Azərbaycanda sahibkarların sayı: Bir hesabatda kəskin azalma, digərində artım göstərir

Foto: Sutthiphong Chandaeng\shutterstock

Azərbaycanda sahibkarların sayı ilə bağlı real statistika həmişə mübahisə mövzusu olub. Çünki dövlət qurumlarının təqdim etdiyi rəqəmlərdə ziddiyyətli məqamlar kifayət qədərdir.

Müqayisə üçün Dövlət Vergi Xidmətinin saytında “Sahibkarlıqda gender statistikası” təqdim edilir.

Həmin statistikaya əsasən, 2024-cü ildə ölkədə ümumilikdə 102,3 min sahibkarlıq subyekti fəaliyyət göstərib. Hətta 2023-cü illə müqayisədə sahibkarların sayı 20,8 faiz azalıb.

Cədvələ görə, uçotda olan (qadın və kişi birgə) fiziki şəxslərin  sayı 87 877, hüquqi şəxslərin sayı isə 14 441-dir. Hesabata əsasən, fiziki şəxslərin sayında 22,4 faiz, hüquqi şəxslərin sayında isə 9,1 faiz azalma müşahidə olunur.

“Sahibkarlıqda gender statistikası”ndan məlum olur ki, ölkədə sahibkarların sayı kəskin aşağı düşüb.

Maraqlıdır ki, eyni qurumun 2024-cü ilə aid digər hesabatında aktiv vergi ödəyicilərinin sayı bu rəqəmdən səkkiz dəfə çox – 806 mini keçdiyi göstərilir və hətta 5,9 faiz artım qeydə alınıb.

Ümumilikdə isə, ötən il vergi uçotuna alınan vergi ödəyicilərinin sayı 1,5 milyon nəfər göstərilir.

Qeyd etmək lazımdır ki, ölkədə fəaliyyətindən asılı olmayaraq, VÖEN sahibi olan hər bir fiziki şəxs “sahibkar” statusunda tanınır. Bu baxımdan, Vergilər Xidmətinin fərqli rəqəmləri nədən qaynaqlanır?

Vergi eksperti Vəli Əliyev də sosial media hesabında sözügedən məsələyə toxunaraq yazır:

“DVX deyir ki, 2025-ci ilin oktyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 653 132 vergi ödəyicisinin 86,9 faizi fiziki şəxslərdir. Yəni 1 436 571 nəfəri fiziki şəxsdir. 2024-cü ildə isə uçotda olan fiziki şəxslərin sayı isə təqribən 1 371 925 nəfər olub.

Şəkildəki məlumatda isə [“Sahibkarlıqda gender statistikası” cədvəlini nəzərdə tutur]  deyilir ki, 2024-cü ildə qadın sahibkarların sayı 27 579 nəfər, kişi sahibkarların sayı isə 60 298 nəfərdir.

Şəkildəki say aktiv vergi ödəyicilərinin sayıdırsa, onda ümumi uçotda olan fiziki şəxslərin sayı ilə qürrələnməyin yeri yoxdur. Təqribən 90 min aktiv vergi ödəyicisi var.

Əksinə, şəkildəki say ümumi sayıdırsa onda 1,2 milyondan çox vergi ödəyicisi kimi uçota alınan hermofrodit (həm kişi, həm qadın cinsinə mənsub) şəxslərə və ya gözə görünməz varlıqlara VÖEN verilib”.

VÖEN sahiblərinin yalnız 50-51 faizi aktiv fəaliyyət göstərir

Yeri gəlmişkən, DVX-nin məlumatına görə, hətta “aktiv vergi ödəyiciləri” statusuna baxdıqda, ümumi uçotda olan VÖEN sahiblərinin yalnız 50-51 faizi aktiv fəaliyyət göstərir. Digər ödəyicilər isə fəaliyyətini dayandırıb və ya müvəqqəti dondurub.

2025-ci ilin oktyabrın 1-nə olan məlumata görə, hazırda 1 653 132 vergi ödəyicisi qeydiyyatdadır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin, yəni VÖEN sahibi olanların sayı 4,8 faiz artıb.

Bu ilin oktyabrına qədər vergi uçotunda olanların 86,9 faizi, yəni 1 437 200 nəfəri fiziki şəxslər, 13,1 faizi, yəni 216 800 nəfəri hüquqi şəxslər təşkil edib.

2024-cü ilin məlumatına görə isə, 1,59 milyona yaxın vergi ödəyicisi olub və onlardan 806,9 min nəfəri aktiv vergi ödəyicisi kimi qeyd olunub. Beləliklə, qeydiyyatdan keçən sahibkarların yalnız 50–51 faizi fəaliyyətini davam etdirə bilib.

DVX-nin hesabatına görə, ötən il aktiv vergi ödəyicilərinin 82,7 faizi və ya 667 326 nəfəri fiziki şəxslər, 17,3 faizi və ya 139 590 nəfəri isə hüquqi şəxslər təşkil edib.

Beləliklə, DVX-nin iki məlumat bazasında Azərbaycanda sahibkarlarla bağlı müxtəlif statistika göstərilir. Aktiv vergi ödəyiciləri üzrə hesabatda 5,9 faiz artım müşahidə olunarkən, gender statistikasına əsasən sahibkarlıq subyektlərində 20,8 faiz kəskin azalma iqtisadi təhlilçilər üçün çaşqınlıq yaradır.

Vergi sahəsi üzrə mütəxəssislərdən biri  Meydan TV-yə bildirir ki, ümumi vergi ödəyiciləri vergi bəyannaməsi təqdim edən və ya müəyyən dövriyyəsi olan geniş bir kütləni əhatə edir və onların hamısı sahibkar hesab edilə bilər:

“Lakin ola bilsin ki, 102,3 min sahibkarlıq subyekti daha məhdud, spesifik meyarlara cavab verən subyektləri əhatə edir. Bu, mikro, kiçik və orta sahibkarlıq meyarları baxımından qeydiyyatdan keçənləri göstərir. Yəni müəyyən məhsul buraxılışı olan, işçi çalışdıran və ya geniş xidmət sahəsi quran, sadələşdirilmiş vergi ödəyiciləri bu kateqoriyaya daxil edilə bilər”.

Onun sözlərinə görə, ölkədə sahibkarlığın vəziyyətini gizlətmək üçün rəqəmlərlə manipulyasiya edilir və statistikada şəffaflıq yoxdur:

“Hətta VÖEN-ni donduran şəxsləri də bir çox hallarda “aktiv” vergi ödəyicisi kateqoriyasına daxil etməklə statistikanı şişirdirlər. Beynəlxalq standartlara görə yalnız vergi bəyannaməsini dolduran və müəyyən vergi ödənişi edən şəxslər aktiv hesab olunur”.

Mütəxəssis əlavə edir ki, sahibkarların real sayını hesablasaq belə, bu, ölkədə sahibkarlığın göstəricilərindən xeyli aşağı səviyyədə olduğunu və ciddi azalma yaşandığını göstərir. Bu isə “aktiv ödəyici” məlumatları ilə tamamilə ziddiyyət təşkil edir.

Ana səhifəİqtisadiyyatAzərbaycanda sahibkarların sayı: Bir hesabatda kəskin azalma, digərində artım göstərir