Azərbaycanda pensiya yaşının artırılması məsələsi yenidən gündəmə gəlib. Bir neçə gündür mediada və sosial şəbəkələrdə Maliyyə Nazirliyinin “2026–2029-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi” sənədinə istinadən məlumatlar yayılaraq, ölkə əhalisinin qocalmasının gələcəkdə sosial sığorta ödənişləri üçün müəyyən risklər yarada biləcəyi müzakirə edilir. Bu baxımdan ekspertlər pensiya yaşının artırılması üçün zəmin yarana biləcəyini qeyd edirlər.
Hazırda Azərbaycanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün isə 2025-ci il iyulun 1-dən etibarən 64 yaşdır. Qanunvericiliyə əsasən, qadınların pensiya yaşı hər il 6 ay artırılır və 2027-ci il iyulun 1-dək 65 yaşa çatacaq.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə ölkə əhalisinin 9,1 faizi, yəni 930 mindən çoxu 65 yaş və ondan yuxarı yaş qrupundadır. 2025-ci ildə ildə isə bu göstərici artıq 9,9 faizə çatıb.
BMT-nin Əhali Fondunun məlumatına əsasən, dünyada 65 yaş və ondan yuxarı insanların payı orta hesabla 10 faiz təşkil edir. Bu göstərici Avropa İttifaqında 21 faiz, Orta Asiyada 11–12 faiz, ABŞ-da 17 faiz, Yaponiyada isə 29 faizdir.
Əhalinin yaşlanması artdıqca bir çox dövlətlər sosial sığorta və pensiya siyasətlərinə yenidən baxmaq məcburiyyətində qalırlar.
Bəs Azərbaycanda pensiya yaşının artırılması bu məsələnin həlli üçün doğru yol sayıla bilərmi?
Maliyyə Nazirliyinin sözügedən sənədində deyilir:
“Hazırda ölkə əhalisinin 69,7 faizi əmək qabiliyyətli yaşda (15–65 yaş), 9,1 faizi isə 65 və yuxarı yaş qrupuna aiddir. Dünya göstəriciləri ilə müqayisədə hazırkı vəziyyət dövlət pensiya sisteminin maliyyə dayanıqlığı baxımından qənaətbəxş hesab edilsə də, uzunmüddətli dövrdə əhalinin yaşlanması, sığortaolunanlarla pensiyaçılar arasındakı say nisbəti, gözlənilən orta ömür müddəti və digər amillər pensiya sistemi qarşısında mühüm çağırışlar yaradır. Növbəti bir neçə onillikdə ölkə əhalisinin tərkibində yaşlı əhalinin sayının və xüsusi çəkisinin artması, dövlət pensiya təminatı sisteminin əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqqı ödəyicilərinin sayının azalmasına, nəticə etibarilə isə onun maliyyə öhdəliklərinin artmasına səbəb ola bilər”.
Sənəddə həmçinin qeyd olunur ki, 2024-cü ildə 0,6 faiz olan əhalinin illik artım tempi BMT-nin “Dünya Əhalisinin Perspektivləri” hesabatına əsasən 2050-ci ilədək əhəmiyyətli dərəcədə azalacaq. Bununla yanaşı, 15-64 yaş aralığında olan əmək qabiliyyətli əhalinin sayı 2030-cu illərin ikinci yarısında maksimum səviyyəyə çatacaq, daha sonra isə azalmağa başlayaraq 2050-ci ildə ümumi əhali strukturunda xüsusi çəkisi 65,4 faizə enəcək. Digər tərəfdən, ən sürətli artım 65 və daha yuxarı yaşda olan əhali qrupunda müşahidə olunacaq.
Maliyyə Nazirliyinin proqnozlarına görə, Azərbaycanda 2050-ci ilədək 65 yaşdan yuxarı şəxslərin əhalidə xüsusi çəkisi 18,1 faizə çatacaq:
“Bundan əlavə, əhalinin iqtisadi rifahı, tibbi xidmət və sosial təminatının yüksəlməsi fonunda əhalinin gözlənilən orta ömür uzunluğunun artması gözlənilir ki, bu da öz növbəsində əmək pensiyaçılarının orta pensiya ödənişi müddətinin uzanması və Fondun maliyyə yükünün artması ilə nəticələnir.”
Hazırda Azərbaycanda orta ömür uzunluğu 74,6 ildir. BMT-nin proqnozlarına əsasən, bu göstərici 2050-ci ildə 78,6 ilə yüksələcək.
Sənəddən həmçinin aydın olur ki, DSMF-yə yığılacaq vəsaitlərin investisiyalara yönəldilməsi maliyyə davamlılığının təmin olunmasında vacib alət kimi qiymətləndirilir. Yəni, DSMF suveren fondlar kimi oraya daxil olan sosial sığorta ödəmələrini digər maliyyə alətlərinə yatırmaqla əlavə gəlir əldə edə bilər.

İqtisadçı-ekspert Natiq Cəfərli Meydan TV-yə açıqlamasında bildirib ki, Azərbaycanda pensiya ilə bağlı müzakirələrdə ən çox gündəmə gələn məsələ pensiya yaşının artırılmasıdır:
“Bu, müzakirə olunmalı vacib məsələdir. Lakin daha vacib məsələ təqaüdlərin məbləğinin artırılması olmalıdır. Hazırda təqaüdlərin həcmi çox azdır. Ölkədə 900 minə yaxın pensiyaçı minimum pensiyaya yaxın məbləğ alır. Əslində, birinci növbədə həll edilməli məsələ də budur. Təqaüdlərin artırılması bütün kateqoriyalara aid edilməlidir”.
İqtisadçının fikrincə, bundan sonra demoqrafik vəziyyət nəzərə alınaraq pensiya yaşı ilə bağlı qərar vermək mümkündür: “Azərbaycanda unikal bir vəziyyət yaranıb. Büdcədən maliyyələşən dövlət sektorunda çalışan təxminən 890 min nəfər vətəndaş var və onların çoxu təqaüdə çıxmaq istəmir. Çünki maaşları pensiyadan 2-3 dəfə, bəzən daha çoxdur. Hətta 70-75 yaşına qədər işləmək istəyənlər çoxdur. Əvvəlcə bu məsələ həllini tapmalıdır ki, sonra pensiya yaşı ilə bağlı ciddi müzakirə aparılsın”.
Dövlət qurumları təkzib edir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə Əlaqələr şöbəsi də məsələ ilə bağlı açıqlama verib. Nazirlik bildirib ki, hazırda pensiya yaşının artırılması ilə bağlı hər hansı təklif müzakirə olunmur.
ƏƏSMN-in məlumatında qeyd edilir ki, ölkədə sosial ödənişlərin, o cümlədən pensiyaların davamlı artımı təmin edilir və bu ödənişlər Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən hər ay vaxtında həyata keçirilir:
“Eyni zamanda, Fondun maliyyə dayanıqlılığının təmin edilməsi məqsədilə məqsədyönlü tədbirlər görülür. Sığorta-pensiya sistemində rəqəmsal həllərin geniş tətbiqi ilə şəffaflığın artırılması, DSMF-nin sərbəst vəsaitlərinin investisiya fəaliyyətinə cəlb edilməsi və digər istiqamətlərdə işlər aparılır. Qeyd olunan tədbirlər çərçivəsində pensiya yaşının artırılması ilə bağlı hazırda hər hansı təklif müzakirə mövzusu deyil”.
Maliyyə Nazirliyi də mediada gedən şərhlərə aydınlıq gətirərək bildirib ki, fiskal orqan olaraq ölkənin ortamüddətli və uzunmüddətli dövrdə qarşılaşacağı müxtəlif sosial-iqtisadi, humanitar və fiskal riskləri öz təhlillərinə daxil edir və bu risklərin uzunmüddətli perspektivdə qarşısının alınması üçün baxışlarını təqdim edib:
“Nazirlik tərəfindən dərc olunmuş “Ortamüddətli Xərclər Çərçivəsi” sənədinin orta və uzunmüddətli risklərin qiymətləndirilməsi bölməsində qeyd edildiyi kimi, hazırda ölkəmizdə ortamüddətli dövrdə fiskal dayanıqlıq, o cümlədən pensiya sisteminin maliyyə dayanıqlığında vəziyyət qənaətbəxşdir və hər hansı risk əlamətləri müşahidə olunmur”.
Özəl pensiya fondlarının yaradılması da gecikir
Ümumiyyətlə, ekspertlərin fikrincə, əhalinin qocalması artıq bütün dünya kimi Azərbaycan üçün də qaçılmaz bir prosesdir. Hərçənd dövlət qurumları pensiya sisteminin maliyyə dayanıqlılığında vəziyyəti qənaətbəxş hesab etsə də, gələcəkdə dövlət pensiya sistemi təkbaşına bu yükü daşımaqda çətinlik çəkə bilər. Xüsusilə, neft gəlirlərindən asılı olan dövlət büdcəsində həmişə risklər yarana bilər.
Bu baxımdan, özəl pensiya fondlarının yaradılması həm iqtisadi sabitlik, həm də fərdi maliyyə təhlükəsizliyi baxımından mühüm mexanizm sayıla bilər. Azərbaycan 2023-cü ildən etibarən özəl pensiya yığım sisteminə keçidlə bağlı hazırlıqlar üzərində işləyir. Hətta bununla bağlı məsələlər müəyyən dövlət proqramlarına da salınıb. Lakin uzun illərdir Azərbaycanda bu sistemin yaradılması yubadılır.
İqtisadçı N.Cəfərlinin fikrincə, yaş həddinin artırılmasından əvvəl həyata keçirilməli əsas islahatlardan biri məhz özəl pensiya fondlarının formalaşdırılmasıdır. O zaman insanlar sosial sığorta yığımlarına daha güvənilir formada yanaşar, eyni zamanda dövlət büdcəsinin üzərindəki yük də azalar:
“Vətəndaşın seçim imkanı olmalıdır. Hazırda bizdə yalnız Dövlət Sosial Müdafiə Fondu mövcuddur və o, vətəndaşlarla fərdi müqavilə bağlamır. Əgər fərdi müqavilələr bağlansa, qarşılıqlı öhdəliklər yaranar. Məsələn, DSMF-yə yığdığımız vəsaitdən istifadə etmək, yaxud onun idarə olunmasına nəzarət etmək hüququmuz ola bilər. Özəl sektorda bu mümkün olur. Fərdi müqavilələrdə toplanan vəsaitin idarə olunması, əlavə dividendlərin ödənilməsi və investisiya gəlirlərinin bölüşdürülməsi kimi məsələlər əksini tapa bilər. Çünki bu, vətəndaşın şəxsi puludur və həmin vəsaitlərə yatırım edilərək qazanc əldə olunur”.