Ukraynaya oxumağa gedən 34 azərbaycanlı tələbə Moldovada saxlanılıb və pasportları əllərindən alınıb.
Bu barədə Moldovada saxlanılan tələbələrdən Özcan Həşimovun yaxını Firuzə Əkbərova bildirib.
Onun sözlərinə görə, noyabrın 12-də səhər bir müəllim, bir valideyn və 34 tələbə birlikdə Moldovaya uçublar və oradan Ukraynaya keçməyi düşünürlərmiş:
“Moldovadan keçəndə hər birinin pasportuna möhür vurulub. Ukraynaya keçmək istəyəndə isə onları buraxmayıblar. Bunun üçün heç bir əsaslı səbəb göstərilməyib. Əvvəlcə hədə-qorxu gəliblər, baqajlarını əllərindən alıblar, yükləri ortada yoxdur. Deyiblər ki, bu gün üçün Azərbaycana qayıtmalıdırlar. Onlar tələbədirlər, nə qədər əziyyət çəkiblər, pul töküblər, imkanlısı var, kasıbı var… Ən əsası da valideyn və müəllim də daxil olmaqla hər birinin pasportlarını əllərindən alıblar. Hətta su, yemək almağa belə icazə vermirlər”.
Firuzə Əkbərova həmçinin qeyd edib ki, tələbələrin universitet sənədlərində də heç bir problem yoxdur:
“Universitet tərəfindən onlara bildiriş də göndərilib. Bütün sənədlər qaydasındadır. Uşaqların 17-18 yaşları var, 1-ci kurs tələbələridirlər. Onların pasportlarına ilk dəfədir ki, möhür vurulub. İndi də problem yaradırlar. Səfirliklə də əlaqə saxlamışıq, amma hələ cavab yoxdur”.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Moldovaya girişinə icazə verilməyən tələbələr ölkəyə qaytarılacaq.
“Ukraynada təhsil almaq üçün yollanan azərbaycanlı tələbələrin universitetə qəbul sənədləri qaydasında olmadığı üçün Moldova tərəfi onların ölkəyə girişinə icazə verməyib. Tələbələr ölkəmizə geri qaytarılacaq”.
Onun sözlərinə görə, Azərbaycanın Moldovadakı səfirliyi məsələ barədə məlumatlıdır və həmin gənclərə hər bir dəstək göstərilib.