Azərbaycan çirkli neft satmaqda ittiham olundu: ticarət dayandırılıb, “BP” yoxlamalara başlayıb

Bakı, neft. Foto: Reuters

“British Petroleum” (BP) və İtaliyanın “Eni SpA” şirkətləri Azərbaycanı çirkli neft satmaqda ittiham ediblər. Bu barədə “Bloomberg” xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, “BP Plc” Azərbaycan neftinin bəzi partiyalarında üzvi xloridlərin (organic chlorides) aşkarlanması ilə bağlı xəbərdarlıq edib. Bu maddə artıq miqdarda olduqda, neft emalı zavodlarına və texnoloji avadanlıqlara ciddi ziyan vura bilər.

İtaliyanın enerji şirkəti “Eni SpA” isə çirkli neft partiyalarından bir neçəsini aldığını və həmin emal sisteminə daxil olduğunu bəyan edib.

“APA-Economics”in sorğusuna cavab olaraq, “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib ki, “BTC Co.” dərhal boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyətinin hərtərəfli qiymətləndirilməsini həyata keçirib:

“Qiymətləndirmələrin nəticələri göstərdi ki, Ceyhan terminalınadək boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyəti qəbul olunmuş texniki spesifikasiyalara uyğundur. Əlavə olaraq, Ceyhan terminalındakı çənlərdə saxlanılan xam neftin də keyfiyyəti yoxlanılıb. Nəticədə bəzi çənlərdə üzvi xloridlərin mövcudluğu müəyyən edilib. Dərhal müvafiq tədbirlər görülüb və həmin çənlər təcrid olunub. Hazırda problemin araşdırılması və tam aradan qaldırılması istiqamətində işlər davam etdirilir”.

Tamam Bayatlı əlavə edib ki, BTC boru kəməri vasitəsilə neftin ixracı davam edir:

“BTC Co. həmçinin bildirir ki, müəyyən müddət ərzində Ceyhan terminalında hər bir yeni yüklənən tankerdəki xam neftin keyfiyyətinin qəbul olunmuş spesifikasiyalara uyğunluğunu təmin etmək məqsədilə yükləmə öncəsi nümunələr yoxlanılacaq”.

Qeyd edək ki, çirkləndirici kimyəvi maddə – üzvi xloridlərin aşkar edilməsindən sonra Azərbaycan neftinin Türkiyənin Ceyhan limanında tankerlərə daşınması bir neçə gün müddətinə dayandırılıb. “Reuters” agentliyinin məlumatına görə, iyulun 19-dan 23-dək heç bir daşınma həyata keçirilməyib. Yalnız iyulun 24-də “Searanger” adlı tanker neftin ilk partiyasını qəbul edib. Gəmi dörd gün ərzində limanda qalıb.

Məsələ ilə bağlı əlavə məlumat almaq məqsədilə Meydan TV tərəfindən SOCAR-a ünvanlanmış sorğu isə cavabsız qalıb.

2006-cı ilin iyun ayında istismara verilmiş Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri “BTC Co.” şirkəti tərəfindən inşa edilib. Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration Limited” şirkəti layihənin operatorudur.

“BTC Co.”nun səhmdarları: BP – 30,1%, AzBTC – 25%, MOL – 8,9%, Equinor – 8,71%, TPAO – 6,53%, Eni – 5%, Total – 5%, Itochu – 3,4%, Inpex – 2,5%, ExxonMobil – 2,5%, ONGC (BTC) Limited – 2,36%.

Tək keyfiyyət deyil, hasilat da aşağı düşür

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında əsas  marşrutu hesab olunur. Hazırda bu boru kəməri əsasən Azəri-Çıraq-Günəşli (AÇG)  və “Abşeron” yatağından hasil edilən nefti, “Şahdəniz” yatağından çıxarılan qaz kondensatını nəql edir.

Azərbaycanda neft hasilatının ən pik dövrü 2010-cu il olub. Həmin il ölkə üzrə ümumilikdə 50 milyon ton neft hasil edilib və bunun 40,6 milyon tonu məhz AÇG yatağının payına düşüb. Yəni ixrac edilən neftin əsas hissəsi adıçəkilən yataq vasitəsilə təmin olunub.

Lakin sonrakı illərdə neft hasilatında kəskin azalmalar müşahidə olunmağa başlayıb. Bu tendensiya həm SOCAR-ın, həm də “Azəri-Çıraq-Günəşli” layihəsinin podratçısı olan ABƏŞ-in əməliyyatlarında özünü göstərir.

Son rəsmi statistikaya əsasən, 2024-cü ildə ölkə üzrə ümumi neft hasilatı 29,1 milyon ton təşkil edib. Bunun 16,8 milyon tonu AÇG yatağının, 4,2 milyon tonu “Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,5 milyon tonu isə SOCAR-ın payına düşüb.

Hökumət dairələrində hasilatın artırılması ilə bağlı ciddi göstərişlər verilsə də, görülən tədbirlər və qoyulan investisiyalar hələlik gözlənilən nəticəni verməyib. 2025-ci ildə neft hasilatının 2024-cü illə müqayisədə sabit saxlanılması proqnozlaşdırılıb. Lakin ilin birinci yarısının göstəricilərində artıq proqnozların reallaşmayacağını görmək olur.

2025-ci ilin yanvar–iyun aylarında Azərbaycanda ümumi neft hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 5 faiz azalıb. İlin birinci yarısında hasilat cəmi 13,7 milyon ton təşkil edib.

Nəticədə neft və qaz sektorundan asılılıq Azərbaycanın iqtisadi gəlirlərinə birbaşa təsir göstərir. İxracın 88 faizindən çoxunun məhz neft-qaz layihələri hesabına formalaşması ölkəyə daxil olan kapitalın həcmini də azaldır.

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) açıqladığı məlumata əsasən, 2025-ci ilin yanvar–iyun aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları blokundan fonda 4 milyard 427 milyon manat vəsait daxil olub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 682 milyon manat və ya 13,3 faiz azdır.

Ekspertlər bu azalmaya iki əsas səbəb göstərirlər. Birincisi, ölkə üzrə neft hasilatının azalması, ikincisi, 2025-ci ilin II rübündə dünya bazarlarında neftin qiymətinin ucuzlaşmasıdır.

İcmal büdcənin gəlirləri hesablanarkən neftin baza qiyməti 70 dollar/barrel nəzərə alınıb. Lakin 2025-ci ilin ikinci rübündən etibarən neftin qiyməti bu göstəricidən aşağı düşüb. Bu isə Neft Fonduna daxilolmaların azalmasına təsir göstərir.

Neft azalır: resurslar tükənir, ticarət azalır, idarəetmədə böhran dərinləşir

Hasilatın azalması sürpriz sayıla bilməz. Hələ BTC kəməri işə düşməmişdən əvvəl, 2010-cu ilə qədər neft hasilatında artım, ondan sonrakı dövrdə isə azalma olacağı ilə bağlı proqnozlar mövcud idi.

Bu proqnozlara baxmayaraq, hasilatın saxlanılması və artırılması məqsədilə yeni quyular istismara verildi. Məsələn, 2010-cu ildə hasilat quyularının sayı 90 idisə, 2025-ci il üçün bu rəqəm 197-yə çatıb. Lakin istismar quyularının sayının artması gözlənilən effekti verməyib. Hasilat göstəriciləri hələ də azalır.

Meydan TV-yə danışan “Azneft”də çalışan mütəxəssislərdən bildirib ki, bu sahədə idarəetmədə qeyri-peşəkarlıq və texniki problemlər mövcuddur:

“Bir çox quyuların istismarında texniki yanlışlıqlara yol verilir. Hətta bəzi quyular bir müddət dayandırıldı. Onların yenidən istismarı çətinləşib”.

Bu barədə 2025-ci il mayın 7-də Rusiyanın Lenta.ru saytı da geniş məqalə dərc etmişdi. Lakin yazı qısa müddət sonra Azərbaycan hakimiyyət dairələrinin göstərişi ilə saytdan silinib.

Lenta.ru-da getmiş yazının başlığı

Məqalədə qeyd olunurdu ki, SOCAR-da həyata keçirilən struktur islahatları hələ ki, gözlənilən nəticəni verməyib.

“2023-cü ilin yayında şirkət genişmiqyaslı təmizləməyə məruz qaldı: beş vitse-prezident işdən çıxarıldı və onların yerinə, neft sənayesində yetərli təcrübəyə olmayan şəxslər də daxil olmaqla, yeddi yeni kadr təyin olundu. Bir il öncə isə SOCAR prezidentinin özü dəyişdirilmişdi. Lakin sistem böhran şəraitində komandanın dəyişdirilməsi ciddi dönüş yaratmadı” – deyə yazıda bildirilirdi.

Həmin materialda SOCAR-ın maliyyə vəziyyəti, borc içində boğulmasından bəhs edilirdi. Qeyd olunurdu ki,  2023-cü ilə qədər şirkətin ümumi borcu 12 milyard dollara çatıb. Bu fonda həm neft hasilatı, həm də ticarət həcmi azalmağa davam edir.

Misal üçün, SOCAR-ın törəmə şirkəti olan SOCAR Trading 2023-cü ildə 17,5 milyon ton “Azeri Light” nefti sata bilib. Halbuki bu göstərici 2022-ci ildə 26,4 milyon ton idi.

“Arxa plan qalmaqallarla daha da gərginləşir: bu il boru kəmərinin sızması, keçən il Bakıda neftayırma zavodunda baş verən yanğın, SOCAR Trading ilə əlaqəli saxlanılan “Meliana tankerinin” hekayəsi. Ekspertlərin fikrincə, bütün bu problemlərin kökündə neft sektorunun idarə edilməsinin sahə üzrə təcrübəsi olmayan məmurlara həvalə olunması durur.

Eyni zamanda, təcrübəli işçilər də kütləvi ixtisara məruz qalır.  Yalnız 2023-cü ildə mindən çox, ondan əvvəlki ildə isə iki min nəfərə yaxın əməkdaş işdən çıxarılıb. Bu ixtisarlar optimallaşdırma tədbirlərinə yox, daha çox şirkət daxilində tənqidi baxışlarına görə təmizləməyə bənzəyir” – yazıda göstərilirdi.

Lenta.ru öz mənbələrinə istinad edərək qeyd edirdi ki, Baş nazir SOCAR rəhbərliyinin fəaliyyətindən ciddi narazılığını ifadə edib.

Ana səhifəİqtisadiyyatAzərbaycan çirkli neft satmaqda ittiham olundu: ticarət dayandırılıb, “BP” yoxlamalara başlayıb