Azərbaycan Ermənistanın atəşkəsi yenidən pozduğunu deyir

Foto: Meydan TV

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatın həqiqətəuyğun olmadığını bildirib

Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq Ermənistanın atəşkəsi yenindən pozduğunu deyir.

Nazirliyin məlumatında bildirilir ki, Ermənistan Silahlı Qüvvələri martın 17-si saat 17:25-dən 21:45-dək Qarakilsənin Saybalı, Çənbərəyin Vaqan və Basarkeçərin İstisu yaşayış məntəqələri istiqamətlərində Azərbaycan bölmələrini atəşə tutublar.

Həmin gün, martın 17-də saat 22:15-dən martın 18-i saat 00:20-dək Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərinin təkrar atıcı silahlardan fasilələrlə atəşə tutulduğu bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi məlumat verir ki, martın 18-i saat 08:55 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçərin İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini yenə atıcı silahlardan atəşə tutub.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatın həqiqətəuyğun olmadığını bildirib.

Qeyd olunub ki, Baş nazirin ofisi atəşkəs rejiminin pozulması hallarının və ya onlar haqqında məlumatların araşdırılması üçün Azərbaycana birgə mexanizm yaradılmasını təklif edib. Lakin Azərbaycan hələlik Ermənistanın bu təklifinə cavab verməyib.

“Ermənistana Azərbaycan Müdafiə Nazirliyinin bəyanatını təsdiq edən faktlar verilərsə, onları araşdırmağa hazırıq”, – Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.

2025-ci il martın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin yekunlaşdığını deyib.

 Ermənistanın Xarici İşlər Nazirliyi də elə həmin gün məlumat yayaraq Bayramovun dediklərini təsdiqləyib.

 Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

 2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

 Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

 Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

 O, fərmanı 2023-cü il sentyabrın 19-dan sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

 Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

 Tərəflər 2024-cü ildə sülh müqaviləsi bağlamaq niyyətlərini bəyan ediblər.
Ötən ilin sentyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan Yeravanın bu məqsədlə Konstitusiyanı dəyişdirməyə hazır olduqlarını bildirib.

Ana səhifəXəbərlərAzərbaycan Ermənistanın atəşkəsi yenidən pozduğunu deyir