Azərbaycanlı jurnalistin Gürcüstana girişinə qadağa qoyulub və cərimələnib

Foto: Cavid Əhmədovun şəxsi “Facebook” səhifəsindən

Gürcüstan İctimai Əlaqələr İnstitutunda (GIPA) magistratura təhsili alan jurnalist Cavid Əhmədovun bu ölkəyə girişi qadağan edilib və o, 10 min lari (təxminən 3700 dollar) məbləğində cərimələnib.

Əhmədov Meydan TV-yə bildirib ki, sentyabrın 6-da Tbilisi Hava Limanında sərhədçilər onu saxlayıblar və Gürcüstan parlamenti qarşısında keçirilən aksiyalarda iştirak etdiyi üçün cərimələndiyini deyiblər.

Üstəlik, bildirirblər ki, onun Gürcüstana girişi qadağandır.

“Sentyabrın 8-də Kutaisidən Almaniyaya uçuşum vardı. Türkiyədən Gürcüstana qayıtdım. Tbilisidə sərhədçilər cəriməmin olduğunu bildirdilər. Məni polislər olan hissəyə göndərdilər. Polislərə pasportumu təqdim etdim və jurnalist olduğumu dedim. Onlar mənə jurnalist fəaliyyətimlə bağlı suallar verdilər. Mən də Rustaveli prospektində keçirilən etiraz aksiyalarında yalnız jurnalist qismində iştirak etdiyimi bildirdim. Dedim ki, kamera görüntülərində orada yalnız jurnalist kimi iştirak etdiyimi görə bilərlər”, – Cavid Əhmədov deyib.

Jurnalist Gürcüstana buraxılmamasının səbəbini öyrənmək istəsə də, ona əsaslandırılmış cavab təqdim edilməyib. Sərhədçilər sadəcə “digər səbəblər” ifadəsi ilə kifayətləniblər:

“Həmin digər səbəblərin də nə olması barədə heç nə demədilər. Həmin gün 5:15-də məni Türkiyəyə geri göndərdilər. Mənə hər hansı bir cərimənin olması ilə bağlı heç bir sənəd təqdim olunmayıb”.

Cavid Əhmədov bildirib ki, avqustun 24-də Gürcüstandan Türkiyəyə keçərkən Sarp keçid məntəqəsində də sərhədçilər ona 5 min lari  cərimə tətbiq olunduğunu demişdilər.

“Cəriməmin olduğunu biləndə, dedim ki, Gürcüstandan çıxmaq istəmirəm. Buna baxmayaraq, pasportunu möhürləyib, dedilər ki, sənə yaxşı yol”.

Cavid Əhmədov, həmçinin vurğulayıb ki, hazırda təhsil aldığı GIPA və ABŞ səfirliyi məsələ barədə məlumatlıdır və ona dəstək göstərməyə çalışır.

2024-cü ilin yazından başlayaraq Gürcüstan parlamenti qarşısında genişmiqyaslı etiraz aksiyaları keçirilir. Bu aksiyalar əsasən hökumətin qəbul etdiyi “xarici agentlər” haqqında qanun layihəsinə qarşıdı. Etirazçılar bu qanunun söz və mətbuat azadlığına zidd olduğunu, vətəndaş cəmiyyətinə və QHT-lərə qarşı yönəldiyini və Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına maneə yaratdığını bildirirlər.

Ana səhifəXəbərlərAzərbaycanlı jurnalistin Gürcüstana girişinə qadağa qoyulub və cərimələnib