Azər Qasımlının məhkəməsində zərəçəkmiş kimi tanınan şəxs təzadlı ifadələr verib

Azər Qasımlı. İllüstrasiya: Meydan TV

Dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə məhkəmə prosesi davam edib.

Toplum TV xəbər verir ki, proses zamanı sənədlərin tədqiqi mərhələsinə başlanılıb. A.Qasımlının və zərərçəkən qismində çıxış edən Qurbanəli Yusifovun istintaqa verdiyi ifadələr, Mingəçevir Şəhər Məhkəməsinin əvvəlki qərarı və digər istintaq materialları hakim Telman Hüseynov tərəfindən elan olunub.

Sənədlər oxunduqca müdafiə tərəfi Q.Yusifovun ifadəsindəki şübhəli məqamlara diqqət çəkib. Vəkillər bildirib ki, “zərərçəkən” A.Qasımlının onu 2022-2023-cü illərdə borca görə atasını öldürməklə və oğlunu qaçırmaqla hədələdiyini desə də, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyib.

A.Qasımlı da qeyd edib ki, 2024-cü ilin aprelində Q.Yusifovun ona olan borcu ilə əlaqədar Mingəçevir məhkəməsində iş açılıb və həmin prosesdə Q.Yusifovun atası dindirilib, lakin o, hər hansı təhdiddən danışmayıb. Q.Yusifov cavab olaraq bildirib ki, həmin vaxt “məsələni şişirtmək istəməyiblər”. Başqa bir cavabında isə ümumiyyətlə Mingəçevir məhkəməsindəki prosesdən xəbərsiz olduğunu iddia edib.

Q.Yusifov A.Qasımlı üçün “bitcoin” aldığını da inkar edib. Lakin müdafiə tərəfi sənədlərə əsaslanaraq vurğulayıb ki, Yusifovun atası Mingəçevir məhkəməsində oğlunun bunu etiraf etdiyini bildirib.

Növbəti məhkəmə prosesi dekabrın 17-nə təyin edilib.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Azər Qasımlı həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib.

Ana səhifəSiyasətAzər Qasımlının məhkəməsində zərəçəkmiş kimi tanınan şəxs təzadlı ifadələr verib