Azərbaycan XİN Aİ–Ermənistan strateji tərəfdaşlıq sənədinə etiraz edib

Ermənistan-Avropa Birliyi. Foto: Alexandros Michailidis/shutterstock

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) dekabrın 9-da bəyanat yayaraq Ermənistanla Avropa İttifaqı arasında imzalanmış yeni strateji tərəfdaşlıq sənədi ilə bağlı narahatlıq ifadə edib.

Dekabrın 2-də “Ermənistan və Avropa İttifaqı (Aİ) Brüsseldə yeni strateji tərəfdaşlıq gündəliyini qəbul ediblər.

Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas imzalayıb.

Tərəfdaşlığa təhlükəsizlik və müdafiə sahəsində daha güclü əməkdaşlıq, iqtisadi inkişafa, institutların gücləndirilməsinə dəstək daxildir.

Ararat Mirzoyan yeni tərəfdaşlıq gündəliyi sənədini “iddialı” adlandırıb, Ermənistan-Avropa İttifaqı ikitərəfli əməkdaşlığını daha da dərinləşdirəcəyini vurğulayıb.

Azərbaycan XİN bildirib ki, sənəddə post-münaqişə dövründə reallıqları təhrif edən və Ermənistanla arasındakı sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsi ciddi narahatlıq doğurur.

XİN-in şərhində vurğulanır ki, sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir və bu, eyni zamanda Azərbaycan-Aİ münasibətlərinə mənfi təsir göstərir. Nazirlik xüsusilə reinteqrasiya planından imtina etmiş, Azərbaycandan “könüllü şəkildə” Ermənistana köçmüş erməni sakinlərinə istinad edilməsi, eləcə də “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsinin işlədilməsini qərəzin nümunəsi hesab edir.

XİN-in açıqlamasına görə, burda deyilənlər 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanan Azərbaycan-Ermənistan sülh sazişi ilə ziddiyyət təşkil edir.

Həmçinin  Aİ-Ermənistan strateji tərəfdaşlıq sənədində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə istinad edilməməsi narahatlıq doğurur.

Bu il avqustun 8-də Azərbaycan və Ermənistan rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətni paraflayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə təmin ediləcək. TRIPP marşrutu Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyacaq.

2017-ci ildə Ermənistan Aİ ilə tərəfdaşlıq sazişi imzalayıb. Azərbaycanla həmin vaxt eyni danışıqlar aparılsa da, müsbət nəticə əldə edilməyib. 

Qarabağ münaqişəsinin kökləri 1980-ci illərə gedir, 1990-cı illərdə Azərbaycanın əraziləri işğal olunub, 2020 və 2023-cü illərdə keçirilən hərbi əməliyyatlarla Azərbaycan bütün ərazilərində suverenliyini bərpa edib və bölgədəki erməni əhali Ermənistana köçüb.

Ana səhifəSiyasətAzərbaycan XİN Aİ–Ermənistan strateji tərəfdaşlıq sənədinə etiraz edib