Azər Qasımlı: “Məqsədim torpağı almaq yox, məhkəmədə yalanı ifşa etməkdir”

Azər Qasımlı. Foto: Meydan TV

Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlı, işi üzrə zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifovun əvvəlki ifadələrinin həqiqətə uyğun olmadığını sübut etmək üçün məhkəməyə rəsmi əmlak çıxarışları təqdim edib. Onun barəsində açılmış cinayət işi üzrə növbəti məhkəmə iclası yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Məhkəməyə hakim Telman Hüseynov sədrlik edib.

Ötən məhkəmədə Qurbanəli Yusifov adına hər hansı bir əmlak olmadığını desə də, Azər Qasımlı Dövlət Əmlak Komitəsinə 2024-cü ildə etdiyi müraciətdə əldə olunan sənədləri sübut kimi göstərib. Yusifov əmlakın üzərinə həbs qoyulmaması üçün məhkəmə ərəfəsində torpaq sahəsini anasına bağışlayıb. 

“Məqsədim onun torpaq sahəsinin əlindən alınması deyil, çünki indiki məhkəmənin predmeti bu deyil. Sadəcə mən məhkəməyə və burada oturanlara Qurbanəli Yusifovun nə qədər yalanşı olduğunu sübut etmək istəyirəm”, – deyə Azər Qasımlı çıxışında qeyd edib.

Daha sonra vəkil Aqil Layıc vəsatət qaldırıraq, 2024-cü ildə Mingəçevir Məhkəməsində keçirilən prosesin videogörüntüsünə izlənilməsini istəyib. 

“Həmin məhkəmədə Qurbanəli Yusifovun atası iştirak etmişdi və o bildirmişdi ki, Azər Qasımlıya böyük hörmətim var və biz bilirik ki, oğlumun ona borcu var. Xahiş edirik, Azər Qasımlı şikayətini geri götürsün və borcu hissə-hissə ödəməyə hazırıq. Eyni şəxs bir müddət əvvəl məhkəmədə oğluna istinadən ifadə verərək qeyd edib ki, Azər Qasımlı onu öldürməklə, nəvəsini oğurlamaqla təhdid etmişdi. Belə bir hal var idisə niyə Mingəçevir məhkəməsində bunları deməyib?”, – deyə Aqil Layıc sual verib.

Məhkəmə vəsatəti təmin etməyib və hakim bildirib ki, yetərincə ifadələr verilib. Mingəçevir Məhkəməsinin görüntülərinə baxmağa ehtiyac yoxdur.

Daha sonra vəkil Rövşanə Rəhimli məhkəməyə vəsatətlər verib. Vəkil Tehran Salmanov və Fərəhbanu Yusifovanın məhkəməyə şahid qismində dəvət olunmasını tələb edib. Tehran Salmanov Qurbanəli Yusifovla birgə hərbi xidmətdə olub. Fərəhbanu Yusifova isə Qurbanəli Yusifovun keçmiş həyat yoldaşıdır.

Vəkil bildirib ki, Qurbanəli Yusifov ifadəsində qeyd etdiyinə görə, onun evliliyinin bitməsinə səbəb Azər Qasımlının təhdidləri və zəngləri olub. Doğurdan da belə bir hadisə olubsa, bu işdə yeganə şahid ola biləcək şəxs Fərəhbanu Yusifovadır.

Tehran Salmanova gəldikdə, onun Qurbanəli Yusifovla olan yazışmaları üzə çıxıb. Qurbanəli Yusifov yazışmada bildirib ki, “hüquqi yola o, birinci əl atdı. Ona görə mən də belə elədim”.

Məhkəmə şahidlərin dindirilməsi ilə bağlı vəsatətləri təmin edib.

Növbəti məhkəmə prosesi yanvarın 21-də keçiriləcək.

Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Azər Qasımlı həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib.

Ana səhifəXəbərlərAzər Qasımlı: “Məqsədim torpağı almaq yox, məhkəmədə yalanı ifşa etməkdir”