Hökm səhər saatlarında həyata keçirilib
Bu gün, mayın 21-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünün icra olunduğu bildirilir.
“İrna” xəbər agentliyi İranın ədliyyə sisteminə istinadla yazıb ki, hökm səhər saatlarında həyata keçirilib.
İran vətəndaşı Yasin Hüseynzadə 2023-cü ilin yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə “Kalaşnikov” silahı ilə hücum etmişdi.
Onun açdığı atəş nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərov ölüb, iki mühafizəçi isə yaralanıb.
Hadisədən dərhal sonra İran rəsmiləri həmin şəxsin saxlanıldığını açıqlamışdılar.
Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş Yasin Hüseynzadənin iki il ərzində məhkəməsi keçirilib.
İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib.
Prezident İlham Əliyev hücumu “terror aktı” adlandırıb və günahkarların cəzalandırılmasını tələb etmişdi.
Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib və səfirliyin fəaliyyəti dayandırılmışdı.
Ardınca Azərbaycanda bir çox həbslər oldu. Saxlanılanlar ən müxtəlif ittihamlarla (ən çox da narkotik maddələrin qanunsuz dövriyyəsi) üzləşsələr də, hökumətə yaxın media orqanlarında onlar “İran casusu” kimi təqdim edilirdilər. Hərçənd onların yaxınları bununla dini kəsimdən olan bir çox şəxslərin şərləndiyini dedilər.
2024-cü il iyulun 15-də Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda bərpa edilib.
2024-cü il dekabrın 15-dən isə Azərbaycanın İrandakı səfirliyinin konsulluq şöbəsi öz fəaliyyətinə yenidən başlayıb.
2025-ci il aprelin 28-də İran Prezidenti Məsud Pezeşkian Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində tərəflər əməkdaşlıqla bağlı bir çox sənədlər imzalayıb. Prezidentlərin mətbuata bəyanatlarında vurğulanmışdı ki, tərəflər beynəlxalq təşkilatların nəzdində də birgə əməkdaşlığa üstünlük verirlər.