Samirə Musayeva dövlətin vətəndaşlara biganəliyindən şikayətçidir

Mənbə: meydan tv

Başlıq: Samirə Musayeva dövlətin vətəndaşlara biganəliyindən şikayətçidir

“Az qalıram gedib yatam Prezident Administrasiyasının qarşısında“

Məqalə yeniləndi:  29 Avqust 2019

Zərdab rayon sakini işsizlikdən, imkansızlıqdan gileylidir

“Oğlum gözdən əlildir. Uzun illər buna görə təqaüd də alıb. İndi təqaüdünü kəsiblər ki, gözünün faizi artıb. Kasıb adamıq, əməliyyat etdirməmişik, müalicəsinə pul tapmamışıq, bu, necə olub, bilmirik. Özü də gözündə heç bir irəliləyiş yoxdur. Əvvəl də görmürdü, indi də görmür”.

Zərdabın Gödəkqobu kəndinin sakini Samirə Musayeva belə deyir. Bildirir ki, oğlu Roman Musayev əsgərliyə çağırılanadək onun gözündə problem olduğunu bilməyiblər. Özü heç nə deməyib, onlar da nəsə hiss etməyiblər:

“Bəxtəvər deyilik ki, bir yerdə vaxt keçirək, nə bilim kinoya gedək, görək uşaq görmür. Nə bilim, meşəyə, dağa gedək, hiss edək ki, gözü zəifdir. Ya dərs oxumağına nəzarət edim, bilim. Elə biz başı alovlu valideynlər səhər çıxıb, axşam gəlmişik. Uşaq da başlı-başına böyüyüb. Fəhləlik etmişik, alağa getmişik, pambıq yığmışıq, camaatın tövləsin təmizləmişik, nə bilim, həyət-bacada işləmişik. Harda görürdük ki, bilək gözü görmürmüş? Vallah, bilməmişik”.

Ana əlavə edir ki, oğlunu əsgərliyə çağıranda müayinə zamanı bəlli olub ki, yararsızdır, gedə bilməz. Çünki gözünün biri 3 faiz görür. Digəri də xeyli zəifdir:

“Problemi anadangəlmə olub, bilməmişik. Nə isə 16 yaşından bu uşaq pensiya almağa başladı. Özü də biz demədik, elə həkimlər dedilər ki, pensiya düşür, sənədlərini aparın, həll etsinlər. Bir qəpik ödəmədən pensiya işi həll oldu”.

Samirə Musayeva deyir ki, elə 3 ildir oğlunun aldığı o pensiyadan savayı evlərinə daimi gələn vəsait yoxdur:

“Yoldaşım bir ara işləyirdi, onun da müqaviləsinə xitam verildi. Uşağın problemini biləndən də çox pisik. Bakıya apardıq, beynin toka verdilər. Alınmadı, dedilər, anadangəlmə damarlar işləmir. İşləyənlər də zamanla sıradan çıxıb. Belə adamın pensiyasını niyə kəsirlər, anlamıram”.

Ana xahiş edir, deyir, əgər onun uşağı sağlamdırsa, əsgərliyə aparsınlar. Yox, gözü görmür, əlildirsə, o zaman pensiyasını bərpa etsinlər:

“Gəzmədiyimiz, qapısını döymədiyimiz yer qalmayıb. Aldığı da 82 manat idi. İndi görün, biz nə vəziyyətdəyik ki, o pula möhtacıq və onun bərpası üçün çalışırıq”.

Ailənin bircə inəyi var. Təsərrüfatla məşğul olmaq imkanları yoxdur. Samirə Musayeva deyir ki, məcburdur, pambıq alağına gedir. Yoxsa 3 uşaq, 2 böyük, dolana bilməzlər.

Ailə başçısı Niyaz Musayev isə işsizlikdən şikayətçidir. Deyir, iş yerindən ixtisara düşdüyü 3 ildir, bir iş tapa bilmir. Elə oturub evdə. Bununla da ailə dolandırmaq mümkün deyil:

“Kənd yerində başqa iş-güc yoxdur. Dəfələrlə Məşğulluq Mərkəzinə müraciət etmişik iş üçün. Sosial Fonda ünvanlı sosial yardım üçün gedib-gəlmişik. Heç biri dəqiq nəsə demir. Biz 5 nəfərlik ailə çox acınacaqlı vəziyyətdə yaşayırıq. Bir işlə təmin olunsam, dərdim olmazdı. Hər gün şəhərə gedib-gəlmək də olmur. Yolpulu tapıb gedirik, bir şey alınmır, kor-peşman qayıdırıq geri”.

Ailə deyir ki, fevraldan bəri  oğullarının pensiyası və sosial yardım üçün dövlət idarələrində qalıblar

Ailə deyir ki, fevraldan bəri oğullarının pensiyası və sosial yardım üçün dövlət idarələrində qalıblar

Mənbə: meydan.tv

Ata deyir ki, evində 2 məktəbli qızı var. Onları bu il necə məktəbə göndərəcəklərini bilmirlər:

“Ötən il dedik köhnələri geyinin, gələn il alarıq. Nəyə güvənib vəd verdik, onu da bilmirəm. Bu il də imkan yoxdur. Hətta ötən ilkindən də betər durumdayıq. İkisi də qız uşağıdır, savadlı olmalarını istərəm. Amma imkan yoxdur. Barı qardaşlarının pensiyasını bərpa etsələr, onlar üçün nəsə edərik. Onu da etmirlər axı”.

Niyaz Musayev deyir ki, yardım vermirlər, iş tapılmır, pensiya bərpa edilmir, təsərrüfatla məşğul olmaq üçün əlində mayası yoxdur. Bəs o nə etməlidir?

“Nə edim, başıma haranın daşını töküm, bilmirəm. Bizi hər yerdə get-gələ salıblar. İnanın qohum-qonşudan yolpulu dilənməkdən bezmişik. Borclarımız da xeyli yığılıb. Onlara adi gələ bilər. Toxun acdan nə xəbəri? Dəfələrlə oğlumun pensiyasına görə Şəkiyə, Bakıya həkimlərə getmişik. İş və sosial yardım üçün Zərdabın mərkəzinə getməli olmuşuq. Bunların hamısı puldur və o da bizdə yoxdur. Vallah, az qalıram gedib yatam Prezident Administrasiyasının qarşısında. Bəlkə bir baxan ola”.

Meydan TV Musayevlər ailəsinin iş problemi ilə bağlı Zərdab rayon Məşğulluq Mərkəzi ilə əlaqə saxlayıb. Mərkəzin direktoru Araz Şirəliyev bildirib ki, vətəndaşlar elə günü sabah mərkəzə gəlsinlər. Onlara uyğun bir iş tapacaqlar:

“Baxacağıq onların ixtisasına, peşəsinə, bacarığına. Kimsə deyə bilməz rayonda iş yoxdur, var. Özü də bizim rayonda kənd təsərrüfatı üzrə işlər çox olur. Pambıqçılıq, maldarlıq, əkinçilik. Bu işlərdə boş yerlər çoxdur. Pambıq yığımı da başlayıb. İkisi də gəlsin. Biz onları işlə təmin edərik”.

Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsindən isə Meydan TV-yə deyilib ki, ailə həqiqətən deyildiyi kimi pis durumdadırsa, o zaman onlara müraciət etsinlər. Sadəcə müraciət əvvəlki kimi deyil, elektron qaydada edilməlidir:

“Ailə elektron qaydada müraciət etsin, baxaq. Həqiqətən sosial yardım düşürsə, veriləcək. Adətən vətəndaşlar bura gəlirlər, deyirik, müraciəti elektron qaydada etməlisiniz, gedirlər, müraciət də etmirlər. Ya başları çıxmır, ya da bilmirəm səbəb nədir. Əgər başları çıxmırsa, yaxınlaşsınlar qaydaları izah edək”.

Tibbi Sosial Ekspert Komissiyasının isə Zərdabda şöbəsi yoxdur. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidməti gün ərzində telefonlara cavab verməyib. Nazirliyin ümumi şöbəsindən isə bildirilib ki, vətəndaş müraciət etsin, işi araşdırılsın:

“Əgər uşağın gözündə hər hansı bir irəliləyiş yoxdursa, pensiya kəsilə bilməz. Hər bir halda, müraciət etsinlər, baxaq. Bizdə vətəndaşların şikayətləri və müraciətləri şöbəsi var. Əməkdaşlar əllərindən gələni edərlər”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  29 Avqust 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/uresz1

Ən çox baxılan