Azərbaycan 2005-ci ildən bəri ən pis xal toplayan ölkələr sırasındadır
“Freedom House”-un hesabatına görə, Azərbaycan azad olmayan ölkələr sırasındadır.
İnsan haqları təşkilatının 2024-cü ilə aid hesabatında bildirilir ki, ölkə son 11 ildə 13 pillə geriləyib.
Hesabatda bildirilir ki, on doqquz ildir ki, qlobal azadlıq geriləməkdə davam edir. 2024-cü il 60 ölkədə siyasi hüquq və vətəndaş azadlıqlarının vəziyyəti pisləşib. Yalnız 34 ölkədə yaxşılaşma gözə çarpıb.
Hesabata görə, müxtəlif ölkələrdə hüquq və azadlıqların deqradasiyasını doğuran əsas amillər seçkilər zamanı zorakılıq və siyasi rəqiblərə qarşı repressiyalar, davam edən silahlı münaqişə və avtoritar təcrübələrin yayılmasıdır.
“Freedom House” bildirib ki, 2024-cü ildə keçirilən seçkilərdə zorakılıq əsas problem kimi ortaya çıxıb və seçkilərin keçirildiyi 66 ölkə və ərazinin 27-də seçki zorakılığı qeydə alınıb.
“Azad ölkələrdə seçkilər, əsasən, rəqabət ortamında və ədalətli şəkildə keçirilsə də, avtoritar ölkə və ərazilərdə seçicilərin həqiqi seçim imkanı az olub. Azərbaycan, Əlcəzair, Rusiya, Ruanda kimi ölkələrdə avtoritar hakimlər siyasi rəqiblərini həbs edərək, cəzalandıraraq və ya namizədlikdən çıxararaq məğlubiyyət ehtimalını aradan qaldırıblar”, – hesabatda deyilir.
Hesabatda “qeyri-azad” sayılan 67 ölkə və ərazidən 17-si siyasi hüquq və vətəndaş azadlıqları baxımından ən pis toplam xalları var.
Bunların sırasında Azərbaycanla yanaşı, Belarus, Myanma, Əfqanıstan, Tacikistan, Şimali Koreya, Türkmənistan kimi ölkələrin adı çəkilir. Həmin ölkələr 2005-ci ildən bəri “Freedom in the World” indeksində ən pis xal toplayan ölkə və ərazilərdir.
2005-ci ildə Azərbaycanın xalı 33 olsa da, ötən il bu göstərici 7-yə düşüb.
Azərbaycanın qonşularından Ermənistanla Gürcüstan “qismən azad”, Rusiya, Türkiyə və İran “qeyri-azad” sayılıb.
“Freedom House” ötən hesabatlarında son illər Azərbaycanda dini diskriminasiyanın, müstəqil media və vətəndaş cəmiyyətinə basqıların gücləndiyini vurğulayıb.
Azərbaycan hakimiyyəti ölkədə insan haqları pozuntularına dair tənqidləri qəbul etmir, bu tənqidləri qərəzli hesab edir.