Azər Qasımlının məhkəməsində zərərçəkmiş kimi tanınan şəxs ifadə verib

Azər Qasımlı. İllüstrasiya: Meydan TV

Bu gün, iyulun 30-da Bakı Ağır Cinayətlə Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı 2024-cü dekabr 8-də saxlanılıb. 

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Azər Qasımlı həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib.

Məhkəmə prosesi hakim Telman Hüseynovun sədrliyi ilə baş tutub. 

Prosesdə zərərçəkən qismində Qurbanəli Yusifov ifadə verib.

Qurbanəli Yusifov kriptovalyuta ilə məşğul olduğunu qeyd edib.

 “Mən Azər Qasımlı ilə Real Partiyasında tanış olmuşam. Bizim aramız yaxşı olub. O da kriptovalyuta biznesi ilə məşğul olmaq istəyirdi. Mənim bu işlə məşğul olduğumu eşidəndə birliktə işləməyə başladıq. Mən onun adına hesab açıb idarə edirdim. Həmin hesaba 20 min dollar pul yatırmışdıq. Lakin müharibə ərəfəsində, VPN-dən istifadə etdiyimiz zamanlarda kriptovalyutanın dəyəri düşdüyü üçün, pulu itirdik. İtirilən məbləğin qarşılığında məndən “Bitcoin” tələb etdi. Mən bunun mümkün olmadığını bildirdim. Bu hadisələrdən sonra o məni hədələyərək, təhdidlə 45 min dollar borcum olması barədə sənədə imza atdırdı. Mən bundan sonra qorxaraq ölkədən qaçdım. Bununla kifayətlənməyib məni ailəmlə, uşağımı qaçırmaqla təhdid etdi”.

Zərərçəkmiş kimi tanınan və Azər Qasımlının hədələyib pul tələb etdiyi iddia olunan Qurbanəli Yusifovla bir neçə ildir məhkəmə çəkişməsi gedir:

“Guya Azər Qasımlı onun özünü və ailəsini öldürməklə hədələyib, pul tələb edib. Halbuki, Mingəçevir şəhər Məhkəməsində Azər Qasımlının mülki iddiası üzrə prosesdə özü borcunu etiraf edib. Məhkəmə də iddianı təmin edib. Daha sonra VÖEN məsələsinə görə apellyasiya instansiyası bu qərarı ləğv edib. Qərar verilib ki, bu işə kommersiya məhkəməsində baxılsın. Şəki Kommersiya Məhkəməsində də borcu etiraf edib”, - bundan öncəki məhkəmə proseslərindən birində Azər Qasımlının vəkili Aqil Layic belə deyib.

Yusifov özünə yeni vəkil tutduğunu deyib. Onun vəkili işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Proses sentyabrın 10-na təxirə salınıb. 

Ana səhifəSiyasətAzər Qasımlının məhkəməsində zərərçəkmiş kimi tanınan şəxs ifadə verib