Silinən sənəddə dövlətin vətəndaşlar haqqında toplayacağı 35 məlumat kateqoriyası açıqlanırdı.
Azərbaycan Prezidentinin saytında qısa müddətlik dərc olunub sonra səssizcə silinən sənəd Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yeni mərkəzləşdirilmiş sistem vasitəsilə vətəndaşların və ölkə sakinlərinin şəxsi məlumatlarını necə toplayacağını və onlara necə çıxış edəcəyini ətraflı şəkildə təsvir edirdi.
“OC Media” yazır ki, “Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminə (MİRƏS) dair Nizamnamə” adlı sənəd cümə günü Prezidentin rəsmi saytında yerləşdirilmişdi.
Sənəd sistemin texniki quruluşunu, məlumat mənbələrini və çıxış protokollarını açıqlayırdı. Sənəd Bakı vaxtı ilə 16:14-də bu keçid vasitəsilə dərc olunub, 17:23-də isə artıq silinmişdi və “Error 404 — Not found” mesajı göstərilirdi.
Sistemin yaradılmasını və dövlət qurumlarının məlumat bazalarının inteqrasiyasını tələb edən Prezidentin 533 nömrəli Fərmanı isə hələ də açıq şəkildə əlçatandır. Həmin gün dərc olunan digər dövlət elanları da saytda qalır. Yalnız nəzarət imkanlarını təsvir edən texniki nizamnamə silinib.
Sənəddə avtomatik və ya manual şəkildə DTX-nın məlumat bazasına ötürüləcək geniş həcmli məlumatlar sadalanırdı — insanların identifikasiya məlumatları, müşahidə sistemlərindən alınan məkan məlumatları, ailə vəziyyəti, sağlamlıq durumu, o cümlədən psixi sağlamlıq tarixi və sair.
Silinmiş nizamnamə (buradan əldə etmək mümkündür), səkkiz maddə və çoxsaylı yarımbölmələrdən ibarət olaraq, sistemin həm sahibi, həm də operatoru kimi Dövlət Təhlükəsizliyi Xidmətini göstərirdi.
1-ci maddə hüquqi çərçivəni müəyyən edir və “sistemdə yaradılan, alınan və toplanan məlumat və elektron sənədlərin Azərbaycan Respublikasının mülkiyyəti olduğunu” bəyan edirdi.
3-cü maddənin 2-ci yarımbölməsi Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə DTX-yə digər dövlət məlumat bazalarından ötürüləcək 35 konkret şəxsi məlumat kateqoriyasını sadalayırdı.
Buraya daxildir:
- Şəxsiyyət və hərəkət məlumatları: Şəxsiyyət vəsiqələri və pasportlardan tam identifikasiya məlumatları (fotoşəkillər daxil olmaqla), yaşayış qeydiyyatı tarixçəsi, sürücülük vəsiqələri, nəqliyyat vasitələrinin sahiblik məlumatları və dövlət nömrə nişanları, sərhədkeçmə məlumatları, səfər məhdudiyyətləri, “Təhlükəsiz Şəhər” sistemindən real vaxt videomüşahidə görüntüləri.
- Ailə və şəxsi status: Ailə tərkibi, bütün ailə üzvlərinin identifikasiya məlumatları və fotoları, doğum və ölüm qeydləri, nikah və boşanma məlumatları, atalıq təyini, vətəndaşlıq bəyanları, ad və soyad dəyişiklikləri.
- Vətəndaşlıq və immiqrasiya: Vətəndaşlığın əldə edilməsi, bərpası və itirilməsi, vətəndaşlığı olmayan şəxslərin identifikasiya məlumatları, mənşə ölkəsi, xarici yaşayış və iş icazələri (xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə bağlı), müvəqqəti qalma müddətinin uzadılması, ölkəyə girişinə qadağa qoyulan və ya ölkədən çıxışı məhdudlaşdırılmış əcnəbilərin məlumat bazaları.
- Cinayət ədliyyəsi: Həbs qətimkan tədbiri seçilmiş şəxslər, məhkumlar, cəzaçəkmə və icra vəziyyəti, məhkəmə hökm və qərarları, axtarışda olanlar, cinayət işləri və cəza icrasına dair ödənişlər.
- Sağlamlıq məlumatları: Sağlamlıq durumu haqqında məlumatlar və narkoloji və ya psixiatriya qeydiyyatında olan şəxslərin identifikasiyası.
- Maliyyə və iqtisadi: Məşğulluq vəziyyəti, elektron imzalanmış əmək müqavilələri, pensiya və sosial müavinət ödənişləri, elektrik, su və qaz üzrə abunəliklər, vergi qeydiyyatı, biznes fəaliyyəti və ünvanlar, hüquqi şəxslərin reyestri və şirkət direktorları haqqında məlumatlar.
- Təhsil və peşəkar məlumatlar: Təhsil sənədləri, dövlət təhsil sertifikatları, dövlət qulluqçuları üçün isə peşəkar fəaliyyətlər, dövlət qulluğu tarixçəsi, elmi fəaliyyətlər, xarici dil bilikləri, konfrans iştirakları, təltif və mükafatlar və intizam tədbirləri daxil olmaqla geniş məlumatlar.
- Şəxsi detallar: Mülki silah qeydiyyatı və icazələr, dini icmaların qeydiyyatı, turizm xidmət təminatçıları, otellər və turoperatorlar, aviaşirkətlərdən sərnişin və heyət məlumatları, radio tezliklərinin ayrılması barədə qərarlar, mülki dron qeydiyyatı, istismar icazələri və pilot lisenziyaları.
Əvvəlki maddə – Maddə 2 sistemin texniki arxitekturasını səkkiz yarımbölmədə təsvir edirdi. İnfrastruktur proqram və avadanlıqları, DTX və Xüsusi Dövlət Mühafizə Xidmətinin birgə idarə etdiyi ayrılmış telekommunikasiya kanallarını, DTX-nin məlumat mərkəzində ehtiyat saxlama sistemini və test mühitlərini əhatə edirdi.
Sənədə əsasən, mümkün olan hallarda məlumat Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya vasitəsilə real vaxtda ötürüləcəkdi. Real vaxt mümkün olmadıqda, sənədlər gücləndirilmiş elektron imza ilə təsdiqlənən elektron kabinetlər vasitəsilə təqdim ediləcəkdi.
4-cü maddə çıxış protokollarını təsvir edirdi. Məlumat bazasına malik dövlət qurumları avtomatik inteqrasiya ilə qoşulacaqdı. Belə sistemləri olmayan təşkilatlar isə rəhbərlik tərəfindən təyin olunmuş məsul şəxslərlə elektron kabinetlər vasitəsilə daxil olacaqdı. Vətəndaşlara isə “Vahid Giriş” sistemi ilə autentifikasiya etdikdən sonra avtomatik yaradılan elektron kabinetlər veriləcəkdi.
5 və 6-cı maddələr sistemin sahibi və operatoru — hər ikisi Dövlət Təhlükəsizliyi Xidməti olmaqla — üçün müvafiq olaraq 19 öhdəlik və 4 hüquq, 17 öhdəlik və 6 hüquq müəyyən edirdi. Öhdəliklərin əsas istiqaməti sistemin bütövlüyünün qorunması, Xüsusi Dövlət Mühafizə Xidməti ilə birgə informasiya təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal təhlükəsizlik təhdidlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə bildirilməsi idi.
5.1.4-cü yarımbölmə DTX-nin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sistemin fəaliyyətini qiymətləndirmək və hüquqi tələblərə əməl olunmasını monitorinq etmək üçün çıxış təmin etməsini tələb edirdi.
8-ci maddə istifadəçilərə açıq məlumatlara çıxış, özləri barədə məlumatları nəzərdən keçirmək, düzəlişlər tələb etmək, e-xidmətlərdən istifadə etmək və hüquq pozuntuları ilə bağlı inzibati və ya məhkəmə şikayəti vermək kimi yeddi hüquq tanıyırdı. DTX düzəliş tələblərini qəbul və ya rədd etmək səlahiyyətini özündə saxlayırdı.
Ziddiyyətli açıqlamalar və silinmə nümunələri
Nəzarət sisteminin yaradılması bir neçə həftə əvvəl şəxsi məlumatların qorunması ilə bağlı səslənən ictimai açıqlamalarla ziddiyyət təşkil edir. Oktyabrın 9-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Fərid Zeynalov Kritik İnfrastrukturun Müdafiəsi Yarışında çıxış edərək yeni şəxsi məlumatların qorunması haqqında qanun layihəsi hazırlandıqlarını demişdi.
“İstənilən yenilik təhlükəsizliklə balanslaşdırılmış şəkildə həyata keçirilməlidir və bu yeniliklər insanların hüquqlarının qorunmasına xidmət etməlidir”, – Zeynalov “Report”a demişdi.
“Ona görə də müvafiq qanunvericilik bazasının olması vacibdir. Ümid edirik ki, hazırlanan yeni qanun layihəsi müasir çağırışlara cavab verəcək və vətəndaşların hüquqlarının etibarlı şəkildə qorunmasına xidmət edəcək”.
Zeynalov həmçinin ağıllı şəhər infrastrukturları və mobil telefonların topladığı böyük həcmli şəxsiyyət, davranış və biometrik məlumatların yaratdığı məxfilik problemlərindən danışmış, avadanlıqlardakı boşluqların infrastrukturun komprometasiya olunmasına və şəxsi məlumatların oğurlanmasına gətirə biləcəyini qeyd etmişdi.
Zeynalovun bəhs etdiyi məlumatların qorunması haqqında qanun hələ də dərc olunmayıb. Nəzarət sistemi haqqında nizamnamə onun çıxışından altı həftə sonra peyda olub.
Bu, həmçinin Azərbaycan Prezidentinin saytından sənədlərin yoxa çıxmasının ilk hadisəsi deyil. 2019-cu ilin oktyabrında Prezident İlham Əliyevin o vaxt Prezident Administrasiyasının rəhbəri olan Ramiz Mehdiyevə Heydər Əliyev Ordeni təqdim etməsini göstərən elan, Mehdiyev nüfuzdan düşdükdən sonra saytdan silinmişdi. O məqaləni, mərasimin fotoları ilə birlikdə, indi yalnız internet arxivlərindən tapmaq olur.
Detallı nizamnamənin silinib, sistemi yaradan fərmanın saxlanması texniki məlumatların hansının ictimaiyyət üçün açıq qalmalı olduğuna dair qəsdən verilmiş qərara işarə edə bilər.
Eyni tarixli 533 nömrəli Prezident Fərmanı hələ də prezidentliyin saytında əlçatandır. Fərman Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılmasını və dövlət qurumlarının öz məlumat bazalarını inteqrasiya etməsini tələb edir, amma toplanacaq məlumat kateqoriyaları və texniki quruluşu açıqlamır.
Həmin gün dərc olunan digər hüquqi elanlar — təltiflər, kadr məsələləri və digər qanunvericilik sənədləri — saytda qalmaqdadır.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.