Azərbaycandan yanacaq qəbul edən şirkət ermənistanlı deputata məxsusdur

İlham Əliyev və Nikol Paşinyan. Foto: Meydan TV

Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Avrasiya İqtisadi Şurasının (AİŞ) iclasında çıxışı zamanı Azərbaycanın Ermənistana yük daşınmasına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırdığına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

OC Media yazır ki, Paşinyan 2025-ci ilin AİŞ-in beynəlxalq əməkdaşlığı baxımından “əhəmiyyətli” olduğunu qeyd edərək, nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə toxunub:

“Bu kontekstdə qeyd etmək istərdim ki, baş verən müsbət və konstruktiv dəyişikliklər daha geniş regionda bütün ölkələr üçün yeni imkanlar yaradır, iqtisadi sabitliyin möhkəmlənməsinə və regional nəqliyyat əlaqələrinin genişlənməsinə töhfə verir”.

Bu fikirdən dərhal sonra Paşinyan Əliyevə “Azərbaycan ərazisindən Ermənistana malların tranzitinə qoyulmuş blokadanın aradan qaldırılması, eləcə də ikitərəfli ticarətin başlanması üçün şərait yaradılması ilə bağlı qərarına görə” minnətdarlığını ifadə edib.

Paşinyan bu qərarı “regionda sülh və sabitliyin bərqərar olunmasında ilk mühüm nailiyyətlərdən biri” adlandırıb.

Əliyev oktyabrın 21-də Qazaxıstana səfəri zamanı Bakının Ermənistana malların daşınmasına dair bütün məhdudiyyətləri aradan qaldırdığını elan edib. Bundan sonra Ermənistan Azərbaycan və Gürcüstan üzərindən Rusiyadan və Qazaxıstandan iki partiya buğda alıb, üçüncü partiyanın isə yolda olduğu bildirilir.

Ermənistan Azərbaycandan keçməklə üçüncü buğda partiyasını alacaq

Dekabrın 19-da Ermənistan 1988-ci ildən bəri ilk dəfə Azərbaycan yanacağının ilk partiyasını qəbul edib ki, bu da iki ölkə arasında müstəqillikdən sonrakı münasibətlərdə tarixi dönüş nöqtəsi hesab olunur.

Bu tədarük ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda avqust ayında keçirilən danışıqlarda Ermənistan və Azərbaycanın sülh müqaviləsini paraflamasından bir neçə ay sonra baş verib.

Vaşinqton razılaşması çərçivəsində həmçinin Azərbaycanın Naxçıvan eksklavını Ermənistan ərazisindən keçməklə birləşdirən Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP), daha çox Tramp Marşrutu kimi tanınan yolun yaradılması barədə saziş imzalanıb.

Hakim Vətəndaş Müqaviləsi Partiyası ilə yanacaq idxalı arasındakı əlaqələr

Ermənistan Azərbaycan yanacağını Azərbaycan dekabrın 18-də Gürcüstan üzərindən SOCAR istehsalı olan AI-95 markalı benzinin Ermənistana göndərildiyini elan etdikdən bir gün sonra alıb.

Azərbaycanın hökumətyönlü APA informasiya agentliyi bildirib ki, bu tədarük “Azərbaycan və Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq”, noyabrın 28-də Azərbaycanın Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və onun erməni həmkarı Mher Qriqoryan arasında əldə olunmuş razılaşma əsasında həyata keçirilir.

Paşinyan bu xəbəri alqışlayıb, iqtisadiyyat naziri Gevorq Papoyan isə əlavə edib ki, “müharibə əvəzinə ticarət edirik”.

İlk partiya 1 218 ton A-95 markalı benzindən ibarət olub və AzadlıqRadiosunun məlumatına görə, iki erməni şirkəti tərəfindən idxal edilib.

RFE/RL-in bildirdiyinə görə, 600 ton Azərbaycan yanacağı idxal etmiş “Mega Trade” şirkəti hakim Vətəndaş Müqaviləsi Partiyasından deputat Xaçatur Sukiasyanın ailəsinə məxsusdur.

Ermənistanın hakim partiyasından deputat Rusiyadan almaz qaçaqmalçılığında ittiham olunur

Sukiasyanın ailəsi yanacağı özünə məxsus “Ran Oil” yanacaqdoldurma məntəqələri şəbəkəsində satacaq.

Digər şirkətin adı hələlik açıqlanmayıb.

Şirkət dekabrın 19-da “Armenpress”ə bildirib ki, “idxal olunan neft məhsulları yanacaq qiymətlərinin azalmasına və sektorda daha şəffaf qiymət formalaşmasına əhəmiyyətli töhfə verəcək”.

Bazar ertəsi AzadlıqRadiosu xəbər verib ki, “Ran Oil” Azərbaycan istehsalı olan premium yanacağı litrini 440 dramdan (1,15 ABŞ dolları) satacaq ki, bu da şirkətin qeyd etdiyi kimi, hazırkı bazar qiyməti olan 520 dramdan (1,36 ABŞ dolları) “xeyli ucuzdur”.

“Mega Trade” şirkətinin direktoru Karen Hayriyan dekabrın 19-da AzadlıqRadiosuna bildirib ki, ilk partiyanın satışından sonra Azərbaycan yanacağının alınmasına davam edib-etməyəcəkləri aydın olacaq, lakin şirkətin buna maraqlı olduğunu da qeyd edib.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərAzərbaycandan yanacaq qəbul edən şirkət ermənistanlı deputata məxsusdur