“Azərenerji” rəsmisi: “İstilik tarifləri real maya dəyərindən 13 dəfə aşağıdır”

Məktəblərdə istilik sistemi. Foto: “Aztehsil”

Nazir müavini: “Yeni qanunun tətbiqindən sonra çoxmərtəbəli binalara təbii qaz daxil olmayacaq”

Azərbaycanda istilik təchizatı sahəsində mövcud tariflərin real dəyərdən çox aşağı olduğu bildirilib.

Bunu iyunun 4-də Milli Məclisdə “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirələri zamanı “Azərenerji”-nin texniki-istehsalat idarəsinin rəisi Vaqif Tağıyev deyib. O qeyd edib ki, istilik tarifləri real maya dəyərindən 13 dəfə aşağıdır.

“Hazırda 1 kvadrat metr üçün istilik təchizatının tarifi 30 qəpik müəyyən olunub, lakin bu qiymət real xərcləri əks etdirmir”, – Vaqif Tağıyev bildirib.

Onun sözlərinə görə, yeni tikililərlə köhnə binalar (“Xruşşovka”) arasında enerji sərfiyyatında ciddi fərqlər mövcuddur.

Deputat Naqif Həmzəyev isə tariflərin sadəcə artırılması ilə deyil, daha innovativ yanaşma tətbiq olunaraq “Azəristiliktəchizat”ın səmərəli və gəlirli quruma çevrilməsi perspektivini gündəmə gətirib.

Energetika nazirinin müavini Elnur Soltanov isə dinləmələr zamanı bildirib ki, “İstilik təchizatı haqqında” qanunun qəbulundan sonra çoxmərtəbəli binalara təbii qaz daxil olmayacaq və bununla da həmin binalarda daha təhlükəsiz mühit yaranacaq.

Nazir müavinin sözlərinə görə hazırda təhlükəli sayılan məsələ təbii qazın çoxmərtəbəli binalara daxil olması ilə bağlıdır:

“İstilik təchizatı haqqında” yeni qanunun tətbiqindən sonra çoxmərtəbəli binalara təbii qaz daxil olmayacaq. Evlərdə isti sudan istifadə üçün əsasən elektrik enerjisindən istifadə edəcəklər”.

Yeni qanunda mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin yaradılması nəzərdə tutulduğu üçün çoxmərtəbəli binalarda mənzillərə qaz verilişinin dayandırılması planlaşdırılır.

Mayın 16-da Milli Məclisdə “İstilik təchizatı haqqında” yeni Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Yeni qanun istehlakçılara təqdim edilən istilik enerjisinin maliyyə dəyərini, vaxtını və paylanma qaydalarını müəyyən edəcək.

Hazırda qüvvədə olan qərarla istilik enerjisi istehlakçılara hər il noyabrın 15-dən aprelin 15-nə qədər olan müddətdə paylanılır.

İstilik enerjisinin verilməsi Nazirlər Kabinetinin 2023-cü il 5 dekabr tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları” ilə tənzimlənir.

Ana səhifəSosial“Azərenerji” rəsmisi: “İstilik tarifləri real maya dəyərindən 13 dəfə aşağıdır”