Almaniyada yaşayan azərbaycanlı mühacirlər tərəfindən yaradılmış Demokratik Azərbaycanı Seç (DAS) təşkilatının üzvləri iyulun 23-də Nürnberq şəhərində, Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) qarşısında etiraz aksiyası keçiriblər.
Bu barədə Meydan TV-yə təşkilatçılar məlumat veriblər.
Aksiyanın məqsədi Azərbaycanda insan hüquqlarının pozulmasına, xüsusilə jurnalistlərin və siyasi fəalların həbslərinə, söz və media azadlığının məhdudlaşdırılmasına beynəlxalq diqqət çəkmək olub.
İştirakçılar siyasi məhbuslara azadlıq və azad medianın bərpası çağırışları ilə çıxış ediblər.
Etiraz zamanı DAS təşkilatının nümayəndələri Azərbaycandakı hazırkı vəziyyətin avtoritar idarəçiliyin göstəricisi olduğunu vurğulayıblar və beynəlxalq ictimaiyyəti bu məsələdə daha prinsipial mövqe tutmağa çağırıblar.

Tədbirin sonunda mitinq iştirakçıları tərəfindən imzalanmış müraciət rəsmi qaydada BAMF-a təqdim edilib.
Müraciətin digər nüsxələri isə Almaniyanın əlaqədar dövlət qurumlarına, həmçinin Beynəlxalq İnsan Hüquqları Təşkilatlarına göndərilib.
“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyinin ən son hesabatına əsasən, hazırda Azərbaycanda 375 nəfər siyasi məhbus var. Bu siyahıya hüquq müdafiəçiləri, jurnalistlər, ictimai fəallar, blogerlər və müxalif siyasi partiyaların üzvləri daxildir.
DAS təşkilatının nümayəndələri qeyd ediblər ki, bu cür aksiyalar Azərbaycanın daxilində boğulan səsləri xaricdə duyurmaq və beynəlxalq həmrəylik yaratmaq məqsədi daşıyır.