Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib ki, USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas yoxdur
Azərbaycan ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bu ölkədə fəaliyyətinin dayandırılmasına dair Birləşmiş Ştatlara bildiriş göndərib.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
“USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib”, – Ayxan Hacızadə qeyd edib.
Xarici işlər naziri Ceyhun Bayramov 2025-ci il yanvarın 16-da mətbuat konfransında demişdi ki, USAID-in Azərbaycanda fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb.
Nazirin sözlərinə görə, USAID-in Azərbaycanda yardımları ABŞ-nin mənafeyi üçün edilirdi:
“Buna görə də biz ABŞ ilə sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını tələb etdik”.
USAID Ceyhun Bayramovun dediklərinə cavab olaraq bildirib ki, agentlik Azərbaycan xalqına dəstək verməyə sadiq qalır.
“Üç onillikdən çoxdur ki, USAID Azərbaycan xalqı ilə birgə iqtisadi imkanların təşviqi, yerli səhiyyə sistemlərinin gücləndirilməsi və vətəndaşların ictimai həyata daha fəal cəlb olunması istiqamətində çalışıb. Biz Azərbaycan xalqına dəstək verməyə, regional sülhün təmin olunması və iqtisadi inteqrasiya istiqamətində işləməyə sadiqik”, – ABŞ Beynəlxalq İnkişaf Agentliyinin cavabında bildirilib.
Azərbaycanın XİN-dən daha öncə də USAID-in layihələri ilə bağlı tənqidlər səslənib, bu layihələrin şəffaf olmadığı, Azərbaycanın maraqlarına cavab vermədiyi bildirilib.
Bu tənqidlər, əsasən, 2023-cü ilin sentyabrında rəsmi Bakının Qarabağda birgünlük hərbi əməliyyat keçirməsindən sonra başlayıb.
Onda USAID-in rəhbəri Samanta Pauer demişdi ki, həmin əməliyyat nəticəsində yüz mindən çox insan evlərini tərk etməyə, Ermənistana köçməyə məcbur olub.
2023-cü ilin noyabrında ABŞ Dövlət Departamenti Azərbaycan XİN-nin USAID ilə bağlı ittihamlarına cavab vermişdi:
“USAID-in yardım layihələri ilə bağlı bu cür ittihamlar yalandır və bizim yardımın məqsədini kökündən yanlış xarakterizə edir. Hər zaman olduğu kimi, bizim köməyimiz şəffafdır. Bütün USAID proqramları azad və dinc cəmiyyətlərə yönəlmiş demokratik dəyərləri təbliğ edir”.
Son illər ABŞ və Azərbaycan arasında münasibətlər soyuyub.
ABŞ-dən Azərbaycanda ictimai fəalların, jurnalistlərin həbsindən narahatlıq ifadə edilib, rəsmi Bakı isə bunu onların daxili işinə qarışmaq kimi dəyərləndirib.
Azərbaycan Prezidenti İlham Əliyev isə son müsahibələrində ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla bağlı ümidlə danışıb, ABŞ ilə münasibətlərin strateji səviyyəyə çatdırıla biləcəyini deyib.
Donald Trampın Prezident seçilməsindən sonra ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) adlı iri donor təşkilatının fəaliyyətini məhdudlaşdırmasına yönəlmiş qərarlar qəbul edilib. Agentliyin veb-saytının artıq fəaliyyətini dayandırdığı, onun adının yazıldığı lövhələrin isə Vaşinqtonun mərkəzindəki baş qərargahın binasından yığışdırıldığı bildirilir. Agentliyin “X”-dəki hesabı da ləğv olunub. Bundan başqa, USAID-in fəaliyyətini tənqid edən Prezident Donald Trampın onu Dövlət Departamenti ilə birləşdirməyi və işçilərini ixtisar etməyi planlaşdırdığı, bunu yaxın günlərdə elan edəcəyi bildirilir.
USAID-in saytında yerləşdirilən son məlumatda agentliyin bütün ölkələrdəki işçilərinin məzuniyyətə göndərildiyi bildirilir.