsənli, Müsavat Partiyasının keçmiş və indiki başqanları – İsa Qəmbərlə Arif Hacılı və digər ictimai-siyasi fəallar ona aclığı dayandırmağı tövsiyə ediblər. Lakin A.Həsənov imtina edib, bildirib ki, ona qarşı qanunsuzluq, ədalətsizlik davam edir, hələ də böhtanla həbsdə saxlanılır.

Hakim İradə Həsənzadənin sədrliyilə keçirilən məhkəmə iclası qısa çəkib. Bir həftə öncəki məhkəmədə A.Həsənovun vəkili Osman Kazımov Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” qərarı əsasında müvəkkilinin haqqındakı cinayət işinə xitam verilməsi, onun dərhal azad edilməsi barədə vəsatət qaldırmışdı. Həmin qərarda Avropa Məhkəməsi saxlanılan şəxsin üzərinə hadisə yerində yox, xeyli uzağa aparılıb baxış keçirilməsini qanun pozuntusu kimi qiymətləndirib. Bu işdə də A.Həsənov Hövsan qəsəbəsində saxlandığı halda, polislər onu Bakı şəhər Baş Polis İdarəsinə gətirib, orada baxış keçiriblər.

Vəkil O.Kazımov A.Həsənovun işi ilə əlaqədar məhkəmənin Bakı Şəhər Baş Polis İdarəsinə göndərdiyi sorğunun nəticəsilə maraqlanıb. Hakim bildirib ki, hələ də cavab gəlməyib.

O.Kazımov sorğu göndərilməsi haqda vəsatətin mayın 7-də təmin olunduğunu xatırladıb. Bildirib ki, üç ay ərzində polis idarəsinin məhkəmənin sorğusuna cavab verməməsi məhkəməni saymaması anlamına gəlir.

Vəkil hakimlərə məlumat verib ki, iyulun 29-u həm də A.Həsənovun doğum günüdür: “Bu gün Azərbaycanın azadlığı, demokratikləşməsi, ölkədə insan haqlarının qorunması uğrunda mübarizə aparan Azad Həsənovun doğum günüdür. Eyni zamanda, Azərbaycanın müstəqillik aktına imza atmış, istiqlalçı deputat Məryəm Həsənovanın ölümünün bir ili tamam olur. Baxmayaraq ki, Məryəm xanım əzab-əziyyətli ömür yaşadı, amma heç kimin qarşısında əyilmədi, sınmadı. O, bir nümunədir…”

A.Həsənovun məhkəməsi avqustun 5-də davam etdiriləcək.

“Burada keçirilən prosesin məhkəmə yox, oyun olduğu bu gün bir daha aydın oldu. Məhkəmə neçə həftədir polis idarəsindən sorğuya cavab ala bilmir. Yəni polis məhkəməni saymır. Amma nəzərə almaq lazımdır ki, bu ölkədə hakimiyyətin özü monopoliyadadır. Hüquq-mühafizə orqanları, məhkəmələr eyni adamların nəzarətindədir. Sadəcə, deməyə sözləri yoxdur deyə, cavab verə bilmirlər”, – İsa Qəmbər məhkəmədən sonra jurnalistlərə açıqlamasında belə deyib.

Vəkil O.Kazımov müvəkkilinin keçirdiyi aclıq aksiyası barədə sualı cavablandırarkən bildirib ki, A.Həsənov bu barədə Bakı İstintaq Təcridxanasının rəhbərliyinə ərizə təqdim edib. Bunun əsasında onu təcridxanadakı tibb-sanitar hissəyə yerləşdiriblər: “Həkim nəzarətindədir. Aclığı davam etdirir”.

Məhkəmədən sonra bir qrup ictimai-siyasi fəal şəhərin mərkəzində Azad Həsənova azadlıq tələbilə etiraz aksiyası keçirib. Polis aksiya iştirakçılarını saxlayaraq, Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə aparıb. Saxlanılanlar arasında Müsavat Partiyası Gənclər Təşkilatının sədri Elman Quliyev, partiya fəalları Könül Alı, Əlikram Xurşudov, AXCP üzvü Tofiq Məmmədov, blogerlər Fatimə Mövlamlı, Nurlan Libre və başqaları olub. Bir müddət sonra E.Quliyev istisna olmaqla, digərləri sərbəst buraxılıb.

E.Quliyev haqqında inzibati xəta protokolu tərtib olunub və o, Nəsimi Rayon Məhkəməsinə aparılıb.

Ana səhifəXəbərlərAzad Həsənov aclığı dayandırmayacağını deyib