Beynəlxalq məhkəmələrdə erməni məhbusların maraqlarını təmsil edən Siranuş Saakyan AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda saxlanılan erməni məhbuslar arasında “intihara cəhdlər” olub. İntihar cəhdləri məhbuslarla onların yaxınları arasında baş verən son telefon zənglərindən sonra qeydə alınıb.
OC Media yazır ki, Saakyan hər hansı ad çəkməkdən çəkinərək, intihara cəhdlərin tanınmamış Dağlıq Qarabağın keçmiş hərbi-siyasi rəhbərliyinə aid olmadığını açıqlayıb.
Azərbaycan tanınmamış Dağlıq Qarabağın keçmiş dövlət rəsmiləri də daxil olmaqla 23 erməni məhbusun həbsdə olduğunu rəsmən etiraf edib. Martın əvvəlində Ermənistan Azərbaycanın dərc etdiyi fotolarda müşahidə olunan sübutlara istinad edərək, Azərbaycandakı erməni məhbusların işgəncələrə məruz qaldığını iddia edirdi.
İntihara cəhd xəbəri Qırmızı Xaç Cəmiyyətinin Azərbaycandakı fəaliyyətini dayandırdığı gün çərşənbə günü gəlib. Bu, erməni əsirlərə baş çəkən yeganə beynəlxalq və müstəqil humanitar təşkilat idi.
Martın əvvəlində Azərbaycanın hökumətyönlü media orqanı “caliber.az” xəbər verirdi ki, Qırmızı Xaç və BMT İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Agentliyi (UNHCR) Azərbaycanı “tərk etməlidirlər”.
Aylar sonra, avqustun sonlarında Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndə heyəti AzadlıqRadiosuna bildirib ki, humanitar təşkilat öz qərargahları vasitəsilə Azərbaycan hakimiyyəti ilə səfərlərinin “mümkün alternativlərini” müzakirə etməyə çalışıb.
Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndə heyətinin kommunikasiyalar şöbəsinin rəhbəri Zara Amatuni deyib:
“Bizim dialoqumuz ona görə davam edəcək ki, biz hansısa yolla humanitar xidmətimizi göstərə bilək və təbii ki, yaxın gələcəkdə cəhdlər ediləcək, lakin hazırda bunun necə və hansı formatda olacağına dair heç bir aydınlıq yoxdur”.
Bir məhbusun aclıq aksiyası keçirdiyi bildirilir.
Qırmızı Xaç təşkilatı erməni məhbuslara sonuncu səfərini iyun ayında edib. O vaxtdan bəri Bakıdakı erməni əsirlərin vəziyyəti ilə bağlı məlumat azdır.
Təşkilat olmadığı üçün məhbuslar haqqında məlumatların əksəriyyəti telefon zəngləri ilə əlaqə saxladıqları qohumlarından alınıb.
Saakyan AzadlıqRadiosuna bildirib ki, məhbusların ailələri onların səhhətində ciddi problemlərdən əziyyət çəkdikləri barədə xəbərdarlıq edib.
“Ailələr bizə bildirdilər ki, bu söhbətlər zamanı ciddi sağlamlıq problemləri və təbii ki, ağır psixoloji durum artıq nəzərə çarpır”.
Livan əsilli erməni məhbus Vigen Euljekjianın da 20 gündür aclıq aksiyası keçirdiyi bildirilir. O, 2020-ci il İkinci Dağlıq Qarabağ müharibəsindən sonra Azərbaycanda əsir düşüb.
Vəkil Luciana Minassian sentyabrın 2-də Facebook-da xəbər yayıb və qeyd edib ki, Euljekjianın ailəsi “darmadağın” olub və “ümid lazım olduğu vaxt baş verənlər dözülməz kədər və qorxuya çevrilib”, – o, ABŞ prezidenti Donald Trampın erməni məhbusların azad edilməsinə kömək edəcəyini ümid edir.
Tramp erməni məhbuslar barədə avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyevlə sazişlərin imzalanması və sülh müqaviləsinin paraflanması üçün Vaşinqtona səfəri zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla söhbətində deyib.
Həmin gün Azərbaycanın iqtidaryönlü mediası “Qafqazinfo” iddia edib ki, onların məlumatına görə, Euljekjianın aclıq aksiyası keçirməsi xəbəri “reallığa uyğun gəlmir”.
Yenə çərşənbə günü Ermənistanın hüquq müdafiəçisi Anahit Manasyan Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndə heyətinin üzvü Dafnee Maret ilə görüşüb. Minasyanın ofisindən verilən məlumata görə, görüş zamanı digər məsələlərlə yanaşı, “hərbi əsirlərin, itkin düşmüş şəxslərin və onların ailə üzvlərinin hüquqları ilə bağlı məsələlərə” də toxunulub.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz.