Qazaxıstan damazlıq və iribuynuzlu mal-qaranın ixracına qoyulan qadağanı daha 6 ay müddətinə uzadıb. Bu qadağa bu ilin əvvəlində-yanvarın 8-də Qazaxıstanın Xarici Ticarət Siyasəti və Beynəlxalq İqtisadi Təşkilatlarda İştirak üzrə İdarələrarası Komissiyasının qərarı ilə tətbiq edilmişdi. Qərarın verilməsinə səbəb kimi südçülük təsərrüfatlarının genişləndirilməsi və “Avstraliya” üsulu ilə heyvandarlığın inkişafının dəstəklənməsi göstərilir.
Qazaxıstanla yanaşı, Qırğızıstanın Kənd Təsərrüfatı Nazirliyi də kənd təsərrüfatı heyvanlarının, o cümlədən iri və xırdabuynuzlu mal-qaranın və atların ixracı üçün icazələrin verilməsini dayandırıb.
Qazaxıstan Azərbaycana diri heyvan ixrac edən əsas üç ölkədən biridir. Belə ki, 2024-cü ildə ölkəyə idxal olunan 54,5 min baş diri iribuynuzlu heyvanın 6 mini Qazaxıstandan alınıb. Həmçinin 181,8 min baş diri qoyunun 4,2 mini bu ölkədən idxal edilib. Ümumilikdə, ölkəmizin diri iri və xırdabuynuzlu heyvan idxalının 4,2 faizi bu ölkənin payına düşüb. 2025-ci ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə bu istiqamətdə idxalda 16 faiz artım var. Azərbaycan üçün əsas digər idxalçı ölkələr isə Rusiya və Gürcüstandır.
Kənd təsərrüfatı mütəxəssisi, iqtisadçı ekspert Vahid Məhərrəmli Meydan TV-yə açıqlamasında bildirib ki, Qazaxıstanda tətbiq edilən ixrac qadağaları Azərbaycanda ətin bahalaşmasına səbəb ola bilər. Onun sözlərinə görə, Azərbaycan ətə olan tələbatının 20 faizini ölkəyə idxal edilən diri heyvanların kəsimi hesabına təmin edir və idxal olunan heyvanların əti statistika göstəricilərində daxili istehsal kimi qeydə alınır.
Ekspert deyir ki, son illər diri heyvan idxalı kəskin şəkildə artıb:

“Dəyər ifadəsində 116 milyon dollarlıq ətlik diri heyvan idxal olunub. On il bundan əvvələ qədər bu rəqəm 10-12 milyon dollar idi. Ətlik diri heyvan idxalı təxminən 10 dəfə artıb. Burada söhbət, əsasən, kəsim üçün nəzərdə tutulan heyvanlardan gedir”.
“Hesablamalar göstərir ki, illik orta hesabla 57,8 min ton diri heyvan təmiz ət çəkisində idxal edilir. Bu isə o deməkdir ki, Azərbaycanda istehlak olunan ətin ümumi həcminin təxminən 15 faizi idxal edilən diri heyvanların payına düşür. Bundan əlavə, ölkəyə hər il 67 min ton dondurulmuş ət də idxal olunur. İndi Qazaxıstan ixracı dayandırarsa, bizim ət idxalında problemlər yarana bilər”– deyə Vahid Məhərrəmli bildirib.
Ət ixracı səmərə vermir
Mütəxəssisin sözlərinə görə, qlobal istiləşmə bir çox ölkələrdə heyvandarlığın inkişafında problemlər yaradır. Həmin ölkələr öz daxili tələbatlarını ödəyəcək qədər heyvandarlığı inkişaf etdirməyə çalışırlar. Bu baxımdan, bir çox inkişaf etmiş ölkələr heyvanların sayını azaltmağa meyllidirlər.
“Ət ixracı səmərə vermir. Ona görə ki, yem istehsalı çətinləşib, örüş ərazilərində ot örtüyü seyrəkləşir. Artıq əksər ölkələr düşünür ki, yalnız daxili tələbatı ödəyəcək qədər ət istehsal etsinlər”, – deyə V. Məhərrəmli vurğulayıb.
Onun fikrincə, Qazaxıstan beynəlxalq normaya uyğun həcmdə ət istehsalına nail olub:
“Beynəlxalq normaya görə ət istehlakı adambaşına ildə 78 kq təşkil edir. Qazaxıstan son 5 ildə ət istehsalını 2 dəfədən çox artıraraq bu normanı təmin edib. İndi hesab edirlər ki, resursları gəlir gətirəcək digər sahələrə yönəltsinlər.
Azərbaycan isə adambaşına 45 kq ət istehlakı ilə postsovet məkanında ən geridə qalmış ölkədir. Hətta qonşu Ermənistanda bu rəqəm 62 kq-dır. Azərbaycan da bu istehlakın 32 kq-nı daxili istehsal, 5,8 kq-nı diri heyvan, 6,7 kq-nı isə dondurulmuş ət idxalı hesabına təmin edir”.
Azərbaycanda ət istehlakının normadan az olmasının əsas səbəbini V. Məhərrəmli alıcılıq qabiliyyətinin aşağı olması ilə izah edir:
“Azərbaycanda orta aylıq əməkhaqqı aşağıdır. Statistika göstəriciləri şişirdilir, amma ailədə işləməyənlərin də sayını nəzərə almaq lazımdır. 4 nəfərdən ibarət ailədə yalnız bir nəfər işləyirsə, həmin gəlir onların normal həcmdə ətlə qidalanmasına imkan vermir. Alıcılıq qabiliyyəti yüksək olsa, həm ət idxalı, həm də daxili istehsal artar”.
Ətin qiymətinin baha olmasının səbəblərindən biri: Monopoliya
Ekspert digər səbəb kimi monopoliya nəticəsində ətin qiymətinin yüksək olmasını misal çəkir.
“Azərbaycanda ətin qiyməti Rusiya ilə müqayisədə 2 dəfə yüksəkdir. Məsələn, Rusiyada sümüklü mal ətinin 1 kq-i 8,5 manat olduqda, Azərbaycanda bu rəqəm 16–16,5 manat təşkil edir. Orada ət həm ucuzdur, həm də insanların alıcılıq qabiliyyəti daha yüksəkdir. Buna görə də Rusiyada adambaşına düşən ət istehlakı normadan yüksəkdir. Belarusda isə adambaşına illik istehlak 110 kq-dır ki, bu da normadan xeyli artıqdır. Çünki həmin ölkələrdə maldarlıq yüksək inkişaf edib. Eyni vəziyyət Qazaxıstanda da müşahidə olunur. İstehlakı artırmaq lazımdır ki, istehsal da dirçəlsin. Alıcılıq qabiliyyəti artsa, istehsal da artacaq”.
V. Məhərrəmli bildirir ki, alternativ bazarlar hesabına idxalda yaranacaq kəsiri aradan qaldırmaq çətin ola bilər və ölkədə ət qıtlığı yarana bilər:
“Düşünmürəm ki, Rusiya Azərbaycana daha artıq heyvan ixrac etsin, çünki onların özündə də vəziyyət pisləşir. Gürcüstan isə qoyunları daha çox ərəb ölkələrinə ixrac etməyə üstünlük verir. Alternativ bazarlar tapmaq çətindir. Hazırkı şəraitdə hər bir ölkə öncə öz tələbatını qarşılamağa çalışır. Qlobal iqlim böhranı artıq əksər ölkələri ehtiyat yığmağa vadar edir. Çünki daşqınlar, dolu, sel-sular və intensiv yağışlar kənd təsərrüfatı üçün ciddi problemlər yaratmağa başlayıb”.
Daxili istehsal olmazsa…
Ekspertə görə, daxili istehsal hesabına qıtlığı aradan qaldırmaq mümkün olmasa, ətin qiyməti daha da bahalaşacaq:
“Hazırda Azərbaycanın ət istehsalında vəziyyət acınacaqlıdır. Çünki heyvanların baş sayı kəskin şəkildə azalıb. Son 6 ildə xırdabuynuzlu heyvanların sayı 1 milyon 800 min baş, iribuynuzlu heyvanların sayı isə 300 min baş azalıb. Yem olmadığı üçün kəndlilərə inəklərin balalarını saxlamaq sərf etmir. Həm yem qıtlığı var, həm də qiyməti bahadır. Ona görə də çoxu kökəltmə ilə məşğul olur. Kökəltmək üçün gətirilən heyvanların bir hissəsi xaricdən idxal olunurdu, indi bu da gəlməyəcək. Nəticədə adambaşına düşən 32 kq ət istehsalı da azala bilər”.
V.Məhərrəmli bilirib ki, Azərbaycanda mal-qara sayının azalmasının səbəblərindən biri örüş sahələrinin azalmasıdır:
“Azərbaycanda qoyunlar əsasən otlaq şəraitində saxlanılır. Qapalı məkanda saxlamaq üçün xüsusi yem tələb olunur. Bununla demək olar ki, heç kim məşğul olmur. Bizdə tərəkəmə həyatı sürürlər, heyvanları bir rayondan digər rayona apararaq otarırlar. İşğaldan azad olunmuş ərazilər isə məmurlar tərəfindən ələ keçirilib. Onlar orada az sayda heyvan saxlayırlar və onlara da normal qulluq edilmir“.
Ekspert deyir ki, vaxtilə Azərbaycanda iribuynuzlu heyvanların sayı çox olub.
“Təəssüf ki, düzgün yemləmə qaydası olmayıb. Təsəvvür edin ki, kökəltmədə olan heyvanların çəki artımı orta hesabla günə cəmi 400 qramdır, bunun da yarısı ətlikdir. Halbuki əksər ölkələrdə bu artım 1 kq–1,7 kq arasında təşkil edir. Bu qədər fərq olduğu halda yerli istehsal olunan ətin maya dəyəri baha başa gəlir. Biz təmiz əti 2 dollara və ya 3 manat 40 qəpiyə idxal edirik. İndi düşünün, o ətin maya dəyəri nə qədər aşağıdır ki, ölkəyə 3 manat 40 qəpiyə idxal olunur. Bazarda həmin dondurulmuş ət 8-9 manata satılır. Göründüyü kimi, idxal qiymətindən 2-3 dəfə baha qiymətə. Eyni zamanda diri heyvanları xaricdən hər kq-nı 5 manata alıb, daxili bazarda 13 manata satırlar”.
Ekspert hesab edir ki, yaxın bir neçə ay ərzində sümüklü mal ətinin qiyməti 20 manatı keçə bilər.