Azərbaycan rəsmiləri məsələni şərh etməsələr də, dövlət mediası bununla bağlı məlumat yayıb
Azərbaycanla Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri görüşüb.
Bu barədə Ermənistan mətbuatı ölkənin Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunub ki, müzakirələrdə tərəflər münaqişə zamanı itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı humanitar məsələlərə toxunublar.
İnformasiya mübadiləsi, axtarış işlərinin təşkili və əlaqələndirilməsi imkanları nəzərdən keçirilib.
Tərəflər humanitar sahədə daimi dialoqun vacibliyini vurğulayıb və itkin düşmüş şəxslərin ailələrinin mənafeyi naminə əlaqələri davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Hələ ki, Azərbaycan dövlət rəsmiləri məsələni şərh etməyib.
Azərbaycanın rəsmi mediası “AZƏRTAC” bununla bağlı məlumat yayıb.
Azərbaycanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlar üzrə Dövlət Komissiyasının məlumatına əsasən, Birinci Qarabağ müharibəsi zamanı 3 min 984 nəfər itkin düşmüş hesab olunur. Onlardan 1 min 702 nəfər sonradan azad edilib. Komissiyanın açıqlamasına görə, İkinci Qarabağ müharibəsi ilə bağlı itkinlərin sayı altı nəfər olaraq qeyd olunub.
Ermənistan Nazirlər Kabinetinin rəsmi hesabatına görə, Birinci Qarabağ müharibəsi nəticəsində 777 erməni əsilli şəxs itkin düşüb. Rəsmi Yerevanın məlumatına görə, 2020-ci ildə münaqişənin yenidən alovlanmasından sonra 215 Ermənistandan və Qarabağdan olan erməninin taleyi hələ də naməlum olaraq qalır. Əvvəlki statistikaya əsasən, 1992–2023-cü illər ərzində Ermənistan tərəfindən ümumilikdə 1016 nəfərin itkin düşdüyü bildirilir.
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.
2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Həmin il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.
Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
2025-ci ilin martında tərəflər sülh istiqamətində razılığa gəldiklərini bildirsələr də, hələlik tərəflər arasında sülh müqaviləsi bağlanmayıb.