”Az qala bütün dostlarım təhsil üçün xaricə gedib”


Vəfa Nağı: “Adama elə gəlir ki, ölkədə daha tanışı qalmayıb”


– Vəfa, ikinci təhsilini başqa ölkələrdə, Avropada, Amerikada, Türkiyədə almaq tendensiyası ilə bağlı suallar çoxdur. Ən birincisi, niyə ikinci dəfə xaricdə təhsil almaq ehtiyacı yaranır? Azərbaycanda təhsilin kifayət qədər keyfiyyətli olmamasıdır, ya başqa səbəb var?

– Mənim Türkiyədə təhsil almağımın əsas səbəbi Azərbaycandakı təhsilin keyfiyyətindən razı qalmamağım oldu. Hətta bu səbəbdən illər öncə universiteti yarımçıq atmışdım. Azərbaycann təhsil sistemi tələbəyə keyfiyyətli kadr olmağa imkan yaratmır, təhsil sistemsizdir. Sovet dövründən qalma nəzəri biliklər təkrar-təkrar öyrədilir. Praktika yoxdur, yəni gerçəkdən müasir zamanda bizə faydalı olacaq şeyləri az öyrənirsən, müəllim-tələbə münasibətində ciddi çatışmazlıqlar var. Bir sözlə, bizim ölkədə təhsil müasir standartlara cavab vermir.


– Bu təhsil almaq istəyi sırf daha keyfiyyətli bilgi almaq istəyidir, yoxsa başqa ölkədəki həyatı, qaydaları, dəyərləri tanımaq da bura daxildir?

– Şəxsən mənim ölkədə təhsilimi yarımçıq atdığımın, daha sonra başqa ölkələrdə təhsil ala biləcəyim bir müəssisə axtarmağımın əsas səbəbi daha keyfiyyətli bilgi almaq və təhsilimi tamamlamaq idi. Digər tərəfdən də, bir jurnalist kimi ölkəmin problemlərini daha yaxından görmək üçün proseslərə kənardan baxmaq, digər ölkə nümunələrini görüb müqayisə etmək ehtiyacı da vardı.


– Bəzən gənclər elə ali təhsili bitirəndən sonra 5-6 il işləyir, ya başqa sahələrdə fəallıq edir, sonra yaş 30 filana yaxınlaşanda, hətta keçəndən sonra yenidən xaricə oxumaq üçün gedirlər, təqaüdlər, proqramlar axtarırlar. Bu tendensiya yenidirmi? Bunun ölkədəki iqtisadi və ya siyasi vəziyyətlə bir əlaqəsi varmı?

– Mən də bunu müşahidə etmişəm. Görürəm ki, bir neçə il əvvəl işləyən, ölkədə karyera barədə düşünən, hətta ipotekaya ev götürən jurnalist tanışlarım ya Avropaya təhsil dalınca gediblər, ya da fəal axtarışdadırlar. Son zamanlar baxıram ki, tanıdığım hər kəs təhsil üçün xarici ölkələrə gedib. Şəksiz ki, ölkədə vəziyyət çox ağırdır. Mən jurnalist kimi bir neçə il çalışmışam, müxtəlif layihələrdə olmuşam. Amma tədricən layihələr azaldı, sonra maaşlar düşdü, sonra ixtisarlar, sonda problemlər… İndi hərdən sosial şəbəkələrdə tanışlarımın, keçmiş iş yoldaşlarımın, dostların şəkillərinə baxıram, düşünürəm ki, bir neçə il əvvəl mən də, bu adamlar da Azərbaycanda idik, işləyirdik. İndi onların doxsan faizi xaricdədir. Hətta bəzən adama elə gəlir ki, Bakıda artıq heç kim yaşamır. Çoxu da universitet, təqaüd tapıb, elə gedib.


– Belə gənclərin gələcəklə bağlı planları nədir? Məsələn, sən öz gələcəyini harda, necə görürsən? Azərbaycana qayıdıb, yaxşı mütəxəssis olmaq, ya Avropaya gedib işləmək?

– Ölkədəki siyasi-iqtisadi vəziyyət elədir ki, təkcə xaricdə təhsil alıb ölkənə qayıtmaq uğurlu gələcək qura bilmək üçün kifayət etmir. Sistemdə “sağ qalmaq” üçün əvəzolunmaz və tələb olunan kadr olmalısan. Bunun üçün də uzun təcrübə və nəzəri biliklər tələb olunur. Üstəlik, təbii ki loyal mövqe, tanışlıq, “yaxşı yerdə” adam, bəzən fantastik məbləğdə rüşvət… Çoxunda ağır ümidsizlik hiss olunur, tələbələrin əksəriyyəti ölkədə uğurlu gələcəyə ümidlərini itirdiyi üçün həyatlarını xaricdə qurub yaşamağa çalışırlar. Bu da yenə də uzun təhsil və təcrübə istəyir. Mənə gəldikdə isə yaxşı mütəxəssis kimi ölkəyə qayıtmağı düşünürəm. Amma Türkiyə ilə kifayətlənməyəcəm, Qərb ölkələrinin birində master proqramı ilə təhsilimi davam etdirəcəm.


– Məsələn, sizin oxuduğuniz Türkiyədəki ali təhsil sistemindən danışaq. Bu sistem bizim təhsil sistemindən əsas olaraq nələrlə fərqlənir? Qəbuldan başlayaraq, bitirənə qədər prosesdə hansı fərqlər var?

– Mən Türkiyədə xarici dildə təhsil alıram, türk və başqa millətlərdən hocalarım var. Buna görə də ilk dərs günlərində dərs materiallarından tutmuş müəllimlərə, onların davranışlarına qədər tamamilə fərqli və rahat bir mühitlə qarşılaşdım. Məsələn, hocalarımdan biri başım ağradığı üçün öz qəhvəsini mənə təklif edirdi və yaxud digəri dərs zamanı çəkdiyimiz selfiyə qoşulmaq istəyirdi. Bu, mənim üçün yeni idi. Təhsilin keyfiyyətindən danışmağa isə ehtiyac yoxdur, burada təhsil hadisələrə fərqli baxış bucağından baxmağı öyrədir. Dərslərdə müzakirələrə geniş yer verilir, araşdırma yazılar yazırıq, təhlillər aparırıq. Müəllimlər öz işlərini gündəlik leksiyanı deməklə bitmiş hesab etmir.


– Təqaüdlər təhsil müddətində bütün xərcləri qarşılamağa yetirmi, yoxsa əlavə qazanc üçün işləməyə də ehtiyac yaranır?

– Mənim universitetimin təhsil haqqı orta statistik Azərbaycan ailəsi üçün çox yüksəkdir. Lakin universitet təhsil almaq ehtirasımı dəyərləndirib mənə xüsusi təqaüd və aylıq müəyyən məbləğ ayırıb. Lakin ümumilikdə xərcləri ödəmək üçün işləməyə ehtiyac yaranır.


– Son sualım. Yaş otuzu haqlayanda oğlanlar yenidən təhsil almaq üçün xaricə gedəndə, bu, normal qarşılanır. Amma qızlar bunu edəndə, ailələr narazılıq edirmi ki, yaş artıq 30-dur, evlilik daha vacibdir? Sizə qarşı bu tələblər olubmu?

– Universitetə qəbul alanda anam ciddi narazılıq etdi. Azərbaycandakı əksər analar kimi ailə qurub uşaq sahibi olmağımı istəyirdi, hətta getməməyim üçün sənədimi belə gizləmişdi. İndi də danışarkən bəzən ağlayıb geri qayıtmağımı istəyir. 30 yaşı keçməyimə rəğmən hələ də ailə qurmamağım və təhsil arxasınca qaçmağım onun üçün qəbuledilməzdir və buna görə kiçik qızının bədbəxt olduğunu düşünür. Hətta ailəm sənəd almalı olduğum bir dövlət qurumuna tapşırmışdı ki, o sənədi mənə verməsinlər, beləliklə də, xaricə gedə bilməyim. Dövlət idarəsi ilə uzun bir mübarizədən sonra ala bildim o sənədi. Təsəvvür edirəm, daha konservativ ailələr nələrdən istifadə edir qızlarını xaricə buraxmamaq üçün. Xüsusilə bu yaşda.

Ana səhifəVideo”Az qala bütün dostlarım təhsil üçün xaricə gedib”