2025-ci ildə Azərbaycan-Rusiya münasibətlərində yaranan gərginlik təkcə siyasi müstəvi ilə məhdudlaşmayıb. Xüsusilə, 2024-cü ilin dekabrında “AZAL”a məxsus sərnişin təyyarəsinin vurulması Bakı ilə Moskva arasında diplomatik qarşıdurmanı kəskinləşdirdi. Hazırda tərəflər arasında dəymiş mənəvi və maddi zərərlərə görə kompensasiya məsələsində ciddi fikir ayrılıqları qalmaqdadır. Rusiya tərəfi kompensasiyanın tam ödənildiyini iddia etsə də, rəsmi Bakı bu açıqlamalarla razılaşmır.
Bundan başqa 2025-ci ilin iyununda Yekaterinburqda keçirilən əməliyyat zamanı Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılan etnik azərbaycanlılardan ikisinin həbsdə işgəncə nəticəsində ölməsi, digərlərinin isə xəsarət alması Azərbaycan tərəfindən “etnik təzyiq” kimi qiymətləndirilərək sərt tənqid olundu. Bununla yanaşı, Rusiyada Azərbaycan diasporasına bağlı iş adamlarının təqib olunması, bizneslərinə müdaxilələr və həbslər də ciddi narazılıq doğurdu.
Azərbaycan tərəfinin cavabı isə “Sputnik”in Bakı ofisinin bağlanması, bir sıra Rusiya vətəndaşlarının “casusluq” ittihamı ilə həbs edilməsi, həmçinin “Rus Evi”nin fəaliyyətinin dayandırılması oldu.
Proseslər Azərbaycan-Rusiya ticarət əlaqələrinə təsir göstəribmi?
Dövlət Gömrük Komitəsinin statistik məlumatlarında məlum olur ki, bəzi aylarda ticarət dövriyyəsində azalma müşahidə edilib. Bu dinamikanın səbəbləri ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Ekspertlər bunları Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, ikitərəfli münasibətlərdə gərginlik, gömrükdəki prosedurlar və digər amillərlə izah edirlər.
DSK-nin məlumatına görə, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Bu müddətdə 111 ölkəyə məhsul ixrac olunub, 162 ölkədən isə idxal edilib.
Ümumi ticarət dövriyyəsində 10,6 faiz payla Rusiya 3-cü yerdə qərarlaşıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2025-ci ilin birinci rübündə artım müşahidə olunsa da, ikinci rübdə kəskin azalma qeydə alınıb.

Göründüyü kimi, 2025-ci ilin yanvar, fevral və mart aylarında ticarət dövriyyəsi 2024-cü illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Lakin ilin ikinci rübündə həm daxili, həm də beynəlxalq siyasi gərginliklər ticarət dövriyyəsinə mənfi təsirini göstərməyə başlayıb.
2024-cü ildə aylıq ticarət dövriyyəsi təxminən 200-300 milyon dollar arasında sabit şəkildə dəyişib. 2025-ci ildə isə proporsiya pozulub, əməliyyatlar “ziq-zaq”lı dinamika ilə müşahidə olunub. Belə ki, “AZAL” təyyarəsinin vurulmasından sonra yanvar ayında dövriyyə 330,6 milyon dollar, fevralda 516,2 milyon dollar, martda isə 350,6 milyon dollar təşkil edərək pik həddə çatıb.
İlin ikinci rübündə isə aylıq göstəricilər 215-300 milyon dollar intervalında olub ki, bu da həm əvvəlki rüblə, həm də 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə azaldığını göstərir.
Bununla belə, 2025-ci ilin üçüncü rübünün ilk ayında Azərbaycan-Rusiya ticarət dövriyyəsində nəzərəçarpan artım qeydə alınıb.
Bu tendensiyanın idxal və ixrac əməliyyatları üzrə strukturuna baxdıqda, ilin ilkin aylarında idxal əməliyyatlarının həcminin 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artdığı müşahidə olunur. İdxalın artımında əsas rol Azərbaycanın Rusiyadan neft-qaz alışını artırmasıdır. Xüsusilə, son ildə Azərbaycan Rusiyadan neft alışını əhəmiyyətli dərəcədə artırıb.

Görünür ki, ilin növbəti rübündə idxal həm əvvəlki rüblə, həm də ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Lakin iyul ayında idxal iyuna nisbətən 1,8 dəfə artıb. Ümumilikdə, cari ilin yanvar-iyul aylarında Rusiya ilə idxalın həcmi 2,35 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən illə müqayisədə 18,3 faiz artım deməkdir. Bu artım daha çox fevral və iyul aylarında həyata keçirilən əməliyyatların hesabına təmin olunub.

Rusiyaya ümumi ixracımız isə 2025-ci ilin yanvar-iyul aylarında 721,2 milyon ABŞ dolları olub və bu istiqamətdə artım 9 faiz təşkil edib.
Burda isə görünür ki, ixrac əməliyyatlarını aylar üzrə müqayisə etdikdə yalnız fevral və aprel aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə cüzi azalma müşahidə olunur. Digər aylarda isə əksinə artım qeydə alınıb, xüsusilə may-iyul aylarında Rusiyaya ixrac olunan məhsulların dəyəri daha da artıb.
Bu dinamika göstərir ki, iki ölkə arasında gərginləşən siyasi münasibətlər ticarət əməliyyatlarına əhəmiyyətli təsir göstərməyib. Rusiya Azərbaycan məhsullarını qəbul etməkdə hər hansı məhdudiyyət və ya təzyiq tətbiq etməyib.
İdxaldakı aylıq dinamikanın kəskin dəyişməsinin səbəbinin Rusiya neftinə tətbiq edilən sanksiyalar və ya başqa amillərlə bağlı olub-olmadığını Dövlət Statistika Komitəsinin ölkələr üzrə mal qrupları üzrə aylıq ticarət statistikası açıqlanandan sonra dəqiqləşdirmək mümkün olacaq.