Azər Qasımlının məhkəməsində prokuror şahidi hədələyib

Azər Qasımlı. İllüstrasiya: Meydan TV

Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun rəhbəri, siyasətçi Azər Qasımlının növbəti məhkəmə prosesi keçirilib. 

Prosesə hakim Telman İsmayılov sədrlik edib. 

Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı Meydan TV-yə bildirib ki, bu dəfə şahid kimi zərərçəkmiş qismində göstərilən Qurbanəli Yusifovun atası dindirilib.

“Vidadi Yusifov hakimin suallarına cavabında Azər Qasımlının ona və oğluna qarşı nəsə edə biləcəyi barədə fikirlərini konkret faktlara deyil, ehtimallarla əsaslandırırdı. Məhkəmədə ona dəfələrlə sual verildi ki, Qasımlının onun oğlunu təhdid etdiyini şəxsən eşidibmi və ya görübmü? Lakin o, yalnız evinin yandırılacağından qorxduğunu və bu səbəbdən narahat olduğunu bildirdi. Halbuki, ittiham tərəfi iddia edir ki, Azər Qasımlı Qurbanəli Yusifovu oğlunu oğurlamaq və atasını öldürməklə hədələyib. Atası isə bu iddiaları təsdiqləmədi. Hətta ifadəsində əlavə etdi ki, məhkəmədə nə danışmalı olduğunu da əvvəlcədən oğlundan soruşub”,- deyə Samirə Qasımlı bildirib.

Daha sonra zərərçəkən kimi tanınan şəxsin xalasıoğlu Ramazan Yusifzadə şahid qismində ifadə verib. O deyib ki, 2023-cü ilin martında işlə əlaqədar Antalyada olub və Q.Yusifovla eyni mənzildə qalıb. Onun sözlərinə görə, Q.Yusifov bir dəfə telefon zəngi qəbul edib və bu zəngdən sonra “əhvalı dəyişib”. Lakin R. Yusifzadə bildirib ki, “aralarında pərdə olduğuna görə” zəngin nədən getdiyini soruşmayıb.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Azər Qasımlı həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib.

S.Qasımlının sözlərinə görə, bu zaman prokuror R.Yusifzadəyə içində hazır cavablar olan yönləndirici suallar verməyə başlayıb. Vəkil Rövşanə Rəhimli buna etiraz edib və sualların açıq-aşkar yönləndirici olduğunu qeyd edib. Hakim də etirazı əsaslı sayaraq qəbul edib.

Samirə Qasımlı bildirib ki, prokurorun bütün cəhdlərinə baxmayaraq, Ramazan Yusifzadə dəfələrlə vurğulayıb: hər hansı hədə-qorxudan xəbəri olmayıb, yalnız xalasıoğlunun “kefinin pozulduğunu” görüb.

Onun sözlərinə görə, bundan sonra prokuror şahidi açıq şəkildə hədələyib ki, əgər ibtidai istintaqda verdiyi ifadəni təkrar etməsə, barəsində cinayət məsuliyyəti məsələsini qaldıracaq. Bu zaman Yusifzadə çaşıb qalıb, vəkil etiraz edib, zalda da etiraz səsləri eşidilib. Kimlərsə “Avropada təhsil almış adamdan üzəduran düzəltməyin” deyə səslənib, digəri isə şahidə onun ifadədən imtina etmək hüququnu xatırladıb. Buna baxmayaraq, Ramazan Yusifzadə yalnız prokurorun təhdidindən sonra bildirib ki, xalasıoğlu ona Azər Qasımlının hədə-qorxu gəldiyini deyib.

Daha sonra Qasımlı şahid Yusifzadəyə sual verərək, niyə ibtidai istintaqda ifadəsində telefon zənginin İstanbulda, məhkəmədə isə Antalyada baş verdiyini dediyini soruşub. O, həmçinin xatırladıb ki, Qurbanəli Yusifov öz ifadəsində həmin zəngi Bakıda qəbul etdiyini bildirib.

Yusifzadə cavabında məhkəmədə verdiyi ifadənin üstündə durduğunu, heç vaxt İstanbulda olmadığını və istintaqdakı ifadədəki uyğunsuzluğun “texniki səhv” ola biləcəyini deyib.

Növbəti prosesi noyabrın 12-nə təyin edilib.

Ana səhifəSiyasətAzər Qasımlının məhkəməsində prokuror şahidi hədələyib