Dekabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə məhkəmə prosesi keçirilib.
Toplum TV xəbər verir ki, hakim Telman Hüseynovun sədrlik etdiyi iclasda sənədlərin tədqiqi mərhələsi aparılıb.
Hakim sənədləri oxuduqca müdafiə tərəfi zərərçəkən qismində çıxış edən, A.Qasımlının ona borca görə hədə-qorxu gəldiyini iddia edən Qurbanəli Yusifova suallar ünvanlayıb.
Məlum olub ki, Q.Yusifov daxili işlər naziri Vilayət Eyvazova ünvanladığı ərizədə A.Qasımlının onu ofisdə təhdid etdiyini yazıb. A.Qasımlı zərərçəkən kimi tanınan şəxsə bu iddia ilə bağlı fiziki sübutun və ya hal şahidinin olub-olmadığını soruşub, o isə “yox” cavabı verib.
Həmçinin aydın olub ki, Q.Yusifov siyasətçinin onu Türkiyədəki mafiya vasitəsilə zəng etdirərək təhdid etdiyini də iddia edib. A.Qasımlı yenidən sübut tələb etdikdə, Yusifov istintaq materiallarında bununla bağlı ekran görüntüsünün (“skrinşot”) olduğunu deyib. Lakin proses zamanı sənədlər arasında belə bir “skrinşot” aşkar edilməyib.
Bundan başqa, müdafiə tərəfi məhkəmənin diqqətinə çatdırıb ki, Q.Yusifov daxili işlər nazirinə ünvanladığı ərizədə və ibtidai istintaqda mafiya vasitəsilə zəngin Antalyada olduğu vaxt baş verdiyini yazsa da, məhkəmədə verdiyi ifadədə zəngin Bakıda olarkən edildiyini bildirib.
Sənədlərin tədqiqi zamanı o da məlum olub ki, Q.Yusifov ərizəsində A.Qasımlının onu ofisdə təhdid edərkən yanında başqa şəxslərin olduğunu qeyd edib, lakin ibtidai istintaqa verdiyi ifadədə həmin vaxt ofisdə başqa heç kimin olmadığını deyib.
Məhkəmə prosesi dekabrın 24-də davam etdiriləcək.
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
Azər Qasımlı həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib.