Azərbaycanda müəmmalı qəzalar – Ekspertlər necə düşünür?

Noyabrın 11-də Türkiyəyə məxsus C-130 tipli hərbi yük təyyarəsi Azərbaycandan Türkiyəyə gedərkən Gürcüstanın Siqnaxi şəhəri yaxınlığında qəzaya uğrayıb.

Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına görə, qəza nəticəsində göyərtədə olan 20 hərbçi həyatını itirib.

Nazirliyin məlumatında bildirilir ki, həlak olanlar noyabrın 8-də Bakıda keçirilən hərbi paradda iştirak edən Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələrinə texniki xidmət göstərən heyət üzvləri olub.

Hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Ərdoğan çıxışında “Türkiyə və Azərbaycan eyni ağrını bölüşür” sözlərini səsləndirib.

Bu, son iki ildə Azərbaycan və regionun diqqət mərkəzinə düşən üçüncü böyük hava qəzası hesab olunur.

Bundan öncə, 2024-cü ilin 25 dekabrında, Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190 tipli sərnişin təyyarəsi Bakıdan Qroznıya uçarkən vurulmuş, daha sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramışdı.

Hadisə nəticəsində 38 nəfər həlak olmuş, 28 nəfər yaralanmışdı.

Qəzanın ardından təyyarənin Rusiyanın “Pantsir-S” hava müdafiə sistemi tərəfindən vurulduğu iddia olunmuşdu.

Dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı Rusiya Prezidenti Vladimir Putin qəzanın “Rusiyanın hava məkanındakı raket partlayışları ilə əlaqəli ola biləcəyini” etiraf etmişdi.

2024-cü il mayın 19-da isə İran İslam Respublikasının keçmiş Prezidenti İbrahim Rəisi, Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan-İran sərhədindəki görüşdən qayıdarkən qəzaya uğramışdı.

Rəisinin və digər yüksək vəzifəli şəxslərin olduğu helikopter Vərziqan bölgəsində sərt eniş etməyə məcbur olmuş, nəticədə bütün sərnişinlər və ekipaj üzvləri həlak olmuşdu.

Qəzanın səbəbi kimi pis hava şəraiti və dağlıq relyef göstərilmişdi.

Türkiyəyə aid təyyarənin necə qəzaya uğradığı isə hələlik açılmayıb.

Gürcüstan hökuməti hadisə ilə bağlı istintaqın başladıldığını açıqlayıb.

İlkin məlumatlara görə, qəzanın texniki nasazlıq səbəbindən baş vermə ehtimalı güclüdür.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Meydan TV-yə bildirib ki, təyyarənin 57 il əvvəl istehsal olunması və qəza günü bir neçə reys yerinə yetirməsi, texniki problem versiyasını qüvvətləndirir.

Siyasi şərhçi Rauf Mirqədirov isə qəzanın “kənar müdaxilə nəticəsində” baş verməsini istisna etmir və bunu “regionda sabitliyi pozmaq cəhdləri” ilə əlaqələndirir.

Türkiyə mətbuatında artıq təyyarənin “qara qutusu”nun tapıldığı barədə məlumatlar yayılıb.
Ekspertlər hesab edir ki, qəzanın dəqiq səbəbi məhz bu məlumatların təhlilindən sonra müəyyən olunacaq.

Ana səhifəXəbərlərAzərbaycanda müəmmalı qəzalar – Ekspertlər necə düşünür?