Azərbaycanda “Kərimə” dövlət qurmaq iddiası ilə ittiham olunanlara hökm oxunub

Məhkəmə. İllüstrasiya: Meydan TV

Arif Cümşüdov və Anar İsayev 17 il, digər dörd şəxs isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər

Bu gün, mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması iddiası ilə ittiham olunan 6 nəfər barəsində hökm çıxarılıb.

Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevə azadlıqdan məhrumetmə cəzası verilib.

Hökmə əsasən, Arif Cümşüdov və Anar İsayev 17 il, digər dörd şəxs isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

İttihama görə, İranda yaşayan Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişi ilə Arif Cümşüdov Azərbaycanda silahlı iğtişaşlar törədərək dini əsaslarla yeni dövlət qurmaq məqsədilə “müqavimətçi dəstə” formalaşdırıb. Cümşüdov bu məqsədlə ətrafındakı şəxsləri gizli görüşlərə cəlb edib və onlara təlimatlar verib.

İttihamda deyilir ki, Rufulla Axundzadə Anar İsayevə də eyni məqsədlə tapşırıqlar verib və onu Cümşüdovla əlaqələndirib. Təqsirləndirilən şəxslər sosial şəbəkələrdə və ictimai yerlərdə İran və dini radikalizm lehinə təbliğat aparmaqda da ittiham olunublar.

Dövlət Təhlükəsizliyi Xidmətinin araşdırmalarına əsasən, onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci (qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və daşıma, külli miqdarda törədildikdə) və 278.2-ci (Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi) maddələri ilə ittiham irəli sürülüb.

Ana səhifəSiyasətAzərbaycanda “Kərimə” dövlət qurmaq iddiası ilə ittiham olunanlara hökm oxunub