Sudan istifadə ilə bağlı yeni qanun layihəsi hazırlanır

İçməli su. Foto: Aİ

Sudan az istifadə edənlər aşağı tariflə, çox istifadə edənlər yuxarı tariflə ödəniş edəcəklər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən sudan ödənişli əsaslarla istifadə tariflərinin yenidən müəyyənləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlanır

Bu barədə jurnalistlərə Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov deyib.

Ataxan Bədəlov  bildirib ki, yeni qaydalar həm əhali, həm də qeyri-əhali qrupuna şamil ediləcək:

“Bu, o deməkdir ki, sudan az istifadə edən aşağı tariflə, çox istifadə isə yuxarı tariflə ödəniş edəcək. Məqsəd həm əhali, həm də qeyri-əhali sektorunun sudan qənaətlə istifadə etməsinin təşviqidir. Artıq qanun layihəsi hazırlanıb. Aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra bununla bağlı qərar veriləcək”.

Bundan əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Aydın Abbasov demişdi ki, Azərbaycanda su tarifləri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin faktiki xərclərini tam qarşılamır:

“1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir”.

Onun sözlərinə görə, bu tarif sisteminin yenidən tənzimlənməsinə gətirib çıxara bilər.

“Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Bu səbəbdən tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər”, – A.Abbasov deyib.

Azərbaycanda suyun qiyməti sonuncu dəfə 2021-ci il fevralın 1-dən artırılıb. Onda artım 100 faiz olmuşdu. Suyun 1 kubmetr qiyməti kanalizasiya suları ilə birlikdə 1 manata qaldırılmışdı.

Bu il Azərbaycanda elektrik və qaz daxil bir sıra kommunal xidmətlərdə bahalaşma baş verib.

Ana səhifəSosialSudan istifadə ilə bağlı yeni qanun layihəsi hazırlanır